Qolda Meir
Qolda Meir

İsrailin ilk və tək qadın Baş naziri Qolda Meir

I hissə

“Az qala hər ölkədə üzləşdikləri haqsızlıqlardan və zorakılıqlardan qurtulmaq üçün yəhudilərin öz evi – öz vətəni olmalıdır və bu yer İsrail övladlarının 2000 il əvvəl qovulduqları Sion torpağıdır”.

Bu sözlərin müəllifi, mənəvi baxımdan özünü iudaizmə aid edib dini baxımdan atesit olan, İsrailin ilk (və hələ ki, tək) qadın Baş naziri Qolda Meir (Maboviç) Kiyevdə (1898), kasıb dülgər ailəsində anadan olub. Kiçik yaşlarında ailəsilə birlikdə ABŞ-a köçüb, böyük maddi sıxıntılar içində böyüyüb. 1921-ci ildə əriylə birlikdə Fələstinə köçüb. İsrail dövləti qurulandan (1947) sonra əmək və əhalinin sosial təminatı, müdafiə və xarici işlər naziri vəzifələrində çalışıb, 1969-cu ildə Baş nazir seçilib, 1974-cü ildə istefa verərək siyasətdən gedib. Amerikanın İctimai Rəy İnstitutu “Gəllap”-ın (“Gallup”) keçirdiyi sorğuların nəticələrinə görə, 1971, 1973 və 1974-cü illərdə Amerikanın ən nüfuzlu qadını seçilib.
Qolda Meirə qədər daha 2 qadın hökumət rəhbəri vəzifəsini icra etmişdi – Sirimavo Bandaranaike (Seylon) və İndira Qandi (Hindistan). Amma onlar hakimiyyəti öz əllərində cəmləməyə çalışmış, bunun üçün bəzən hətta çox aqressiv siyasət yürütmüşdülər. Qolda isə həmişə təmsil etdiyi İsrail Əmək Partiyasının (Avoda) təmsilçisi kimi davranmış, heç vaxt şəxsən özünə tabeçilik tələb etməmiş, cəmiyyəti milli ideyalara sadiq qalmağa səsləmişdi. Bu məsələdə onun üçün sadəcə iki rəng olmuşdu – ağ və qara. Qolda inandığı dəyərləri qəbul etməyən hər kəsi həm ideoloji, həm də şəxsi düşməni saymışdı. Bütün şüurlu həyatını yəhudi dövlətinin qurulmasına və möhkəmlənməsinə həsr edən bu qadın milli kimliyi dini mənsubiyyətdən üstün hesab edirdi:

“Məsələ ancaq dini ənənələrə və təcrübəyə malik olmaqda deyil. Mənimçün yəhudi olmaq – məruz qaldığı bütün ağrı və əzablarla birlikdə 2000 il boyu öz kimliyini qoruyub saxlamış millətə aid olmaqla fəxr etmək deməkdir”.

Qoldanın valideynləri qatı dindar sayılmazdılar. Bütün yəhudi ailələrində olduğu kimi, onlar da dini ənənlərə əməl etmiş, amma övladlarını azad ruhlu böyütmüşdülər. “Dinin bizim həyatımızdakı rolu çox kiçik idi. Uşaq vaxtı allah barədə düşündüyümü və ya ona dua etdiyimi xatırlamıram. Mənə elə gəlirdi və indi də bu fikirdəyəm ki, allah yəhudiləri seçməyib, yəhudilər allahı seçiblər və tarixdə bu inqilabi seçimi edən ilk xalq bizik” – ömrünün son illərində qələmə aldığı “Mənim həyatım” kitabında Qolda belə yazacaqdı.

****
Əvvəl sionist hərəkatdakı, sonra da hökumətdəki çoxillik fəaliyyətinə görə ciddi siyasi fiqura çevrilmiş Qolda Meir heç vaxt karyera dalınca qaçmamış, hər hansı vəzifə uğrunda mübarizə aparmamışdı. O, tutduğu postlara bir qayda olaraq partiya tərəfindən təyin edilmiş və ya namizəd verilmişdi. O, feminist də deyildi. Onun haqqında “Hökumətdə yeganə kişi Qoldadır” deyiləndə bundan heç də məmnun olmamış, illər sonra ondan bu fikrə münasibətini soruşan jurnalistə belə cavab vermişdi: “Hökumətdəki kişilərdən hasınasa “Komandadakı yeganə qadın odur” deyilsə, buna münasibətiniz necə olar?”

Müasirləri onun sadə və səmimi biri olduğunu vurğulayıblar, qeyd ediblər ki, insanlara münasibətini ilk növbədə irrosional, intuitiv səviyyədə formalaşdıran Qolda aydın və anlaşılan ifadə tərziylə onlara təsir etmək bacarığına malik olub. Bir çox siyasətçilərdən fərqli olaraq “Bu suala cavab verməyəcəm” deyə xoşagəlməz mövzulardan yayınmayıb; heç bir informasiya verə bilmədiyi hallarda söhbəti fərqli yönə istiqamətləndirməyi və ya situasiyaya uyğun bir lətifəylə yekunlaşdırmağı bacarıb.

Yəhudilərin dövlət qurmaq arzusuna sərin yanaşan və hətta buna qarşı çıxan bəzi siyasətçilərin bir müddət sonra bu ideyanı dəstəkləməsi məhz Qoldanın onları inandırması sayəsində baş tutub. İsrail dövləti yaranandan sonra isə onun üçün bir nömrəli məsələ dövlətin şərəfini qorumaq olub. Bu məsələdə o, heç vaxt heç bir kompromisə getməyib.

Qolda yəhudilər kimi, zənciləri də irqi ayrı-seçkiliyin və imperialist istismarın qurbanları hesab edib. Xarici içlər naziri postunda İsrailin Afrika ölkələriylə yaxınlaşmasına, o, həm də buna görə xüsusi səy göstərib. Təhsil və kənd təsərrüfatı sahələrində bir neçə Afrika ölkəsinə böyük yardım kampaniyası məhz onun sayəsində ərsəyə gəlib. Onunla birlikdə çalışmış Yaakov Sur yazır ki, Qolda afrikalı nümayəndələri öz evinə də dəvət edir, hətta onlarla birlikdə mahnılar oxuyurmuş. Maraqlıdır ki, həmin ölkələrdəki primitiv həyat səviyyəsini Qolda müstəmləkəçi dövlətlərin günahı hesab edib, müstəqillikdən sonra da dəyişməyən yerli adət-ənənələrin cəmiyyətə mənfi təsirini geriliyin başlıca səbəbi olaraq görməyib. O, özünün və digər soydaşlarının dövlət və millət üçün göstərdiyi fədakarlığı afrikalı liderlərdən də gözləyirmiş, fərqli dünyanın adamları bu gözləntiləri doğrultmayanda çox kədərlənirmiş.

Amma Qolda üçün ən böyük siyasi xəyal qırıqlığı Fələstindəki yəhudi işçi hərəkatının lideri, İsrailin ilk Baş naziri Devid Ben-Qurionla bağlarının qopması olmuşdu. O, uzun illər boyu yəhudi xalqının lideri saydığı, az qala pərəstiş etdiyi bu şəxslə nadir hallarda razılaşmamış və hər dəfəsində də açıq söhbətdən sonra problem aradan qalxmışdı. Amma “Lavon işi” məsələsindəki fikir ayrılıqlarına görə Ben-Qurion partiyada parçalanma yaradanda Qolda onu publik olaraq kəskin tənqid etmiş, onunla əlaqəsini tamamilə kəsmişdi. Keçmiş silahdaşlar bir də çox-çox illər sonra – Revivim icmasında Qoldanın Fələstinə gəlişinin 50 illiyi qeyd olunan tədbirdə görüşmüşdülər.

Qoldanın siyasətdəki son illərinə təsadüf edən Qiyamət günü müharibəsini isə o, şəxsi faciəsi olaraq qəbul etmişdi. Misir-Suriya qüvvələrinin İsrail kəşfiyyatının təsbit edə bilmədiyi hücumuyla başlayan bu müharibə yəhudilərin tam qələbəsiylə başa çatsa da, böyük insan tələfatına səbəb olmuş və itkilərə görə məsuliyyəti öz üzərinə götürən Qolda hərbçilərin proqnozlarına inanıb hücum əmrini birinci vermədiyinə görə ömrünün sonuna qədər vicdan əzabı çəkmişdi.

****
19-cu əsrin sonlarında müxtəlif Avropa ölkələrində, demək olar ki, spontan meydana gəlmiş sionizm ideyası o dövrün bir çox yəhudi gənci kimi Qoldanı da həyəcanlandırmışdı. Bu hərəkata qoşulan bütün yəhudilər kimi, Qolda da hesab edirdi ki, “az qala hər ölkədə üzləşdikləri haqsızlıqlardan və zorakılıqlardan qurtulmaq üçün yəhudilərin öz evi – öz vətəni olmalıdır və bu yer, İsrail övladlarının 2000 il əvvəl qovulduqları Sion (O dövrdə Osmanlı imperiyasının nəzarətində olan Fələstin) torpağıdır.

İlk dəfə ictimai fəallıq nümunəsi göstərəndə Qolda 4-cü sinifdə oxuyurdu. Miluokidə (Viskonsin ştatı) ibtidai təhsil ödənişsiz olsa da, dərslikləri şagirdlər özləri almalıydılar. Qoldanın oxuduğu məktəbdə isə bir xeyli uşağın buna imkanı çatmırdı. Qolda belə şagirdlərə yardım üçün fond yaratmaq qərarına gəlir, bunun üçün rəfiqəsiylə birlikdə Gənc Bacıların Amerika Cəmiyyəti adlı təşkilat yaradır, qızlar xeyriyyə tədbiri keçirdikləri haqda elanlar hazırlayıb yaşadıqları rayonun küçələrinə yapışdırırlar və onların təəccübünə rəğmən, tədbir günü pul verib icarəyə götürdükləri məkana xeyli adam toplaşır. Qolda hər bir şagirdə kitab lazım olduğu barədə “təsirli çıxış” edir (Anasının təkidinə baxmayaraq Qolda o ilk publik çıxışını kağıza yazmır, ürəkdən, səmimi danışmaq istəyir. Bütün ictimai-siyasi fəaliyyəti boyu Qolda bu vərdişinə sadiq qalacaq, istər BMT-də və Knessetdəki, istərsə də digər tədbirlərdəki çıxışlarının heç birini kağızdan oxumayacaqdı).

Sonra Qoldanın 8 yaşlı bacısı Klara səhnəyə çıxıb idiş dilində “sosialist şeirlər” oxuyur. Tədbirin sonunda məlum olur ki, rəfiqələr gözlədiklərindən xeyli çox məbləğ toplayıblar. Bu tədbir haqqında yerli qəzet də yazır və şagirdlərin kitab problemi ictimai müzakirə predmetinə çevrilir. Qolda öz şəkli də olan məqaləni kəsib qürurla bacısı Şeynaya göndərir (Hələ Kiyevdəykən sionist gənclər təşkilatının üzvü olan və gizli yığıncaqlar üçün yoldaşlarını bəzən evə çağırıb özündən 9 yaş kiçik bacısını ideoloji müzakirələrə qulaq müsafiri edən bu qız ömrünün sonuna qədər Qolda üçün ən böyük avtoritet olaraq qalacaqdı).

Qoldanın növbəti etiraz “aksiyası” valideynlərinə qarşı olur. Qızlarının təşəbbüskarlığını bəyənən və buna görə onu tərifləyən Blyuma və Moşe Maboviçlər Qoldanın təhsilini orta və ali məktəblərdə davam etdirib müəllim olmaq planına qarşı çıxırlar. O dövrün qanunlarına görə, müəllimələr ərə gedə bilməzdilər - anasının əsas etirazı bunaydı, o istəyirdi ki, bir müddət sonra Qolda uyğun bir namizəd tapıb ona ərə getsin (Hətta altdan-altdan kəşfiyyat aparıb 35 yaşlı birini gözaltı da etmişdi). Atası bu fikri dəstəkləyir və deyirdi ki, “Çox da ağıllı olmaq lazım deyil, kişilər ağıllı qadınları sevmirlər”. Həm Qolda, həm də Şeyna şiddətlə bu plana etiraz etsələr də, xeyri olmurdu. Əslində yaxşı və çox da zəhmətkeş olan bu insanlar evləndikləri gündən bu yana o qədər çox sıxıntı çəkmişdilər və hələ də o qədər çox maddi problemləri vardı ki, orta təhsilə pul xərcləmək onlara yolverilməz və izafi bədxərclik kimi görünürdü.

Qoldanı o dönəm əriylə birlikdə Denverdə yaşayan Şeyna xilas edir. Onların da maddi vəziyyəti ağırıydı, amma buna baxmayaraq o, Qoldaya məktub yazıb bacısını yanına çağırır və 14 yaşlı Qolda valideynlərindən xəbərsiz qatara bilet alıb Denverə gedir, orda təhsil almağa başlayır. Şeynagilə keçirilən yığıncaqlarda o, sionizm, ədəbiyyat, qadınların seçki hüququ və həmkarlar ittifaqları haqqında maraqlı fikirlər eşidir (Denverdə yaşadığı dövrü Qolda sonralar həyatının ən önəmli dövrü adlandıracaq, şəxsiyyət kimi formalaşmasında o dövrün xüsusi rolunu qeyd edəcəkdi).

Bir il sonra evə qayıdan Qolda orta təhsilini başa vurub Miluoki pedoqoji kollecində (indiki Viskonsin-Miluoki Universiteti) ali təhsil alır. İşçi sionist gənclər hərəkatına qoşulub ictimai fəaliyyətə və publik çıxışlara başlayır, Fələstindən gələn qonaqları qəbul edir.
Sonrakı illərdə sionizm Qoldanın həyat amalına çevrilir, o, tədricən bu qərara gəlir ki, sionist-sosialist olaraq əsas vəzifəsi Fələstinə köçmək və gələcəkdə qurulacaq yəhudi dövlətinin sosial-iqtisadi bazasının qurulması işinə dəstək verməkdir.

****
1915-ci ildə bir çox ölkədə yəhudilərə qarşı zorakılıq və qətl hadisələri baş verir, onlara yardım üçün həm Avropada, həm də Amerikada bir neçə təşkilat yaranır. Qolda və atası həmin təşkilatlardan birinə - Xalq Yardım Komitəsinə üzv olurlar. O, ianə toplanışında fəal iştirak edir, müxtəlif şəhərlərə gedib təbliğat çıxışları edir; Komitənin nəzdində ədəbiyyat qrupu yaradıb idiş ədəbiyyatının təbliği üçün leksiyalar təşkil edir, zal üçün icarə haqqını və Çikaqodan dəvət etdiyi mühazirəçilərin qonorarını ödəyə bilmək üçün qrup üzvlərindən hər leksiya üçün 25 sent toplayır.

Qolda Birinci dünya müharibəsinin sonunda ABŞ-dakı yəhudi icmalarının yaratdığı Amerika Yəhudiləri Konqresinə seçki kampaniyasında da (1918) fəal iştirak edir, sionizm ideyasına əsaslanan Sosial-demokrat İşçi Partiyasının (və ya “Poaley Sion” – “Sionun İşçiləri”) platformasını təbliğ edir. Sinaqoqlarda çıxış etmək hüququ ancaq kişilərə verildiyi üçün giriş qapılarına yaxın yerlərə qoyduğu taxta yeşiyə qalxıb çıxışlar edir. Bir gün bundan xəbər tutan atası bərk qəzəblənir, yeşiyə dırmaşmağın gənc bir qıza yaraşmadığını deyir, gəlib onu yeşikdən düşürəcəyini və evə gətirəcəyini deyir. Amma həmin gün bu baş vermir və Qolda evə qayıdanda atasını artıq yatmış görür; anası onun ora gəldiyini, amma qızının nitqini çox bəyəndiyi üçün axıra qədər dinlədiyini və evə gəlib “Bu qızda bu qabiliyyət hardandır” deyə təəccübləndiyini bildirir (Ola bilsin, Qolda ogünkü nitqini məhz buna görə özünün “ən yaxşı çıxışı” hesab edirdi).

Həmin ərəfədə Qolda partiya üzvlərinin Miluoki yəhudi mərkəzində açdığı məktəbdə idiş dili və ədəbiyyatından dərs deməyə başlayır, uşaqlara “yəhudilər arasında ən möhkəm bağ” hesab etdiyi idiş dilini və heyranı olduğu idiş yazıçılarının əsərlərini öyrətdiyi üçün özünü xoşbəxt hiss edir. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün günün ikinci yarısında Miluoki kitabxanasında da çalışır.

Müharibədən dərhal sonra Ukrayna və Polşada baş vermiş yəhudi qırğınlarına etiraz olaraq Miluokidə keçirilən böyük etiraz aksiyasının təşkilatçılarından biri Qolda olur. O dövrdə çox az istifadə olunan bu etiraz forması ABŞ-da ciddi əks-səda doğurur. Qoldanın Fələstinə köçmək qərarı məhz o qırğınlardan sonra qətiləşir: “Həmin gün mən hiss etdim ki, qatillərə veriləcək əsl cavab Miluokidəki aksiyalar yox, Fələstin özü ola bilər. Yəhudilərin yenidən bir vətəni olmalıdır və mən bu məqsədə nitqlərlə və ya ianə toplamaqla yox, Fələstində yaşayıb işləməklə xidmət etməliyəm”.

1917-ci ilin noyabrında Britaniya hökuməti “Fələstində yəhudi xalqı üçün milli ocaq yaradılmasına” müsbət yanaşdığını və bunun həyata keçməsi üçün əlindən gələni əsigəməyəcəyini açıqlayır (Balfur deklorasiyası). Bir ay sonra Qolda Denverdə tanış olduğu Morris Meyermanla ailə qurur (Qolda onun soyadını götürür, sonrakı illərdə baş nazir Ben-Qurion bütün yəhudilərə müraciət edib soyadlarını milliləşdirməyi xahiş edəndə “Meyerson”u “Meir” olaraq yazdırır) . Vətəndaş nikahıyla və qonaq-qarasız evlənmək istəyən “sosialist gənclər” Qoldanın anasının qəti etirazı qarşısında güzəştə getməyə məcbur olurlar – nikah kəsmək üçün ravvin ( həm də tanınmış elm adamı) Şeynfeld dəvət edilir, Qoldanın anası dini ənənələrə görə başqa yerdə heç nə yeməyən bu adamın onun piroqunun dadına baxmasından o qədər mütəəssir olur ki, ömrünün axırına qədər bu haqda qürurla danışır. Anası üçün həmin günün necə vacib olduğunu və öz inadkarlığıyla onu bu sevincdən az qala məhrum edə biləcəyini Qolda sonralar dərk edir.

****
Qolda ərə gedəndən sonra da ictimai fəailiyyətini dayandırmır. Partiya qəzetinə ianələr toplamaq üçün tez-tez başqa şəhərlərə gedir, tədbirlər təşkil edir, 1918-ci ilin qışında Amerika Yəhudi Konqresinin Avropa yəhudilərinin hüquqlarını müdafiə proqramı hazırlamaq üçün (Versal sülh konfransına təqdim etmək məqsədilə) keçirilən ilk sessiyasına nümayəndə seçilir.
İki il sonra Fələstində yəhudilərə qarşı hücumlar baş verir, çoxu ölkəyə təzə gələnlər olmaqla, 40 nəfərdən çox adam öldürülür. Amma bu,

Qoldanı Fələstinə köçmək fikrindən daşındırmır. 1921-ci ildə Qolda, əri, rəfiqəsi, bacısı və onun uşaqları “İsrail oğullarının vətəninə” yola düşürlər. Həmin günü Qolda sonra belə xatırlayacaqdı: “Vağzaldaydıq, valideynlərimlə sağollaşıb onları öpdüm. Onlara elə yazığım gəlirdi ki... Xüsusilə atama - hər cür ağrıya dözümlü olan bu güclü adam dayanmadan ağlayırdı, göz yaşları yanaqlarını tamam islatmışdı”. Amma Qolda Fələstinə həm də ABŞ-dakı həyatından qazandığı inamla gedirdi – “həqiqi demokratiyanın hər bir individuma tanıdığı imkanların və azadlığın əhəmiyyətini dərk edərək”.

Tez-tez xarab olan nasaz gəmidə uzun və təhlükəli yolçuluqdan sonra Qolda və yoldaşları, nəhayət ki, Fələstinə çatırlar. İlk dövrdə üzləşdikləri saysız-hesabsız çətinliklərə, pulsuzluğa və şəraitsizliyə baxmayaraq Qolda özünü xoşbəxt hiss edirdi, çünki orda “bütün yəhudilər öz talelərinin qurbanı yox, sahibi olacaqlarına, başqalarının minnətini götürmədən tamhüquqlu vətəndaşlar kimi yaşayacaqlarına inanırdılar”.
Haşiyə: Birinci dünya müharibəsindən sonra yaradılan (1919) Millətlər Liqası Böyük Britaniyaya Fələstini idarəetmə mandatı vermiş və beləliklə, Balfur deklarasiyasının icrasına yaşıl işıq yandırılmışdı. Sionist hərəkatının nümayəndələri isə hələ əsrin əvvəlində (1901) Fələstində torpaq alıb təsərrüfatlar qurmaq məqsədilə Milli Yəhudi Fondu yaratmış, Avropadakı bütün yəhudilər pul yığmağa başlamışdılar. 1904-cü ildən etibarən həm bu fondun, həm də digər təşkilatların və ayrı-ayrı şəxslərin başlatdığı alqı-satqı prosesi fasiləsiz olaraq davam etmiş, bundan yerli əhali də faydalanmış, xeyli sayda ərəb torpaq satıb varlanmışdı. 1947-ci ildə yəhudilərə məxsus torpaqların yarıdan çoxu təkcə Milli Yəhudi Fondu tərəfindən – “evlərdəki mavi daxıllardan çıxan pullar hesabına” satın alınmışdı. Müharibədən sonra Fələstinə gedənlərin çoxu o torpaqlardakı icmalarda işləməyə başlayırdılar. Şəxsi təsərrüfat sahiblərindən fərqli olaraq, icma üzvləri ərəblərin muzdlu xidmətlərindən istifadə etmir, ən çətinləri də daxil, bütün işləri özləri görürdülər. Qolda onları “siyasi radikallar” adlandırırdı: “O adamların çoxu imkanlı ailələrdən gəlmişdilər. Onları ancaq sionizm maraqlandırsaydı, Fələstində bir necə apelsin plantasiyası alıb orda ərəbləri işlətmələri kifayət edərdi – bu, qat-qat asan başa gələrdi. Amma onlar siyasi radikalıydılar, şəxsi əməyin yəhudiləri azad edəcəyinə inanırdılar, düşünürdülər ki, yəhudilər ancaq əmək sayəsində getto və onun mentalitetindən qurtulacaqlar və Fələstin torpağına iddia etmək üçün təkcə tarixi yox, mənəvi haqqı da əmək sayəsində qazanacaqlar”.

Bir müddət Tel-Əvivdə qaldıqdan sonra Qolda əri Morrislə birlikdə Merxaviya icmasına yollanıb təsərrüfatçılıqla məşğul olmağa başlayır, bir neçə həftə kənd təsərrüfatı məktəbinə gedib quşçuluğun incəliklərini öyrənir. Çox keçmir ki, onun ciddi səyləri nəticəsində icmada xeyli sayda toyuq və qaz yetişir, əməlli-başlı yumurta bolluğu yaranır. Hətta bir müddət sonra başqa icmaların nümayəndələri Qoldanın təcrübəsini öyrənməyə gəlirlər.

1922-ci ildə onu icmaların qurultayına nümayəndə seçirlər. Onda bütün Fələstində cəmi 3-4 icma vardı, üstəlik, ölkədə ciddi səviyyədə antiyəhudi çıxışları baş verirdi, 83 min nəfərlik yəhudi əhalinin (ölkə əhalisinin 11%-i) statusu hələ də qeyri-müəyyən olaraq qalırdı - qurultay nümayəndələri icmaların maksimal tərkibini, bu tərkibə üzv qəbul etmə qaydalarını, icmalardakı uşaq bağçalarına valideynlərin gündə neçə dəfə baş çəkməli olduqlarını, icmaların gələcək perspektivlərini, gələcəkdə yarana biləcək problemlərin həlli yollarını və icma həyatının nəzəri aspektlərini bu mühitdə müzakirə edirdilər. Kənardan reallıq hissini itirmiş kimi görünən bu adamlarda böyük bir entuziazm vardı, onlar ideal bir cəmiyyətin əsasını qoyduqlarına inanırdılar. Bu “möhtəşəm eksperimentdə” iştirak etdiyi üçün Qolda həyatından çox məmnunuydu.
Amma günlərin birində o, seçim etməli oldu – ya icma, ya da Morris.

(ardı var)