Azad Həsənov
Azad Həsənov

Azad Həsənovun xanımı: İmanlı adam idi, narkotiklə şərlədilər

“Onunla qürur duyuram”

“Necə başqa siyasi məhbuslar, eləcə də Azad. Bir maddə tapıb qoymalıydılar üstünə. Belə bir maddə yoxdur, axı: «Bu adam haqsızlığa qarşıdır». Bu adam həyatında siqaret çəkməyib. İmanlıdır...”

Bugünlərdə onkoloji xəstə olan atasına baş çəkmək məqsədilə mühacir həyatı yaşadığı Litvadan Azərbaycana qayıdan və bu zaman narkotik ittihamı ilə saxlanaraq haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilən müsavatçı Azad Həsənovun həyat yoldaşı Təranə Həsənova Azadlıq Radiosuna belə deyib.

Həyat yoldaşı deyir ki, 5 yaşlı oğlu hər gün atasını soruşur: «Cavab verirəm ki, baba xəstələnib, Azərbaycana gedib, baban sağalsın qayıdacaq. Deyir: «Gəl dədəmə zəng edək». Deyirəm ki, telefonu burda qoyub. Sevinir, «Dədə getdi, telefonu mənə qaldı»,- deyir. Uşaqdır, nə başa düşür...».

Təranə Həsənova deyir ki, 2015-ci ildə Azadın anası rəhmətə gedib, ancaq mühacirətdə olduğundan yasa gedə bilməyiblər. Atasının komada olması xəbəri isə onu saxlaya bilməyib:

“Azad o qədər vətənini, millətini sevən, qorxunun, təhlükənin üstünə yeriyən adamdır, mərd adamdır. Təhlükənin üstünə bilə-bilə getdi”.

Siyasi fəaliyyətinə görə getməmişik

“Biz oradan təhlükədən qaçmışdıq. 80 faiz tutulacağını bilirdim. 20 faiz ümidim vardı ki, tutmayacaqlar. Azad 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. Həmişə mitinqlərdə, aksiyalarda öndə olub. Həmişə haqsızlığa qarşı çıxış edib, seçkilərdə müşahidəçi olub. Amma siyasi fəaliyyətinə görə getməmişik. Məktəb direktoru pul yığmışdı, deyəsən, Azad ona görə aksiya təşkil etmişdi. Aksiya da çox böyük olmuşdu. Ondan sonra Azadı apardılar, incitməyə başladılar. Məcbur qalıb qaçdıq oradan”,- Təranə Həsənova deyir.

Xanımı deyir ki, Azad Həsənov aeroportdan çox rahat keçib. Oradan da atasının yanına gəlib. Atası ilə günortaya kimi oturub:

“Gecə atasının telefonundan zəng də vurdu ki, çox normal keçdim, hər şey qaydasındadır. Hətta mən buna dedim: «Sən bəxtəvərsən, vətənindəsən». Kaş bu sözü deməzdim ona... O gecə səhərə kimi qardaşları ilə oturub söhbət ediblər, səhər bir yerdə yemək yeyiblər, qonşular gəlib, görüşüblər. Günorta məscidə gedib. Gözdən əlil müəllimi vardı, ədəbiyyat müəllimi, onu görmək arzusunda idi. Onunla da məsciddə görüşüb. Orda namaz qılıb. Məsciddən çıxanda «Hyundai» markalı maşın saxlayıb, mülkigeyimli 5-6 şəxs aparıb onu”.

Atasına Azadın həbs olunduğunu deməyəcəyik

“Atası komaya düşür, ayılır. Elə bilir ki, Azadı yuxuda görüb. Onkoloji xəstədir, şəkərdir, ayağını amputasiya ediblər. Hal-hazırda özündə deyil. Elə bilir, yuxuda görüb Azadı. Bəlkə də belə bilməsi yaxşıdır. Ona Azadın həbs olunduğunu deməyəcəyik, amma yenə də belə düşünməyi, Azadı yuxuda gördüyünü düşünməsi daha yaxşıdır. Allah ona da şəfa versin. Özünün durumu onsuz da pisdir, bəlkə 5 gün yaşayar, amma balasının həbsini bilsə, bu dəqiqə canını tapşırar. Ona görə bilməsə yaxşıdır”,- müsavatçının xanımı deyir.

İcra başçısı Azadla düşməndir

Təranə xanımın sözlərinə görə, Həsənovlar ailəsinə indi təzyiqlər var:

“Hövsan balaca kənddir. Polis bölməsi yaxınlıqdadır. İmanlı insanların məscidə rahat gedib- gəlməsinə icazə vermirlər. İcra başçısı da Azadın düşmənidir. Təzyiqlər var. Azərbaycandır da, nə deyim...”

“Vəkilin dediyinə görə, özünün əhval-ruhiyyəsi pis deyil, yaxşıdır. Psixoloji basqı var deyəsən, amma özü heç nə deməyib. Heç nə bilmirəm. Özüm Litvadayam. Əlim çatsa, gedib oturardım Kürdəxanı təcridxanasının qabağında... Apelyasiya şikayəti veriləcək. Ona verilən saxta ittihamdır. Xəbər gələn ilk birinci-ikinci gün düşünürdüm ki, dünya uçub altında qalmışam. Amma indi baxıram ki, dünya dağılmayıb, o bir pəhləvandır, təhlükənin üstünə tək-tənha gedən qəhrəman. Əksinə, onunla qürur duyuram. Yaxşı edib gedib”, - Təranə xanım vurğulayır.

Təkbaşına aksiya keçirdim

Xanımının sözlərinə görə, hazırda Litvada oğlu ilə tək qalıb:

“Azad həm müəllimim idi, həm atam idi, həm də anam. Burda universitetdə oxuyuram, tələbəyəm. Məni universitetə o hazırlaşdırdı. Özü Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdi, ancaq kartof satırdı. Hakimiyyət onun işləməsinə imkan vermədi. Burda da çörək zavodunda işləyirdi. İndi orda hakimiyyətin əlindədir. Hələlik, onu itirmişəm... Heç nədən də narahat deyiləm. Nə olacaqsa, olsun.

Oktyabrın 16-da Azərbaycan səfirliyinin qarşısına çıxıb tək-tənha aksiya keçirdim. Heç kimə demədən getdim etirazımı bildirdim. Burda müsavatçı azərbaycanlı uşaqlar var, heç onlara da demədim. 5 gündür həyat yoldaşımdan xəbər yoxdur, ondan xəbər vermələrini istəyirdim. Ona görə orda sinirləndim, səsim batdı”.

Ancaq səfirlikdən Təranə Həsənovaya cavab verilməyib.

“İstədiyim odur ki, beynəlxalq təşkilatlar nə lazımdı etsinlər, kimin əlindən nə gəlir əsirgəməsin. Əlimdən nə gəlir? Bütün təşkilatlara yazmışam, Litva mətbuatı işıqlandırıb. Litva Azərbaycanla əməkdaşlıq edir, diplomatları orda yeyib-içməkdə... Bəlkə 20 yerə məktub göndərmişəm, email-lərimə cavab verilməyib, ona görə oğlum məktəbdə olduğu müddətdə 5-6 yerə gedib bir-bir ərizələri vermişəm, qeydiyyatdan keçirmişəm. Deyirəm, bəlkə onda baxarlar. Hələ də cavab yoxdur... Ümidimi itirmirəm. Azad orda tək deyil. Tək olsaydı, bəlkə də dözməzdim. Orda Qiyas var, Bayram var, Əfqan var...”

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.