Müşfiq qətli hələ də məmurlara rahatlıq vermir

Son günlər 1937-ci il repressiyalarının qurbanlarından biri Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin basdırıldığı yerin aşkar edilməsi, sümüklərinin tapılması bu mövzuda müzakirələrin aktivləşməsinə səbəb olub. “Turan” agentliyi bununla bağlı, agentliyin redaktoru Şahin Hacıyevin mövqeyini əks etdirən yazı dərc edib.

Həmin müəllif yazısını təqdim edirik:

Stalin repressiyaları dövründə məşhur şair Mikayıl Müşfiqin güllələndiyi və dəfn edildiyi ehtimal olunan qəbrin qazılması ilə bağlı son günlər baş verən hadisələr ölkə ictimaiyyətini narahat edib. Bu mövzu ilə bağlı ajiotaj onunla izah oluna bilərdi ki, hakimiyyət indiyədək populyar olmayan repressiya qurbanları mövzusunun gündəliyə çıxarılmasına etiraz etmir. Amma məmurların ilk reaksiyası bunun belə olmadığını göstərdi. Aydın oldu ki, hakimiyyət bu mövzuda mürəkkəb və səmimi söhbəti istəmir və ya buna hazır deyil.

İndiyədək Azərbaycanda repressiyalar mövzusu yalnız Mircəfər Bağırovun şəxsində rejimin ünvanına və burada ermənilərin iştirakı ilə bağlı ittihamlarla məhdudlaşırdı (Azərbaycan DİN-in keçmiş rəhbərliyi nəzərdə tutulur).

Amma indiyədək bizdə o ağır illərin arxiv materialları, hətta Bağırov və respublikanın bir qrup keçmiş rəhbərinin işi üzrə məhkəmənin materialları belə məxfilik bəhanəsiilə dərc edilməyib (!).

Ölkəmizdə rəsmi olaraq qürur duyulmalı olanlara qarşı qəribə münasibət
formalaşıb.

Məsələn, bu il Azərbaycan Xalq Cümhuriyyətinin - hakimiyyətimizin xoşladığı kimi desək, Şərqdə ilk demokratik ölkənin 100 illiyi geniş şəkildə qeyd edilirdi. Bəs niyə Şərqdə bu ilk respublikanın banisinin qəbri indiiyədək Türkiyədədir, niyə Rəsulzadənin cəsədi qaytarılmayıb və öz doğma vətənində təntənəli şəkildə dəfn edilməyib? Niyə hökumətin qərarı olmasına baxmayaraq, Bakının mərkəzində hələ də onun abidəsi qoyulmayıb? Bəs niyə ölkənin hər yerində Rəsulzadənin adı yığışdırılır, azsaylı abidələrinə sayğısızlıq göstərilir?

Müşfiqə və digər repressiya qurbanlarına qarşı “sevgi” də belədir. Deyə bilərlər ki, belə deyil, ölkədə Müşfiqin və digər repressiya qurbanlarının abidələri var. Amma təəssürat yaranır ki, bu abidələr və evlərin divarlarına vurulan xatirə lövhələri bir növ günah yumaqdır. Yəni bu mövzunu birdəfəlik bağlamaq və ya sovet hakimiyyətinin görkəmli ziyalıları necə məhv etməsini unutdurmaqdır. Çünki belə müzakirələr hakimiyyətin avtoritarlığı və bunun bir daha təkrar olunmaması üçün suallar yaradacaq.
Azərbaycan, yəqin ki, Stalin repressiyalarının abidəsi olmayan yeganə ölkədir. Paytaxtımızda və ya istənilən başqa bir yerdə bu repressiyaların rəmzi yoxdur ki, insanlar oraya gül qoysun, repressiyaya məruz qalmış 27 min Azərbaycan vətəndaşını yad etsin. Niyə?

Bəlkə ona görə ki, insanların bir-birindən xəbərçilik etdiyi, qohumlarından və yaxınlarından imtina etdiyi, eyni ailənin üzvlərinin bir-birinə qarşı ifadələr verməyə məcbur edildiyi o dövrün sirlərinin üstünü açmaq lazım gələcək? (bu, sizə nəyisə xatırlatmır ki?)
Bəlkə repressiya qurbanlarının güllələndiyi yerlərin qazıntısı indiyədək bilmədiyimiz çox şeyi üzə çıxaracaq? Bəlkə kimsə qurbanlar üçün abidə ucaltmaq istəyəcək və hakimiyyətdən narazı insanların toplaşdığı yerə çevriləcək?

Çox şey ola bilər, yaxşısı budur, bu mövzu heç qaldırılmasın, Müşfiqin isə “sevgi” ilə təhqir edilmiş və alçaldılmış sümükləri qardaşlıq məzarında qalarkən, onun kitablarını dərc edərək, onun unudulmadığı təkrar edilsin.

Qardaşlıq məzarının qazıntıları ilə bağlı məsələnin sırf hüquqi aspekti var. Bu, faktiki olaraq eksqumasiyadır, bunun keçirilməsi üçün məhkəmə və ya prokurorluğun müvafiq qərarı lazımdır. Bu təşəbbüsün müəllifini yalnız belə bir qərarın olmamasında ittiham etmək olar, amma vətəndaş mövqeyi və həqiqəti ortaya çıxarmaq cəhdi tərifə layiqdir.

Özünü mədəniyyət naziri adlandıran şəxsin Müşfiq mövzusunun bağlandığı barədə mövqeyi tamamilə qəbuledilməzdir. Yalnız bəsit məmur, yuxarıya baxmağa və hakimiyyətə boyun əyməyə öyrəşmiş keçmiş komsomolçu belə düşünə bilər. Ölkə vətəndaşı belə danışmamalıdır.

Burada Müşfiqin abidəsinin ucaldılması ilə bağlı vəziyyət yada düşür. Bu sətirlərin müəllifi məşhur Azərbaycan memarı Münəvvər Rzayevanın həmin abidəni yaratmasının şahidi olub.

Ötən əsrin 70-ci illərində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin İdeologiya şöbəsinin əməkdaşlarından ibarət olan incəsənət şuralarının mövcud olduğu dövrdə onun üzvləri paytaxtın mərkəzində Müşfiqin abidəsinin quraşdırılmasına razılıq vermirdilər. Bundan başqa, onlar abidənin ölçülərinə də etiraz edirdilər. “Bu, keçmiş xalq düşmənidir, ona belə böyük abidə qoymaq olmaz”, deyə həmin vaxt partiya MK-nin nümayəndəsi iddia edirdi.

Həmin illərdə müəllif Müşfiqin keçmiş xalq düşməni deyil, ölkəmizin fəxri olduğunu sübut etmək üçün çox güc və əsəb sərf etməli oldu.

Güclü təzyiqə, aylarla davam edən mübahisələrə baxmayaraq, Münəvvər xanım təslim olmadı, abidəni kiçiltməyə və gözdən uzaq yerdə gizlətməyə imkan vermədi.
Əminəm ki, həmin illərdə mədəniyyət naziri hazırki şəxs olsaydı, Münəvvər xanım buna müvəffəq ola bilməzdi.

Yəqin ki, aşağıdakı sətirləri yazarkən Müşfiqin ürəyinə də nəsə danmışdı və bundan sonra repressiyaya məruz qaldı:

Mən bir yüksəlişin sevdasındayam,
Siniflər döyüşü dünyasındayam.
İnsanı, zəhməti qiymətləndirən
Yaxşı adamların sırasındayam.
Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.