Qiyas və Bayram fenomeni

foto Meydan TV

2016-cı ilin 25 oktyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Qiyas İbrahimova 10 il, 8 dekabr tarixində isə Bayram Məmmədova 10 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Ömürlərinin ən gözəl dövrlərini yaşayan bu iki şəxs Heydər Əliyevin büstünün üstünə “Qul bayramınız mübarək” yazısını yazaraq, əhalinin ağır iqtisadi şərtlər altında yaşadığı bir anda 10 may tarixində keçirilmiş və hökumətə milyonlarla manata başa gələn “Gül bayramına” etiraz etmişdilər. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, 10 il yalnız ağır cinayət törədən şəxsə verilir. Məsələyə də H.Əliyevin büstünün yazılmasına hökumət tərəfindən “ağır” sayılan cinayət müstəvisindən baxaq.

SSR-i dağılandan sonra nə Mütəllimov hakimiyyəti və nə də Elçibəy hökuməti güclü siyasi ideologiya yaradıb xalqı ətrafına toplaya bilmədilər. Hər iki hökumətin bu missiyanı yerinə yetirməyə zamanı olmadı. Lakin Əliyev hökuməti SSR-i dağılandan sonra yaranmış ideoloji boşluğu məhz Heydər Əliyevin adı ilə doldurmağa çalışdı və hal-hazırda da bu sahədə ciddi işlər aparılır. Bəs ideologiyanın bir siyasi rejim üçün əhəmiyyəti nədən ibarətdir? Bu suala Amerikan müəllifi Alex Roberto Hybel özünün “İdeologiyanın gücü: Roma imperiyasından Əl-Qaidəyə qədər” adlı kitabında geniş şəkildə cavab verərək qeyd edir ki, ideologiya dövlətlərə və ya siyasi təşkilatlara geniş kütləni idarə etmək, insanlar arasında vahid düşüncəni formalaşdırmaq və eyni zamanda fərqli ideologiyaları assimlyasiya etmək imkanı verir. Müəllifin fikrinə görə, ideologiya, əsasən, (müxalif) siyasi düşərgənin dağıdılması və eyni ideologiya tərəfdarlarının müdafiəsi və onların sayının çoxaldılması üçün geniş istifadə edilir.

Əliyev rejimi və əsasən də YAP hökuməti tərəfindən “heydərizm” ideologiyasının formalaşdırılması yuxarıda qeyd edilən məqsədlər üçün geniş şəkildə istifadə edilirdi. Bu prosesə Heydər Əliyevin sağlığında start verilərək ölkənin müxtəlif yerlərində reklam tablolarında H.Əliyev tərəfindən deyilmiş və ya deyilməmiş ifadələr yazılmağa başladı. Bu proses H.Əliyevin ölümündən sonra daha da geniş vüsət alaraq Şahdağ zirvəsinin adının dəyişdirilməsindən tutmuş bütün şəhər və rayonlarda müasir üslubla tikilmiş H.Əliyev mərkəzlərinin açılmasına qədər geniş bir müstəvini əhatə etdi. Heç təsadüfi deyil ki, ölkəyə təyyara ilə gələn şəxs hələ təyyarada ikən H.Əliyevin (Hava limanı) adı ilə tanış olur və daha sonra həmin şəxs H.Əliyev prospekti ilə Bakı şəhərinə daxil olur. Şəhərə H.Əliyev prospekti ilə daxil olarkən həmin şəxs son dərəcə zövqlə tikilmiş H.Əliyev Mərkəzini görür. Bu siyahını H.Əliyev adına parklardan tutmuş muzeyləri daxil etməklə kifayət qədər uzatmaq olar.

Bundan əlavə, bu ideologiyaya daha güclü legitimlik gətirmək məqsədilə xaricdə yerləşən səfirliklər sanki rəqabətə girməyə başladı. İlk “uğura” və eyni zamanda da ilk rusvayçı məğlubiyyətə Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarov imza atmışdır. Beş milyon dollara başa gələn heykəlin qoyuluşu Meksika mediasında böyük ajiotaja səbəb olduğundan Meksika rəhbərliyi heykəli Azərbaycan büdcəsi hesabına təmir olunmuş parkdan götürülməsinə dair qərar çıxardı və heykəl parkdan götürüldü. Bu gün məhz “heydərizm” ideologiyasına görə büdcədən milyonlarla vəsait xərclənib və hələ də xərclənməkdədir. Lakin İlham Əliyevin siyasətdən xəbərsiz olması və bunun nəticəsi olaraq yürütdüyü səriştəsiz daxili və xarici siyasəti “heydərizm” ideologiyasını qul və itaətkar bir ideologiyaya çevirdi.

Bütün bunların fonunda Qiyas və Bayram ilk dəfə olaraq bu ideologiyanın faktiki çöküşünü açıq şəkildə həm hökumətə və həm də bütün Azərbaycan xalqına göstərdilər. Bu addım bu hökumətə məhz ideoloji müstəvidə amansız zərbə endirdi. Hökumətin də reaksiyası gözlənildiyi kimi amansız oldu və hər iki gəncə 10 il azadlıqdan məhrumetmə cəzası kəsildi. Bundan əlavə, bu cür amansız reaksiya ilə hökumət həm də bütün xalqa özünün Axilles dabanını (zəif nöqtəsini) göstərdi. Sabah bütün bu əzab-əziyyətlərə dözməkdən imtina edib küçələrə çıxan kütlənin ilk hücum edəcəyi obyekt də məhz “heydərizm” simvolları olan H.Əliyevin heykəlləri olacaqdır. Topu-tüfəngi olan hökumətin təzyiqlərinə baxmayaraq, hökumət qarşısında əyilməməklə bu iki gənc bir daha bu rejimə meydan oxudu.

Müasir Azərbaycan gəncliyinin əyilməz simvolu olan Qiyas və Bayramı artıq bütün dünya tanıyır, onlara dəstək olduqlarını nümayiş etdirirlər. Bu qəhrəmanlara dəstək əlaməti olaraq dünyanın müxtəlif yerlərində tədbirlər təşkil olunur, Əliyev hökumətinə təzyiqlər edilir. Bir çox ölkədə, o cümlədən, Niderland Krallığının müxtəlif şəhərlərində avtobus dayanacaqları məhz bu iki şəxsin şəkilləri ilə bəzədilib. İnanıram ki, Qiyas və Bayram tərəfindən əsası qoyulan “heydərizm”-ə açıq etiraz dalğası böyüyərək bütün respublikanı əhatə edəcəkdir.