İlqar Məmmədov: Mənim borcum çağırışı edib, qabaqda getməkdir

ReAL Partiyasının sədri İlqar Məmmədov artıq 2 aydır azadlıqdadır. 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə həbs olunan İlqar Məmmədov bu il, avqustun 13-də iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılıb.

İlqar Məmmədovla müsahibənin 2 ay sonra baş tutması müxtəlif səbəblərlə bağlıdır. Ona görə də suallar bir çox aspekti əhatə edir...

- İlqar bəy, 2009-cu ildə Azadliq Radiosuna müsahibənizdə “Nə çatmır?” sualına “Vaxt və bir də hövsələ çatmır!” deyə cavab vermişdiniz. 5,5 il tarix üçün kiçik rəqəm olsa da, insan həyatında az zaman sayılmır və hövsələli olmaq da asan deyil. Bu müddətdən sonra həmin sualın cavabı dəyişibmi?

- Bəzən biz bəzi sözləri deyirik, onları insanlar daha yaxşı xatırlayırlar, nəinki özümüz. Ola bilər hansısa məqamda hövsələ mənim üçün ən vacib xüsusiyyət olduğundan onu dilə gətirmişəm. Amma prinsip etibarı ilə çox hövsələli adamam, hazırda bunun çatışmazlığı yoxdur, kifayət qədər hövsələliyəm. Hövsələ olmasaydı, həbsə davam gətirə bilməzdik. Ancaq mən mətbuat konfransında dedim ki, gəlin həbs səhifəsini bağlayaq. Artıq həbs məsələsini arxada qoyduq, heç kim onun təkrarlanmasını istəmir. Təkrarlanarsa, əlbəttə, uyğun cavablar. Biz artıq irəliyə baxırıq.

Sizinlə Qərb diplomatları, hüquq müdafiəçiləri görüşürdü, sayını itirdiyimiz qədər Avropa Məhkəməsinin, Nazirlər Kabinetinin azadlığa buraxılmağınızla bağlı qərarları vardı. Bəs niyə azadlığınıza nail olmaq mümkün deyildi?

- Çünki Azərbaycan Avropa Məhkəməsinin qərarını icra etməkdən imtina edirdi. Buna görə də Avropa Məhkəməsində Azərbaycana qarşı iş açıblar. Azərbaycan hökuməti mənimlə bağlı qərarı yerinə yetirmədiyi üçün ölkəyə qarşı iş açıblar. Yəni ölkəni indiki vəziyyətə gətiriblər. Tarixdə Avropa Şurasının Nazirlər Komitəsi ilk dəfə üzv ölkəyə qarşı iş açdı və bu iş məhkəmədədir. Lazım idimi dövləti bu mərhələyə çatdırmaq?!

“Burda heç kim xaricilərə arxalanmır”

-  Avropa Məhkəməsinin icraatında problem var idi, yoxsa Qərbin siyasətçiləri sizin vasitənizlə hökumətlə siyasi alverə gedirdi?

- İndiyə qədər siyasi səbəbə görə həbs olunan şəxsin buraxılmaması halı olmayıb, söhbət 18-ci maddədən gedir. Hansısa qərarlar icra olunmur, ancaq insanlar həbsdən buraxılır və öz hüquqlarını müdafiə edə bilir. Amma sən insanı siyasi səbəbə görə həbs et, sonra da buraxmayacağını bəyan elə. Tarixdə belə şey olmayıb.

- Bununla belə həbsdə olanda “Qərb məni satdı”, “Avropa Parlamenti təslim oldu, mən isə təslim olmayacağam!” söyləyən İlqar Məmmədov  həbsdən çıxandan sonra “Mən inanıram. Qərbin səmimi olduğuna da inanıram. Tərəqqimizi, inkişafamızı istəyən qüvvələr Qərbdə daha çoxdur, nəinki ancaq maddi maraq güdənlər”,- deyə bildirdi.  Avqustun 13-ə qədər Qərb fərqliydimi?

- Qərbdə həmişə düz  və əyri adamlar olub. Birincilər bizim, ikincilər hakimiyyətin dostudur.

- Təsnifata bölürsünüzmü, kimlərdir?

- Əlbəttə, hamısı üzdədir. Avropa Şurası Parlament Assambleyasının qətnamələri çıxdı, qurumdan neçə nəfər kənarlaşdırıldı, hətta bəzilərinə 10 il binaya girmək qadağan olundu. Hələ siyahı genişlənəcək.

- Ümumiyyətlə, siyasətçi Qərbə, yaxud Şərqə, hansısa güc mərkəzlərinə güvənərək hərəkət etməlidirmi?

- Xeyr, ancaq daxili gücə etibar etməlidir. Sizin sualınıza münasibət bildirmək istəyirəm.

Mən Avropa Şurasında Avropa Konvensiyası çərçivəsində özümə müdafiə axtaranda əslində Azərbaycanın daxili qanunvericiliyini əsas götürmüşəm. Çünki Azərbaycanın daxili qanunvericiliyinə əsasən Avropa İnsan Haqları Konvensiyası ölkənin qanunvericiliyinin tərkib hissəsidir. Avropa Məhkəməsinin qərarlarının icrası Azərbaycan üçün məcburidir. Avropa Şurası Nazirlər Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsinə aid nə varsa, Azərbaycan üçün xarici məsələ deyil, qanunlarımızda və Konstitusiyada təsbit olunmuş daxili məsələdir. Burda heç kim xaricilərə arxalanmır. Azərbaycan qanunvericiliyinə əsasən Konvensiyanın üstünlüyünü nəzərə alaraq yerli qanunlar çərçivəsində hüquqlarımı müdafiə edib qalib gəlmişəm.

Hakimlərdən soruşuram; vacibdir sənə haram çörək yeyəsən ?

- Siz mətbuat konfransında haqqınızda hökm çıxaran, qüvvədə saxlayan 19 hakimin cəzalandırılmasının vacibliyini vurğulayıb və bu məsələdə sona qədər gedəcəyinizi söylədiniz. Ancaq ReAL təsis olunandan şəxslərə yox, sistemə qarşı olduğunu deyib, “problem sistemdədir” deyə dəfələrlə bildirib. Hakimlər də sistemin vintlərindən biridirsə, niyə məhz onları hədəf seçmisiniz? 

-  Hakimlər haqqın, ədalətin sonuncu səngəridir.

Azərbaycanda da?

- Əslində Azərbaycanda da olmalıdır və onların sayı azdır, amma onlar oxumuş təbəqədir, bilirlər nə edirlər. At mantiyanı, sındır qələmini, at dövlətin üstünə, de ki, mən belə qərar qəbul etmirəm. Hakimlərdən soruşuram; vacibdir sənə haram çörək yeyəsən?

- Onları da sistem bu vəziyyətə gətirməyibmi?

-  Sistem bəhanə deyil. 300-500 hakimsiniz, çıxarın mantiyanı, atın hökumətin başına və deyin ki, haram çörəyi yemirəm. Vacibdir? Prokuror, polis nə istəyir yazsın, siz hakimsiniz, sonuncu səngərsiz, ədalət sizin əlinizdədir, çıxın tətilə və deyin ki, bu işi görmürük. 300 hakim tətilə çıxsın.

Azərbaycanda bu mümkündürmü?

- Mümkün deyil, onda qanun çərçivəsində cəzalarını alacaqlar. Yenə də deyirəm, hər insanın öz məsuliyyət dərəcəsi var. Adi bir məktəb müəlliməsi, 200 manat maaş alır, ictimai məsuliyyəti üzərinə götürməyib, sistem onu zorla seçkini saxtalaşdırmağa məcbur edir. Bu adam yazıqdır.

- Hakimləri də müəllimlər yetişdirmirmi?

-  Xeyr, hakimlər ali təhsilli, özü də çox yüksək təhsil almış insanlardır və üzərlərində böyük ictimai vəzifəni daşımağa and içirlər. Yazıq müəllimlə hakim arasında yerlə göy qədər fərq var, həm say, həm ictimai məsuliyyət, həm də təhsil və təcrübə baxımından.

- Ancaq ölkədə müəllimlərin sayı da az deyil…

- Hakimlərin cəmiyyətdə götürdüyü rol var, onlar deyir ki, mən o dərəcədə məsul, mənəvi, əxlaqi yerində olan adamam ki, gedib hakimlik edəcəm. Müəllim deyir ki, bir şey bilirəm, gedib paylaşacam. Hakim isə deyir yox, mən hakiməm, əxlaqlı, mənəviyyatlı, cəmiyyətin naminə qanuni qələbə çalacam. Bu, başqa məsuliyyətdir. Belə məsuliyyəti ya üzərinə götürmə, ya da qanun çərçivəsində qərarlar ver.

Sistem 25 il bu cür hakimlər yetişdirib, az zaman deyil. Yenə gəlirik sistemə…

- Başa düşdüm. Amma son nəticədə sən insansan, o məsuliyyəti götürürsən. Zorla hakim etmirlər ki?! Səni hakim etməyə nə iqtisadi, nə siyasi səbəb var. Özün deyirsən ki, mən yetişmişəm, gedib xalqın mənafeyi üçün ədalətli, əxlaqlı qərarlar verəcəm.

- Bəlkə yaxşı maaş cəlb edir?

-  Yox, orda yaxşı maaş vermirlər.

- İqtisadi məqamlar olur də.

-  O, başqa məsələdir.

“Rahat otura bilmədi, 4 il yarımdan sonra erkən prezident seçkiləri təyin etməyə məcbur oldu”

İlham Əliyevin qarşıdakı 7 ildə hakimiyyətdə rahat otura bilməyəcəyini söyləmisiniz. Fikrinizin reallaşması üçün zəmin varmı və hansı arqumentlərlə dediyinizi təsdiqləyə bilərsiniz?

-  Mən 2013-cü ildə həbs olunanda yəqin ölkə başçısının strateqləri, yardımçıları düşünürdülər ki, gəlin, onun məsələsini bağlayaq, çünki seçkilərdə mane olacaq. Ondan sonra 5 il rahat oturarıq. Otura bilmədi, 4 il yarımdan sonra erkən prezident seçkiləri təyin etməyə məcbur oldu. İndi heç bir təminat yoxdur ki, Əliyev 7 il öz vəzifəsində oturacaq. Çünki 4 il yarım məsələsi Azərbaycan iqtisadiyyatının çökməsindən, insanların daha çox müxalif mövqeyə yönəlməsindən, beynəlxalq vəziyyətin dəyişməsindən, o cümlədən, ReAL Partiyasının nüfuz qazanmasından yarandı. Sadaladığım amillər 2013-cü ildə yox idi, bəlkə də az idi, onların inkişaf perspektivləri vardı. Yenə təkrar edirəm, məni həbs edəndə, bir çoxu düşündü ki, 5 il rahat oturacaq. Otura bilmədilər, qarşıdakı 7 ildə çox şey ola bilər - həm iqtisadi, həm geosiyasi, həm də daxili siyasi baxımdan. Düşünürəm, şanslar kifayət qədər yüksəkdir ki, İlham Əliyev 7 ildə böyük çətinlikdə öz vəzifəsində otursun.

Oxşar açıqlamanı 1998-ci il prezident seçkilərinin ardınca ilk etiraz mitinqində sizin vaxtilə üzv olduğunuz Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov da demişdi: “Heydər Əliyev 6 aydan artıq hakimiyyətdə qala bilməyəcək. Amma H.Əliyev ondan sonra 5 il hakimiyyətdə qaldı və sonra da oğlunu hakimiyyətə gətirdi.

- Mən burda peyğəmbərlik etmirəm. Sadəcə, faktı göstərdim ki, insan məni həbs etdi, amma vəzifəsində 5 il otura bilmədi. Fakt odur ki, seçkini vaxtında keçirə bilmədi, nədənsə ehtiyat etdi.

- Ancaq biz bu məsələnin detallarını bilmirik.

-  Niyə bilmirsiniz? Göz qabağındadır.

Necə sübut edə bilərsiniz ki, İlham Əliyev hakimiyyəti itirəcəyindən qorxduğu üçün erkən seçkiyə getdi?

- Seçkilər vaxtında keçirilsəydi, avqustda mənim Şəki rayonunda məhkəməm gedərkən namizəd olacaqdım. Çünki təqsirləndirilən şəxsin namizəd olmaq ixtiyarı var.

- Bəs o qədər imzanı toplaya biləcəkdinizmi?

-  Çox rahatlıqla toplayacaqdıq. 2013-cü ildən fərqli olaraq, çox rahatlıqla.

-  Xatırlayııram ki, 2013 və 2015-ci il seçkilərində partiyadaşlarınız imzatoplama kampaniyalarında hansı çətinliklərlə üzləşiblər.

- Bəzi şeyləri xatırladım. 2013-cü ildə neçə gün yanıma notariusu buraxmadılar, seçki kampaniyası neçə həftə gedirdi, amma mən hələ başlamamışdım. Ancaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu uyğun etirazlarını bildirəndən sonra, nəhayət, imza vərəqələrini mənə verdilər, hamıdan bəlkə ən sonda. Cəmi 9 gün qalmışdı. Mən həbsdə, hazırlıq olmadan bir həftə vaxt verdilər. Əgər o zaman bütün imzaları yığdıqsa, bu dəfə də edərik. Sadəcə, imzaları rədd etdilər, bu, artıq başqa məsələdir.

-  Bu məsələnin üzərində qalmağı ona görə vacib sayıram ki, 26 avqustda, həbsdən çıxandan 13 gün sonra “Facebook"da “Seçkidə hamı mənə səs versin, birgə mübarizədə bu səsləri qoruyub qələbə qazanaq, sonra millətimizin adından Merkellə də görüşərəm", - yazmısınız. Azərbaycanın son 25 illik tarixində oxşar bəyanatlar olub; 1998-ci ildə AMİP "Etibarlı gələcək Etibarla gələcək", 2003-cü ildə "Bizim Azərbaycan" Bloku "Siz "Qələbə"yə gəlin, sizi Qələbəyə o aparacaq", - deyə millətə çağırış edirdi. Ancaq nəticələr məlumdur. Siz də hədəfə çevirdiyiniz ənənəvi müxalifətin yolun getmirsinizmi?

- Baxın, dövləti təmsil edək, xalq kiminlə istəyir, gedək görüşüm.

- Elə həmin fikirləri sizdən əvvəl Etibar Məmmədov da, İsa Qəmbər də deyirdi...

-  İndi siz istəyirsiz ki, şifahi, yaddaşınıza əsaslanaraq hansısa nəticələrə gəlim? Mən elə şeyləri xatırlamıram.

- Həmin liderlərin seçki kampaniyalarında dediklərini xatırlamırsınız?

- Hazırda bəlkə də görsəm, nəyisə xatırlayaram. Elə bilirsiz sizin xatirinizdə əks olunmuş hər hansı sözlər xalqın xatirəsidir? Elə deyil. Hər kəsin xatirəsi ayrı-ayrıdır.

Yəni özünüzün də 1998-ci ildə üzv olduğunuz AMİP-in seçki şüarını xatırlamırsınız?

- 20 il əvvəl olub. Bu illərdə müxtəlif siyasi təşkilatlar 20 milyon bəyanatlar verib, indi mən onların hamısını xatırlamalıyammı?

 

“Mən səslərimiz qoruyacam”

-  Bu, bir partiyanın seçki şüarıdır, siz də insanları seçkilərə çağırırsınız...

- Bizim borcumuz insanları seçkilərə çağırmaq, vətəndaşın da borcu seçkiyə getməkdir. Əgər bir insan özünü vətəndaş sayırsa. Bəs biz insanları hara çağırmalıyıq? Bu, normal prosedur çağırışdır. Mənə izah edin, siyasətçi insanı hara çağırır?

Səslərini qorumağa...

-  Bəli.

Siz səslərinizi qoruyacaqsınızmı?

-  Bəli.

Necə? Məzahir Pənahovun barajını necə aşacaqsınız?

- Çalışacağıq. Bacaracağıq, deməli, bacaracağıq. Bacarmayacağıq, deməli, bacarmayacağıq.

Mexanizm nədir? Onu göstərin...

-  İnsanlar mənə inanacaq və çıxıb səslərini qoruyacaq. İnanmayacaqlarsa, çıxmayacaqlar. Mexanizm budur, inamdır, başqa heç nə.

Və yenidən Azərbaycan cəmiyyəti təkrarolunan təkrarsızlığa düşməyəcəkmi?

-   Niyə siz qara-qara düşünürsünüz?

- Ona görə ki, 1998-ci ildə Etibar Məmmədov, 2003-cü ildə İsa Qəmbər belə deyirdi.

-  O, Etibar Məmmədovdur, İsa Qəmbərdir, bu, İlqardır.

- İnanacaqmı insanlar?

-  Onu insanlar biləcək, mən bilmirəm, onlardan soruşun. Bəlkə insanlar deyəcək ki, filan səbəbə görə ya inanmadıq, ya düşünmədik, bir az çəkindik, amma bu dəfə həm inanırıq, amma həm də çəkinirik. Siz onları hardan bilə bilərsiniz, niyə qara düşünürsünüz?

Söhbət qara düşünmək deyil, siyasətçi olaraq Məzahir Pənahovun seçki barajını necə aşacağınızı öyrənmək istəyirəm...

-  Siyasətçinin borcu vətəndaşları inandırmaq, seçkiyə çağırmaq, seçki saxtakarlaşdırılırsa, mübarizəyə çağırmaq və səslərin qorunmasıdır. Doğrudurmu? Siyasətçi insanları çağırmaz ki, gedib silah götürün, vuruşun.

 

“Əgər insanlar mənə inanacaq və səslərimizi qoruyacaqsa...”

Bəs cəmiyyət sizin çağırışınıza çıxacaqmı?

- Mənim borcum çağırışı edib, qabaqda getməkdir, başqa heç bir şey. İnsanlar mənə inanacaqlarsa, gedəcəklər, inanmayacaqlarsa, getməyəcəklər, məsələ bu qədər bəsitdir. Əgər insanlar mənə inanacaq və səslərimizi qoruyacaqsa, Azərbaycanda Cümhuriyyət dəyərləri bərqərar olacaq. Azərbaycanda yeni siyasi səhifə açılacaq, insanların həyatı tamamilə dəyişəcək.

İnsanlar çağırışınıza çıxmasa, kimi ittiham edəcəksiniz?

- İttiham söhbəti deyil, insanlar çıxmırsa, mənə səs vermirsə, deməli, mən nəyisə düz etmirəm.

- Partiyadaşlarınız Erkin Qədirli, Natiq Cəfərli də müxalifətə yeni dil üslubu, stil gətirdiklərini deyirlər. Məsələn, Erkin bəy deyir ki, mübarizə sözünü siyasi leksiondan çıxartmaq lazımdır. Mübarizə sözünü siyasi leksiondan çıxartmaq lazımdırmı?

- Xeyr.

-  O zaman Erkin bəyin başqa bir açıqlamasına gələk. O deyir ki, İlqarla aralarında ziddiyyət yoxdur: “Biz komanda oynunu qurmuşuq, fərqli cinahlarda oynayırıq, amma eyni qapıya qol vururuq”. Doğrudan belədir, ReAL rəhbərliyində bu məsələ qərarlaşıb?

-  Var elə bir şey.

- Onda belə sual yaranır; məsələn, mən ReAL Partiyasının sədri İlqar Məmmədovun Ukrayna separataçılarının lideri Zaxarçenkonun öldürülməsini doğru saymaması ilə bağlı bu gün yazdığı fikirləri dəstəkləyirəm. Amma Erkin Qədirlinin “separatçıların liderini öldürmək lazımdır” fikrinə qarşı çıxıram, buna görə o da məni gerizəkalı adlandırır. Bu mənada niyə təhqir olunuram?

-  Baxın, bu, Zaxarçenko nümunəsi deyil, siz onu necə görürsünüz?

Separatçıdır.

-  Olsun. O, nə edib, xəbəriniz var? O, Minsk Sazişinə imza atıb. Ukrayna dövlət rəhbərliyinin, Avropa nümayəndələrinin, Rusiyanın, Belarusun da olduğu sazişdir. O, silahı bir kənara qoyub siyasətlə məşğul olan adam idi. Hə vaxtsa silahlı idi, mübarizə aparırdı. Mən Zaxarçenkonu müdafiə etmirəm.

- Bilirəm ki, müdafiə etmirsiniz...

- Onun fikirlərindən də zəhləm gedir, mövqeyindən də acığım gəlir.

- Mənim sualım başqa istiqamətlidir.

- Mənim fikrim odur ki, siyasətçilər bir-birinin öldürülməsini bayram etməməlidirlər.

- Hansı siyasətçilər?

-  İstər Azərbaycanda, yaxud Ukraynada, Rusiyada olsun.

Azərbaycanda kim bayram etmişdi?

-   Siz özünüz bilirsiniz.

Əli Kərimli, yoxsa İsa Qəmbər?

-  Siz özünüz bilirsiniz.

-  Axı siz “siyasətçilər” dediniz.

-  Baxın, prinsip etibarı ilə siyasətçi də bayram edir, adi insan da. Hətta ona nifrət edilsə belə, siyasətçinin öldürülməsini heç kim bayram etməməlidir, o da insandır. Mən Nemtsovu şəxsən tanıyırdım, o, öldürüləndə həbsxanada az qala ağlayırdım. Onun baxışları mənə yaxın idi.

“Həbsdən əvvəl nə demişəm, yaxşı fikirlərdir, doğrudur”

İlqar bəy, bu məsələlər aydındı...

-  Mən prinsipdən danışıram. Siyasətçilər bir-biri ilə rəqabət

apara bilər, amma sonra partlat və sevin ki...

- Bişkek protokoluna da erməni separatçıları imza atmışdı, amma Erkin bəy onları zəhərləməkdən danışır.

- Bişkek protokolu birbaşa separatçılar tərəfindən imzalanmayıb, onu biləsiniz. Orda prosedur başqaydı, Azərbaycan tərəfi vasitəçilərlə sənədi imzaladı, Qarabağ separatçıları ayrıca imzaladılar.

- İmza var idi də...

-  Azərbaycan dövləti Qarabağ separatçılarını tərəf kimi tanımayıb, aydındırmı?! Ona görə Minsk sazişindən bir qədər fərqliydi. Dərinə getməyin mənası nədir? Söhbət ondan gedir ki, siyasətçilər də insandır, hər hansı siyasətçinin öldürülməsini heç kim bayram etməmılidir.

- Onu bilmək istəyirəm, ReAL komandasında Erkin bəyin dediyi kimi “Biz komanda oynunu qurmuşuq, fərqli cinahlarda oynayırıq, amma eyni qapıya qol vururuq” fikri razılaşıbmı?

- Konkret olaraq yox, prinsip etibarı ilə mümkün fikir ayrılıqlarının ümumi çərçivəsi razılaşdırılır. Konkret hər hansı mövzu ilə bağlı razılaşma aparılmır. Yəni prinsip etirabı ilə xeyli məsələlərdə fərqli mövqedən çıxış edə bilərik. Bu fərqli çıxışlar bizim ümumin xeyrimizədir, nəinki ziyanımıza.

- Bunu cəmiyyətə bu qədər açıq deməyə ehtiyac vardımı?

-  Çox gözəldir. ABŞ Demokrat Partiyasının neçə qanadı var. Almaniyada bir az intizam var, amma orda başqa seçki sistemidir. İngiltərədə Leyboristlər və Mühafizəkarlar partiyalarının neçə qanadı var.

- Amma bu fikirlərin əleyhinə çıxanları da içiboş, gerizəkalı adlandırmağın da əhəmiyyəti yoxdur.

-  Mən o fikri konkret görməmişəm və dəyərləndirmək borcunda da deyiləm. Bilirsiniz, müxtəlif fikirlər deyilə bilər. Ona görə boş yerdən dava axtarmağa çalışmayaq.

İlqar bəy, həbsdən əvvəl verdiyiniz sərt açıqlamaların üzərində qalırsınızmı?

- Hamısının üstündə qalıram. Nə demişəmsə, yaxşı fikirlərdir, doğrudur.

-  Məsələn, 18 yanvar 2013-cü ildə “Facebook”da yazmısınız: Heydər Əliyevə pərəstişə qarşı bir satirik şəkil asıblar. Dünən bir FB səhifəsində, onu az qala 500 nəfər like edib. Elə şəkildir ki, onu burda paylaşa bilmərəm, sırf özümə aid etik qaydalara görə. Amma bu 500 nəfər like edən məni bərk düşündürdü. Çünki əvvəllər bunu təsəvvür etmək dı mümkün deyildi, dövlət, doğrudan da, tam laxlayıb. Xalq qorxunu sürətlə itirir, nümunəvi cəzaların da xeyri yoxdur - daha da silkələyir sistemi. İlham Əliyev, belə getsə, səni də asacaqlar, hətta məni sənə “heydərçi” kimi qoşacaqlar. Məni e, heydərpərəstliyə “stalinizmin hıçqırtısı” deyəni. İlqar bəy, 5 il ötüb, Əliyev də hakimiyyətdədir, siz yenə də inanırsınız ki, onu asacaqlar?

-  Siz niyə obrazlı ifadələri, bir növ ədəbi oxşatmaları siyasi mövqe kimi təqdim etmək istəyirsiniz? 

İlqar bəy siz siyasətçisiniz.

-  Siyasətçilər obrazlı ifadələri çox istifadə edirlər. Bəzən vəziyyət lap gərgin olanda bir az daha gərgin ifadələrdən istifadə edirlər. Hər məqamın xüsusiyyətini ifadə etdirən bir vəziyyət idi. Bu, bilirsiniz nə vaxt idi? Bir ildə orduda 87 nəfər gənc öldürülmüşdü, 2012-ci ildə. 2013-cü ilin yanvarında da buna qarşı böyük etirazlar oldu. Həmin mühitdə deyilmiş ifadələrdir. Minlərlə gənc küçəyə çıxıb, çünki acıqlıdırlar. Səbəb nə idi? Orduda durduqları yerdə 100-ə yaxın çağırışçı ölmüşdü. İnsanlar da acıqlı şəkildə küçəyə çıxdılar, şəhərin mərkəzini silkələdilər, ondan sonra nə oldu? Orduda ölümlərin sayı azaldı.

Və Səfər Əbiyev istefaya göndərildi...

- Bəli. Bütün etirazçıları həbs etdilər. Amma nəticə etibarı ilə Azərbaycan əsgər ölümlərinin sayı azaldı, azalmadı?

- Amma əsgər ölümləri davam etdi.

-  Azaldı. Bax, insanlar meydana çıxdı, əziyyəti çəkdi. Bununla belə, daha az sayda ana qorxur ki, göz yaşları tökəcək. O gərgin şəraitdə, hansında ki, günahsız əsgərlərini korrupsiyalaşmış ordu sistemindən qorumaqdan ötrü küçəyə çıxdıq, onda çox şey deyilə bilərdi və haqqına deyilə bilərdi. Bu, o demək deyil ki, siz onu istifadə edəsiniz.

- Bu statusu yazanda həmin gərgin mühitdən bir ildən çox keçmişdi, xəbəriniz varmı?

-  Bəli.

- Yazmısınız ki, insanlar sürətlə qorxularını itirir...

-  Bəli. Siz demədiniz ki, 2013-cü ilin yanvarı?

- Bir ildən çox vaxt keçib. Əsas hadisələr 2011-ci ildə oldu.

- İnsanları küçəyə çıxardan 12 yanvar idi. 2013-cü ilin 12 yanvarında minlərlə insan çıxdı və dedi ki, bizim əsgərlər niyə öldürülür?

- Nəticədə Səfər Əbiyev istefaya göndərildi, sonra nə oldu?

-  Azdır?

- Nəsə dəyişdimi?

-  Bəli. İndi ölümlərin sayı yenə həmin səviyyədədirmi?

- Yenə davam edir...

-  Baxın, davam etsə də, azdır. Mahiyyət dəyişdi, müəyyən məsuliyyət yarandı və biz bunun yaranması üçün öz həyatmızdan nə qədər vaxtı həbsxanada keçirdik. NİDA-çılar nə qədər əziyyət çəkdi, İlkin Rüstəmzadə indi də həbsdədir. Onun kimilərin əziyyəti nəticəsində orduda ölənlərin sayı azaldı.

-  Ancaq siz mətbuat konfransında ölkədə vəziyyətin daha da pisləşdiyini dediniz, iqtisadi, siyasi və s.

- Ölkədə vəziyyət iqtisadi baxımdan pisləşsə də, bizim mübarizəmizin nəticəsində orduda öldürülən günahsız uşaqların sayı azaldı.

“Azərbaycanın nüfuzu hazırda uğurlu hərbi əməliyyatlar aparmağa imkan vermir”

Siz 2016-cı ilin hərbi əməliyyatlarını doğru sayırsınızmı?

- Bu, bir az daha geniş məsələdir. Doğru, yanlış məsələsi deyil.

Lazım idimi aprel əməliyyatı?

- Xeyr, o dərəcədə bəsit deyil. Azərbaycan o dərəcədə uğurlu hərbi əməliyyatlar apara bilər ki, dövlətin dünyada nüfuzu həmin əməliyyatların aparılması üçün kifayət etsin. Azərbaycanın nüfuzu hazırda uğurlu hərbi əməliyyatlar aparmağa -  hansına ki, dünya ictimaiyyəti “yaxşı edirsiniz” deyəcək, -  imkan vermir. 2016-cı il hadisələri də qismən bunu təsdiqlədi. Əməliyyatlarda həlak olan Azərbaycan hərbşilərinin hamısı qəhrəmandır. Bununla belə, bu hadisələr göstərdi ki, Azərbaycanın siyasi nüfuzu, imici hələ yetərli deyil.

- Həbsdə ola-ola təşkilatın partiyaya keçidinə üstünlük verdiniz. Bu qərar həbsdən əvvəl ideya şəklində vardımı?

-  Bəli, prinsip etibarı ilə vardı.

Amma partiyalaşma birmənalı qarşılanmadı və istefa verənlər oldu...

- İstefa vermədilər. Siz niyə istefa deyirsiniz?! Kim istefa verdi?

- İqtisadçı Rövşən Ağayev.

-  O, istefa vermədi.

Mən onun “Facebook”da istefa açıqlamasını oxumuşam.

- O istefa deyildi.

- Rövşən Ağayev yazırdı ki, ReAL-dan istefa verib.

-  Onlar terminoloji ifadələrdir. Biz onunla razılaşmışdıq. Yaxşı, adını istefa qoysanız da, bu, düzgün terminoloji ifadə deyil.

- Özü belə yazıb.

-  Baxın, o, ReAL Hərəkatının İdarə Heyətinə gələndə anlaşdıq ki, partiyaya çevriləndə çəkiləcək.

Sadəcə, mən onun bəyanatı əsasında bu məsələnin üstündə israr edirəm...

-  Mən onu görməmişəm, oxumamışam. Hər halda özü də bilirdi ki, ReAL partiyaya çevriləndə kənarda dayanacaq. Onun kimi intellektualı tapmaq bizim üçün fəxrdir. Rövşən Ağayev ReAL-ın təşkilat kimi ortaya çıxmasına böyük töhfə verib. İndi də öz fəaliyyəti, ideya generasiyasi ilə bizə çox böyük töhfələr verir.

İH-nin üzvlərindən biri mənə demişdi ki, partiyalaşmağa hələ hazır deyilik və buna zaman lazımdır. Və sizə bununla bağlı məktub yazıb tezislərini bildiriblər, siz isə “bunları kim sifariş verib” deyə cavab vermisiniz...

- Məncə, bu, uydurmadır. Mən belə şey xatırlamıram.

 

“Mitinqləri elə təşkil etmək lazımdır ki, o, bunları deyə bilməsin”

İlqar bəy, mətbuat konfransında “mitinqlər lazımı məqamda keçiriləcək, yəni xalqa fayda, rejimə zərər versin”, - dediniz. Ümumiyyətlə, son 3-4 ildə aksiyaların əksəriyyətini Milli Şura keçirib. Bir neçə mitinqi də Müsavat Partiyası. Sonuncu, 28 mayda ReAL Partiyasının təşkil etdiyi yürüş-mitinqdən başqa kütləvi tədbir olmayıb. Konkret hansıları nəzərdə tutursunuz? Hansı aksiyalar hökumətə sərf edib?

- Mənim danışığıma diqqətlə qulaq asdınızmı?

- Mən mətbuat konfransında olmuşam.

-  Ay çox sağ ol. Son 20 ildə elə mitinqlər olub ki, onları İlham Əliyev hakimiyyəti göstərib, öz mənafeyi üçün istifadə edib, mən belə demişəm. Mən indi 20 ilin hesabatını verməliyəm?

- İlqar bəy, İlham Əliyev xaricilərlə görüşdə deyir ki, Azərbaycanda mətbuat azaddır, insanlar sosial şəbəkələrdə istədiyini yazır. Amma Fuad Qəhrəmanlı statusuna görə həbsdədir. Yaxud İlham Əliyev azad iqtisadiyyatdan danışır, ancaq həbsdə olan sahibkarlar var. Bunu necə izah edərdiniz?

- Onu mən izah etməliyəm, yoxsa İlham Əliyev? Onu İlham Əliyev izah etməlidir.

O deyir ki, mitinqlər keçirilir, sərbəst toplaşmaq azadlığı var...

-  Gedib ondan soruşun...

Siz ondan misal gətirirsiniz.

- Ondan soruşun və deyin ki, niyə bu sözü demisən.

Bizim sual vermək imkanımız yoxdur.

- İmkanınız yoxdursa, məndən niyə soruşursunuz? O, düz demirsə, deməli, ondan yapışmaq lazımdır.

- Onda mitinqlərlə bağlı dedikləri düzdürmü?

Hansı söz?

- Məsələn, deyirsiniz ki, İlham Əliyev xaricilərlə görüşdə müxalifətin mitinqlərini misal gətirib sərbəst toplaşma azadlığının olduğunu söyləyir. Düz deyirmi?

- Xeyr, deyil.

- Bəs o zaman niyə müxalifətin aksiyalarının hakimiyyətə xeyir verdiyini deyirsiniz?

-  Xeyir deyəndə nəyi nəzərdə tutursunuz?

- Mən onu sizə sual verirəm.

- Mən də sizə sual verirəm, xeyir deyəndə nəyi nəzərdə tutursunuz? İlham Əliyev son 20 ildə hansısa mitinqlərə işarə edibsə və deyibsə ki, onlar Azərbaycanda söz azadlığının bir nümunəsidir. Düzdürmü? Deyib də bu sözü. Düz deməyib, doğru deyil. Və belə vəziyyətləri yaratmaqdan vaz keçmək lazımdır.

- Necə etmək lazımdır?

- Mitinqləri elə təşkil etmək lazımdır ki, o, bunları deyə bilməsin.

Məsələn?

- Məsələni görərsiniz də. 28 mayda birini gördünüz.

 

 “Peşəkar jurnalistin işi hər ifadəyə vedrə bağlamaq deyil, üzr istəyirəm”

Mətbuat konfransında həbsdə işgəncələrə məruz qalmağınız barədə “bu haqda danışmaq istəmirəm. Baxacam hökumətin mənə qarşı davranışlarına. Əgər münasibətləri eyni cür davam edəcəksə, bu haqda danışacam”, - deyə söyləmişdiniz. 3 il boyunca işgəncə veriblər, niyə danışmırsız və bu bəyanat hökuməti şantaj deyilmi?

- Mənə qarşı ilk 3 ildə həddən artıq çoxlu təzyiqlər, ədalətsizliklər, o cümlədən, fərdi hədəfə götürən tədbirlər həyata keçirilmişdi. Bunlar haqqında yerli, beynəlxalq insan haqları təşkilatları və qismən Azərbaycan ictimaiyyəti məlumatlıdır. Belə məsələləri dövlətlə ünsiyyətdə peşəkar insan haqları müdafiəçiləri ilə həll etmək daha düzgündür. Mən əslində hər şeyi danışmışam, yüzlərlə insan var ki, mənim həbsdə hansı haqsızlıqlara məruz qaldığımı detalına, hətta zamanına qədər bilir. İctimaiyyətə onun danışılmasının nə faydası var? İnsanları qorxutmaq... Bilirsiniz necədir, mən öz nümunəmdə heç kəsi qorxutmaq istəmirəm.

- Amma deyirsiniz ki, baxacam hökumətin mənə qarşı davranışına...

-  O mənada yox, mən onsuz da danışmışam. Üstünə bir də qayıdacam, başqa formada qayıdacam. Danışmışam, hamı bilir. Hökumət məni şantaj edib indiyə qədər. Mənə qarşı saxta ittiham irəli sürüb, siyasi səbəbə görə həbsə atıb, pis rəftar edib, mən onlara dəfələrlə dedim, o cümlədən mətbuat konfransında bildirdim ki, mənim şantaj dilində daha danışmasınlar.

- Siz həbsdə olanda prezident üsul-idarəsi gücləndirildi və vitse-prezident institutu yaradıldı. Siz və partiyanız respublikaçı, cümhuriyyətçi dəyərlərin daşıyıcısı olduğunuz halda Natiq Cəfərli İlham Əliyevin 17 fevral 2017-ci il sərəncamına “niyə də yox” deyərək, münasibət bildirmişdi. Siz də Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasına bu cür reaksiya verərdiniz?

- Natiq Cəfərlinin açıqlamasını niyə iki sözlə ifadə etdiniz?

- O sözü deyib də...

- Yox, yox. Bu, konkret jurnalist saxtakarlığıdır.

Hansı saxtakarlıq?

-  Tanınmış Rusiya dissidenti, deyəsən Plexanov demişdi...

- Leninin müəllimi...

- Bəli, o vaxt Rusiyada çar rejimi, kilsə var idi, Plexanov deyirdi ki, “İncil”dən bir cümləni kontekstdən çıxarılmış şəkildə deyin, mən sizə sübut edərəm ki, müqəddəs kitab, ümumiyyətlə, inqilabi ədəbiyyatdır. Bilirsiniz, siz də Natiq Cəfərlinin geniş və əhatəli şərhindən iki sözü çıxardıb onun boynuna hansısa ittiham asırsınız.

- İttiham deyil, sitat gətirirəm...

- Xeyr, sizin Natiq Cəfərliyə qarşı elədiyiniz başqa cür yozula bilməz. İkinci, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi kimi Azərbaycanın beynəlxalq imicinə zərbə vuran addımlar, ümumiyyətlə, azdır. Çox böyük zərbə vurub. Siz özünüz görmüsünüz, həm lağa qoyurlar, həm zarafat edirlər, karikaturalar da çəkirlər. Yəni bir dövlət başçısı öz xanımını özünün müavini təyin edir. Hətta Türkiyə jurnalistləri ilə münasibətlər korlandı. Halbuki Azərbaycana ən yaxın dövlətdir. Bu, olduqca mənfi hal kimi qəbul edildi.

Bəs onda niyə də yox...?

- Siz onda gedin Natiq Cəfərlinin yazdığını tam oxuyun. Ondan sonra düşünün ki, o, nə demək istəyir. Təbii ki, mən başqa cür deyərdim.

Nə deyərdiniz?

- İndicə dediyimi.

- Çox sağ olun, Erkin bəy demiş, o zaman bizim tələsən yerimiz yoxdur.

-  Siz hər sözə niyə belə yanaşırsız?

- Bəs jurnalistin işi odur də

- Peşəkar jurnalistin işi hər ifadəyə vedrə bağlamaq deyil, üzr istəyirəm.

- Vedrə bağlamırıq.

-  Xeyr, vedrə bağlayırsınız.