Heydər Əliyev, Arzu və Leyla Əliyevalar
Heydər Əliyev, Arzu və Leyla Əliyevalar Fotoqraf: Vüqar Əmrullayev

Əliyev və Heydərovların Dubaydakı əmlak imperiyası

Azərbaycanın hakim elitası üçün özəl bank “Pilatus”

İki ən güclü məmurun, Prezident İlham Əliyevin və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun övladları Avropada və Orta Şərqdə dəbdəbəli mülklərə, biznesə və yüksək səviyyəli otellərə investisiya yatırmaq üçün onlarla ofşor şirkətdən istifadə ediblər.

Onların sirləri Maltanın müştərilərinin pullarını yuduğu üçün araşdırılan və mübahisələrə səbəb olan özəl bankı “Pilatus Bank”ın sənədlərində gizlədilib. Bu əməliyyatlardan xəbərdar olan, lakin qisasdan qorxduqları üçün kimlikləri açıqlanmayan üç mənbənin verdiyi məlumata görə, şəbəkə mənfəət əldə etmək və yeni investisiyalara milyonlarla dollar sərf etmək üçün bankdakı hesablarından istifadə ediblər. Onların açıqlamaları jurnalistlərin əldə etdiyi sənədlərlə təsdiqlənib.

Daha öncə gizli saxlanılan aktivlər arasında Azərbaycanın ən böyük holdinqlərindən biri, beşulduzlu otel və Dubayda üçdən artıq digər dəbdəbəli mülklər, fransız çini qablar və yataq örtüləri fabrikləri, İspaniyanın cənubunda villa və Gürcüstanda yerləşən otel daxildir.

Yenicə aşkarlanan holdinqlər Əliyev ailəsinin və onun müttəfiqlərinin Azərbaycanda hakimiyyətdə olmalarından necə mənfəət əldə etdiklərini ortaya qoyur. Əliyevlər Sovet İttifaqından ayrılaraq müstəqillik əldə edildikdən bəri neftlə zəngin Qafqaz ölkəsini idarə edirlər. İnsan haqları qrupları və digər müstəqil müşahidəçilər qeyri-demokratik rejimi səlahiyyətlərindən müntəzəm olaraq sui-istifadə etməkdə, o cümlədən jurnalistləri və müxalifət liderlərini həbs etməkdə ittiham edir.

Maltalı jurnalist Dafne Karuana Qalizia ölmədən öncə Azərbaycanın hakim ailəsi və onların “Pilatus” hesabları barədə məlumatlar yaymağa başlamışdı. O, ötən il oktyabr ayında avtomobilində bomba partladılaraq öldürüldü.

Bu araşdırma Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP), “The Guardian”, “Reuters”, “Le Monde” və “Nyu York Times” kimi 18 xəbər təşkilatının əməkdaşlığının nəticəsidir. Fransanın “Qadağan olunmuş hekayələr” layihəsi çərçivəsində yürüdülən Dafne layihəsi maltalı jurnalistin işini davam etdirmək məqsədilə yaradılıb.

Üç mənbənin dediyinə görə, Azərbaycan prezidentinin qızları Leyla və Arzu Əliyeva bankın ən böyük müştəriləri və bir sıra qeyri-şəffaf ofşor şirkətinin əsas sahibləridir.

Eyni mənbələrə görə, şəbəkədəki digər şirkətlər fövqəladə hallar nazirinin övladları Tale və Nicat Heydərova məxsus idi.

Kəmaləddin Heydərov birinci ailə ilə sıx əlaqəsi olan, uzun müddətdir vəzifədə qalan azərbaycanlı məmurdur. 2010-cu ildə sızdırılmış ABŞ-a məxsus diplomatik sənədlərdə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində olduğu müddətdə onun "böyük sərvət" qazandığı deyilir. Sənəddə deyilir:

"Hətta Azərbaycan standartlarına görə belə, bu cür korrupsiya ilə məşğul olan qurum”.

Ailənin digər azərbaycanlı ailələrə nisbətən daha çox biznes sahibi olduğu deyilir. Bəlkə də buna görə Heydərov ölkədə "fövqəlnazir" kimi tanınır.

Heydərov qardaşlarının vəkilləri belə qeyd ediblər: "Müştərilərimiz tamamilə qanuni bizneslə məşğul olan və Maltada yerləşən “Pilatus Bank”ında hesabları olan şirkətlərin əsas sahibləridir". Onlar həmçinin etibarlı mənbə olmamasını səbəb göstərərək, diplomatik sənədlərdə ailə haqqında deyilənləri təkzib ediblər.

Əliyevin qızları şərh üçün müraciətimizə cavab verməyib.

“Pilatus Bank” və onun azərbaycanlı müştəriləri haqqında ilk ictimai açıqlamalar bankın keçmiş əməkdaşı olan Mariya Efimovadan gəlib.

2017-ci ilin əvvəlində - rusiyalı Efimova bankdan işdən çıxarıldıqdan təxminən bir il sonra Karuana Qalizia onunla tanış olub. O zamanlar Efimova maaşını ödəmədikləri üçün “Pilatus”u məhkəməyə vermişdi və bank buna cavab olaraq Efimovanın pul vəsaitlərini mənimsədiyi iddiası ilə onu polisə şikayət etmişdi.

O jurnalistə bildirib ki, Əliyevin böyük qızı Leyla Dubayda qeydiyyatda olan “Sahra FZCO” şirkətinin “Pilatus Bank” hesabından Maltanın Baş naziri Josef Muskadın həyat yoldaşına məxsus ofşor şirkətinə 1 milyon avrodan artıq pul köçürüb.

Palma adası
Palma adası Fotoqraf: Alamy

Yayımlandıqdan dərhal sonra hekayə böyük bir korrupsiya qalmaqalına çevrilib. Yerli bir televiziya kanalı bankın sahibi Əli Sadr və onun risk meneceri Antoniella Qaucinin gecəyarısı binadan çıxdığını göstərib. Əli Sadr sənəd dolu çantaları daşıyırmış.

Bir neçə saatdan sonra, gecə saat 4-də Malta Beynəlxalq Hava Limanından naməlum xüsusi təyyarə göyə qalxıb, Bakıda fasilə verib və daha sonra Dubaya yola düşüb.

Maltanın Baş naziri Karuana Qalizianın reportajını qətiyyətlə rədd edib. Lakin üç gündən sonra jurnalist bankın əsas müştərisinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun olması ilə bağlı yeni xəbəri gündəmə gətirib.

Karuana Qalizia altı ay keçmədən öldürüldü. Qətlindən sonra öz həyatı üçün qorxduğunu deyən Efimova ölkəni tərk etdi. O, “Pilatus”un ona qarşı etdiyi ittihamlarla əlaqədar Yunanıstanda həbs olundu, lakin tezliklə məhkəmə onun Maltaya ekstradisiya olunmaması ilə bağlı qərar çıxardı.

Əliyevanın Muskatın arvadına pul göndərməsinin səbəbi aydın deyil. Baş nazir Bakıya bir sıra kiçik səfərlər edib. O, burada xarici liderlərlə görüş zamanı nəzərdə tutulan normal qaydalara riayət etmədən prezident İlham Əliyevlə görüşürdü. O, həmçinin Azərbaycanda keçirilən saxta seçkiləri ictimai şəkildə tərifləyirdi.

Baxmayaraq ki, OCCRP və tərəfdaşları Karuana Qalizianın bank əməliyyatları barədə yaydığı hesabatları təsdiqləyəcək hər hansı sübut tapmadı və Efimova iddia etdiyi kimi əsas sənədləri təqdim etmədi. Lakin onun bankın Azərbaycan Prezidentinin qızları da daxil olmaqla, hakim elitaya xidmət etməsi ilə bağlı yaydığı iddia öz təsdiqini tapdı.
Əlbəttə, Malta hökuməti “Pilatus Bank”ın şübhəli əməliyyatlarını nəzərdən keçirirdi.

Ölkənin Maliyyə Kəşfiyyatı Təhlil Bölməsi tərəfindən hazırlanan hesabatda məlum olur ki, bankın 150 müştərisinin əksəriyyəti Azərbaycanda siyasi təsirə məruz qalmış şirkətlər və ya insanlardı.

Bankın fəaliyyətinin çox hissəsi şübhəli idi. Məsələn, bank siyasi proseslərdə iştirak edən müştərilərindən "sərvətilərinin mənbəyi ilə bağlı kifayət qədər sübut" toplamadı. Hesabatda deyilir ki, bankda pul köçürmə əməliyyatlarının çoxu aşkar kommersiya mənfəəti olmadan bir hesabdan digərinə köçürülüb.

Ötən ayın əvvəlində bankın iranlı sahibi Seyid Əli Sədr Haşeminecad pulların yuyulması və sanksiyalardan yayınma ilə bağlı ittiham edilib.
O, həbs olunduqdan sonra Maltanın bank tənzimləyicisi bütün bank hesablarını, o cümlədən müştərilərin adına olan bank hesablarını dondurub.

Dubayda multimilyonluq holdiqlər

Lakin Əliyevlərin Dubay holdinqləri bununla bitmir.

“Sahara FZCO” şirkəti Cumeyra adalarında 16 villaya sahibdir. 30 milyon dollar dəyərindəki villalar göllər, su hövzəsi və yaşıllıqlarla əhatə olunmuş kiçik bir süni adada yerləşir. Hər birinin öz üzgüçülük hovuzu və bağçası var.

Leyla və Arzu Əliyeva və onların qardaşı Heydər Dubay Palm Cumeyrada 100 milyon dollar dəyərində 17 lüks əmlakın sahibi kimi siyahıda öz yerini tutub.

Palm Fronds mülkləri Dubayda Arzu və Leyla Əliyeva ilə eyni poçt qutusundan istifadə edən İlhamə Əliyevanın adınadır. Bu dəbdəbəli mülk təxminən 6 milyon dollar dəyərindədir.
Ailənin Dubaydakı mülkləri nə zaman satın alması və ya pulun haradan gəlməsi aydın deyil. Lakin üç mənbənin dediyinə görə, ailə Dubaydakı aktivlərinin gəlirlərini toplamaq üçün Maltadakı bank hesablarından istifadə edirdi.

Əvvəlki OCCRP araşdırması nəticəsində Əliyev ailəsinin Bakıda dəbdəbəli mehmanxanalara və xaricdə 100 milyon dollardan çox dəyərdə daşınmaz əmlaka sahib olduğu aşkarlanıb.
OCCRP tərəfindən əldə edilən Dubaydakı mülklərin 2014-2016-cı illərdəki məlumat bazasında göstərilir ki, fövqəladə hallar nazirinin övladları Nicat və Tale Heydərovlar da Dubay Palm Cumeyra adasında 33 milyon dollar dəyərində 9 dəbdəbəli mülkə sahibdirlər.

Gilan Holdinq
Gilan Holdinq

Gilan Holdinq

“Sahra FZCO” Dubayda əmlakdan daha qiymətli bir şeyə sahibdir. Üç mənbənin dediyinə görə, o, Azərbaycanda tekstil və qida sənayesi, kənd təsərrüfatı, tikinti, inşaat materiallarının istehsalı, bankçılıq, sığorta, nəqliyyat, turizm və peşəkar idman sahəsində böyük aktivləri olan, Azərbaycanın ən böyük holdiqlərindən biri – “Gilan Holdinq”də böyük paya sahibdir.

Əliyevin qızlarının “Gilan”dakı payı heç vaxt açıqlanmayıb. Ailənin telekommunikasiya, mədənçilik, bankçılıq, mehmanxana və tikinti sahələrində məlum olan sərvəti göstərir ki, onlar ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarət edirlər.

“Gilan Holdinq”in mülkiyyət strukturuna dair mövcud yeganə sənəd şirkətin 2005-ci ildə yaradıldığını və onun Heydərovlar ailəsinə məxsus olduğunu göstərir.

Ancaq indi - Əliyevin qızlarının “Gilan Holdinq”də sahib olduğu böyük pay haqqında yeni açıqlamalar veriləndə məlum olur ki, Heydərovlar həm Əliyevlər ailəsinin vasitəçisi kimi fəaliyyət göstərir, həm də şirkətin idarəetməsi dəyişdirilib və ya satılıb. Daha öncələr Əliyevlər malik olduqları nəhəng imperiyanın sirlərini Azərbaycan ictimaiyyətindən gizlətmək üçün vasitəçilərdən istifadə etmişdi.

Ölkə səhmdarların məlumatlarının ictimaiyyətə açıqlanmasını dayandırıb və böyük holdinqlərin əksəriyyəti illik hesabatları və ya digər maliyyə detallarını dərc etmir.
Fransız dəbdəbəsi

“Pilatus”u Avropada onmilyonlarla dollar investesiya yatırmaq və gizli şirkətlər şəbəkəsi yaratmaq üçün istifadə edən sadəcə Əliyevlər deyil.

Bank sənədlərinə əsasən, müxbirlər aşkarladılar ki, Heydərovun qardaşları öz sənətkarlıq nümunələri ilə məşhur olan və üç fransız sənətkarlıq biznesinə nəzarət edən “Heritage Collection" (“İrs Kolleksiyası”) şirkətinin əsas sahibləridir

Bu şirkətə məxsus qeyri-şəffaf gəlirin arxasında gizlənməklə Heydərovlar əksər elit fransız restoranları üçün qab-qacaq hazırlayan çini qab istehsalçısı “JL Coquet” şirkətini, dəbdəbəli yataq örtüləri istehsalçısı “Porthault” şirkətini və cizgi film heykəlciklərinin istehsalında ixtisaslaşmış “Leblon Delienne” şirkətini əldə edib.

O dövrdə "Heritage Collection" şirkətinin direktoru Filip Nquyen şirkətin 2014-cü ildəki idarə hesabatında şirkətin strateji planını açıqladı: Onun əsas hədəfi ən öz sahəsində ən yaxşı hesab edilən 15 şirkət əldə etmək idi.

Ancaq hətta menecerlərinin və işçilərinin belə şirkətin real sahibləri barədə məlumatları yox idi.

Bir fabrikin meneceri “Le Monde” qəzetinə belə açıqlama verib: "Bu, ağlasığmazdır. Mənim suallarım artıq üç ildir ki, cavabsız qalıb. Mən hər şeyi, Körfəzdən, Özbəkistandan səhmdarların olmasını ağlıma gətirərdim, ancaq Azərbaycandan heç vaxt. Bu gizlilik nəyə lazımdır?”

Tale Heydərov
Tale Heydərov Fotoqraf: Report.az

Heydərov ailəsinin fransız holdinqləri

2014 və 2015-ci illərdə iflas edən 180 nəfər işçiyə malik fransız şirkətləri satın alındı. “Heritage” (İrs) faktiki olaraq bir fransız holdinqi kimi görünür. Ancaq o, iki Yeni Zelandiyaya məxsus, Malta şirkəti tərəfindən satın alınan Luksemburq şirkəti tərəfindən idarə olunur.

Lüksemburqda həyata keçirilən araşdırmalar Fransa banklarında əməliyyatlar etməyə maraq göstərənləri və Fransada çirkli pulların yuyulması ilə məşğul olanları xəbərdar etmək baxımından qırmızı bayraq hesab oluna bilər.

Əməliyyatlardan xəbərdar olan mənbələrin dediyinə görə, Heydərovlar İspaniyanın cənubunda yerləşən məşhur dənizkənarı kurort Marbellaya 3,9 milyon avroluq və Sovet dövründə dəbdəbəli 4 ulduzlu otel inşa etməyi planlaşdırdıqları Qərbi Gürcüstanın spa şəhəri Zaqulbanın "Meshaxte” sanatoriyasına 2,5 milyon avro məbləğində investesiya qoyublar.

Mənbələr həmçinin bildiriblər ki, Heydərovlar ailəsi korporativ şirkətlərə malikdirlər. Reportyorlar bu şirkətlərin İngiltərədə və İspaniyada təxminən 40 milyon avroya yaxın sərvətlərinin olduğunu aşkarlayıb. Reportyorlar qeydlərə uyğun olaraq mülkiyyəti müstəqil şəkildə yoxlaya bilməyiblər.

Baş nazirin həyat yoldaşının adı hallanan qalmaqala qarışan “Sahra FZCO” şirkəti bankın ilk müştəriləri sırasındadır. Şirkətin əməliyyatları barədə məlumatı olan üç mənbənin verdiyi məlumata əsasən, 2004-cü ildə Dubayın Jabel Ali azad zonasında yerləşən şirkət prezident Əliyevin qızlarına məxsusdur.

“Sahra FZCO” 2015-ci ilin avqustunda “Pilatus”da hesab açıb. Üç mənbənin bildirdiyinə görə, bu hesabdan Əliyev ailəsinə məxsus Dubaydakı daşınmaz əmlak layihələrindən ödəniş almaq üçün istifadə olunurdu.

Mülkün sənədlərində görünür ki, “Sahara FZCO” Dubay sahillərində palma ağacı formasında düzəldilmiş süni ada olan Palm Cumeyrada torpağa və dəbdəbəli resort kurorta malikdir.
Reklam çarxlarında göstərilir ki, otel öz qonaqlarına Polynesian dizaynı, fransız zərifliyi, Dubayın möhtəşəm görünüşü və yarımmil uzunluğunda xüsusi çimərlik təklif edir.

Fransanın çoxmillətli otellər şəbəkəsi olan “AccorHotels” müəssisəni idarə edir. Şirkət tərəfdaşlarının razılığı olmadan onlar haqqında məlumat verməkdən imtina edir.

“Sahra FZCO” həmçinin Dubaydakı “AccorHotels” şəbəkəsinə məxsus digər bir mülkə, “Mercure Barsh” otelinin sahibidir.