"Məhsul" stadionunda Cəmil Həsənlinin seçicilərlə növbəti görüş-mitinqi Fotoqraf: Natiq Adilov

Hökumətin ömrünü uzadan mitinqlər

Əgər bir gün həqiqət bildiyim şeyi deməkdən çəkinsəm, onda siyasətlə qətiyyən məşğul olmaram.

Milli Şura mitinqlərin keçirilməsi ilə bağlı müzakirələrə başlayıb. Əslində çox istəyərdim o müzakirələrdə iştirak edib səsləndirilən arqumentləri eşidim. Bunu harasa üzv olmaq istəyim kimi qiymətləndirməyin, çünki belə bir fikrim də yoxdur. Milli Şuranın məqsədini nəzərə alsaq (Azərbaycandakı siyasi güclərin birləşdirilməsi), onun təyinatını belə düzgün hesab etmirəm. Amma sözüm bunda deyil.

Bəli, ölkədə mitinqlərin təşkil olunması gözəl haldır. Lakin bu mitinqlərin təşkili vəziyyətin düzgün analizini tələb edir. Jurnalistləri və polisləri kənara qoysaq, mitinqin əsasən iki növ iştirakçısı olur:

1. Mitinqin təşkilatçısı, 2. Mitinqə gələn xalqın nümayəndələri.

Bu iki iştirakçının mitinqin təşkili ilə bağlı məqsədlərində çox incə bir fərq var. Fərq ondan ibarətdir ki, mitinqin təşkilatçısı olan Milli Şura hökumətə yürütdüyü səriştəsiz siyasətə görə etiraz edir və mitinq təşkil etməklə YAP hökumətinə əzələ nümayiş etdirir. Mitinqə gələnlər isə DƏYİŞİKLİK üçün gəlirlər, əzələ nümayiş etdirmək üçün deyil. Mitinqə qoşulanların sayından asılı olmayaraq, hər kəs qarşısına çıxan bütün riskləri yalnız dəyişiklik ümidi ilə dəf etməyə çalışır və mitinqə qoşulur. Bəs onda mitinqdə və mitinqdən sonra nələr baş verir?

Bu ümid yerlə yeksan olur. Milli Şura az da olsa məqsədinə çatır və YAP hökumətinə və əsasən də İlham Əliyevə güclü əzələ nümayiş etdirə bilir. Amma Milli Şuranın itirdiyi onun qazancından daha çoxdur. YAP hökuməti represiyaları daha da gücləndirir və iqtisadi sahədə də uğursuzluqlar davam edir. Nəticədə ən aktiv üzvlər həbs edilir, onların içindən bir çoxu mənən sınır və hökumətin agentinə çevrilir. Bununla da millətin inamı qırılır. Mitinqə bütün riskləri gözə alaraq gələn insanlar "dediz gəldik, bəs sonra nə oldu?" sualını verməsə də, bunu düşünmüş olur.

Daha sonra Milli Şuraya yaxın olan mətbuat orqanı da bu mitinqləri əsl qələbə kimi göstərir və mitinqə qoşulmayan insanlarda vəziyyətin düzəlməsi ilə bağlı gözləntiləri qaldırır. Yəni əgər mitinqə 10.000 insanın qoşulması qələbədirsə, onda hökumət qorxub geri çəkilməlidir. Amma hökumət geri çəkilmir və çəkilməyəcək də. Çünki diktatorlar güzəştə getməyi sevmirlər və bunu bacarmırlar. Ona görə bütün diktatorların sonu vaxtsız ölüm olur. Belə olan halda mitinqə qorxduqlarından qoşulmayan insanlarda dəyişikliyə qarşı inamsızlıq yaranır. Yəni biz qaş düzəltmək əvəzinə gözümüzü çıxardırıq. Hələ hökumətin nəzarət etdiyi kanallarda aparılan anti-mitinq təbliğatını nəzərə almıram.

Bugünə qədər Milli Şuranın və ya AXCP-nin təşkil etdiyi onlarla mitinqlər olub. Hər mitinqdən sonra araşdırmalar aparılmalı idi ki, insanlar niyə qoşulmur. Bu problemlərin siyahısı alınmalı və bunlara qarşı mübarizə təşkil olunmalı idi. Bu gün Azərbaycanda əsas problem diktator rejimi deyil, xalqdır. Jurnalistin "Sevgililər günündə sevgililərə arzunuz nədir" sualına bir ağsaqqal "Allah prezidentə cansağlığı versin" deyə cavab verir. Budur problem və bu cür düşünənlər təəssüflər olsun ki, az deyil. Belə düşünməyən insanlarda da təbii olaraq qorxu problemi var. Azərbaycanda əhalinin əksəriyyəti hələ də evindəki körpəsinin ac olmasının səbəbini İlham Əliyevdə ya görmür, ya da qorxudan görmək istəmir. Əslində Milli Şuranın işi də bu problemlərin həllinə, düzgün tanıtım işlərinin aparılmasına, insanları mitinqə bir neçə il (heç olmasa ay) qalmış psixoloji olaraq dəyişikliyə hazırlamaq olmalıdır. Muxalifətin işi bu cür qurulur.

Bunun üçün Milli Şuranın və AXCP-nin kifayət qədər resursları var. Bu resurslar sırasına AXCP-nin fədakar və qorxmaz üzvləri və malik olduqları medianı göstərmək olar. Təəssüflər olsun ki, heç bir resurslardan nə düzgün istifadə edilir, nə də düzgün istifadə edə bilənlər yaxına buraxılır. Heç partiya rəhbərləri belə çıxışlarını hazırlayərkən bu problemləri nəzərə almırlar. Çünki onların özləri də inanır ki, ölkədə dəyişiklik ya iqtisadi böhranla olacaq, ya da Rusiyadakı hakimiyyətin dəyişməsi ilə. Hətta onların içində bəziləri düşünür ki, xalq özü özünə təşkilatlanmalıdır. Belə yanaşmaların əziyyətini xalq çəkir.

Rejimə qarşı uğurlu mübarizə rayonlardan (kəndlərdən) başlamalıdır. Hədəf də prezident yox, heç bir risk tələb etməyən kənd nümayəndəsi (kənd soveti) olmalıdır. Sistemin bu ən zəif halqası sıradan çıxandan sonra daha güclü halqaya, icra başçılarına keçmək lazımdır. Hər dəfə qələbə əldə edən xalqın nümayəndələri qələbəyə doğru daha inamlı olacaq və prosesə qoşulanların sayı artacaq. Mətbuat və “Facebook”dakı informasiya mübarizəsi də bunun üzərində qurulmalıdır. Yəni, sənin ailənin üzləşdiyi problemlərin başçısı İlham Əliyev olsa da, onun uğursuz siyasətini sənin evinə soxan icra aparatının kənd nümayəndəliyidir. Zərbə İlham Əliyevə dəysə də, İlham Əliyev rejimini yaşadan icra aparatının aşağıdakı pillələridir. Çünki rejim onların hesabına yeriyir və ömrü uzanır. Bu insanlara qarşı mübarizə aparmağa hazır olmayan xalq prezidentə qarşı necə çıxacaq? İcra nümayəndələrinə qarşı ictimai təzyiqlər artıqca, bu mexanizmin bu halqası elə bir formada sıradan çıxacaq ki, onun yerinə kimsə təyin edilmək istəməz.

Bu yazıda məqsəd mitinqin təşkilini bir mübarizə vasitəsi kimi tənqid etmək deyil. Sadəcə qeyd etmək lazımdır ki, hazırlıqsız və reallıqlar nəzərə alınmadan təşkil olunan mitinqlər bu hökumətə daha çox xeyir verir, nəinki ziyan. Bu problemlər həll olunmadıqca, hökumət mitinqlərdən maksimum şəkildə yararlanmaqla öz ömrünü uzadır və təəssüflər olsun ki, müxalifət düşərgəsi də bu oyunu oynamaq məcburiyyətində qalır. Çünki sabah “niyə heç nə etmədiz” sualı ilə üzləşmək istəmir. Sabah bu sualı verən insana veriləcək sual da bu olur: Biz mitinq təşkil edəndə siz harda idiz?

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.