Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 100 il öncə təsis edilib

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Bayraq himn və gerblə birlikdə Azərbaycan Respublikasının rəsmi simvollarından biridir.

Üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 9 noyabr 1918-ci ildə təsdiq edilib.

Bayraqğdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.

Azərbaycan bayrağı 7 dekabr 1918-ci ildə Şərqdə ilk demokratik, dünyəvi dövlət olan AXC parlamentinin açılışı zamanı qaldırılıb. Parlamentin birinci iclasını açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə üçrəngli milli bayrağa xitabən deyib: “Bir kərə yükləsən bayraq, bir daha enməz!”

1920-ci ilin aprel işğalından sonra müstəqilliyin digər atributları kimi üçrəngli bayrağı da sovet simvolları əvəzləyib.

1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı yenidən təsdiq edib.

Konstitusiyanın 23-cü maddəsində Dövlət Bayrağı təsvir edilir:

"Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir”.