''Haqqı bilib deməmək haqsızlığı tüğyan etdirməkdir''

Abbas Hüseyn

"Nardaran müsibəti" – 1 il sonra

Azərbaycanın tarixində qanlı hadisələr, insanların haqsızlığa və zülmə uğradığı dövrlər çox olmuşdur. Keçən əsrin 37-ci illərinin hələ də canlı şahidləri var. Amma nə yazıq ki, biz işgəncə, haqsızlıq və zülmü bu gün ancaq tarix kitablarından oxumuruq. Cəmi bir il öncə Bakının yaxınlığında, Nardaran kəndində illərdir iqtidarı zəbt edən qüvvələr qətliam törətdi. Bəlkə də bu günümüzün cinayətləri 37-ci illəri də geridə qoyub. Tarix təkrarlanır və yenə də zülmlər, işgəncələr, həbslərlə gələcək nəsillərin oxuyacağı yeni tarix yazılır.

Təəssüf ki, Azərbaycan sovet imperiyasının basqıları altında da, müstəqillik dönəmində də eyni şeyləri yaşadı və bizim gələcəyə buraxdığımız tarix dünən babalarımızın bizə miras qoyduğundan fərqli deyil.

Əziz xalqım! Keçən il baş vermiş Nardaran hadisələri yaddaşlardan silinməyəcək və yəqin ki, 2015-ci ilin 26 noyabrı Azərbaycan tarixində dərin iz qoyacaq. Cəmiyyətdə baş verən haqlı narazılıqları dilə gətirənləri hər zaman həbslər, təhdidlərlə təsirsiz hala gətirmək istəyən iqtidar "Müsəlman Birliyi" Hərakatının ilk günlərindən bizi haqq yolundan, doğruları söyləməkdən çəkindirməyə cəhd etdi. Bizi ləkələməyə, dini dövlət qurmaqda, hansısa başqa bir ölkəyə agentlik etməkdə günahlandırmağa çalışdı. "Müsəlman Birliyi" Hərəkatı yarandığı gündən mövcud hakimiyyətin azğınlığını, vətəndaşlara qarşı zorakılığını, əhalinin haqqını qəsb etməsini aşkar şəkildə ictimaiyyətə bəyan etmişdir. Həqiqətləri eşidib öz eyiblərini düzəltmək, islahatlara getmək yerinə hiyləgərcəsinə oyunlar quraraq, İmam Hüseynin əza ayında öz vətəndaşlarının qanını axıdıb öldürməyə, şərləyərək həbs etməyə, işgəncə verməyə qərar verdilər.

Azərbaycanın yaxın keçmişində 20 Yanvar, Xocalı kimi faciələr var. Xocalıda baş verən hadisələr erməni zabitləri tərəfindən törədilmişdisə, çox təəssüf ki, Nardaranda bizim başımıza gətirilən müsibətlər "öz polislərimiz" tərəfindən həyata keçirilmişdi. Xocalıda qadınları erməni və rus yaraqlıları gülləbaran etmidisə, Nardaranda qarşısına çıxan qadın və hətta uşaqlarla da eyni cür rəftar edənlər də onlarla eyni mahiyyəti və xisləti paylaşanlar idi. Əlləri bu xalqın qanına batan ermənilər bu ölkəyə gəldikləri zaman onları ən yaxşı yerlərdə qonaq edib xidmətlərində duranlar, nazları ilə oynayanlar, etirazlardan qorunmaq üçün polislərdən mühafizə bandası yaradanlar görün bizlərə nələr etdilər?! Təsəlli tapmaq üçün ancaq Əhli-beytin başına gətirilən müsibətləri düşünməklə sakitləşirdik.

Bizə "Bandotdel" adlanan cəhənnəmdə işgəncə verdiklərində bəzən fikirləşirdim ki, bəlkə erməni əsirliyindəyik? Çünki gördüyümüz işgəncələri erməni əsirliyindən xilas olmuş soydaşlarımızdan dinləmişdik. Bir insanın əllərinin arxadan qandallanıb başına qara torba keçirilərək döyülməsi, işgəncə verilməsi, qeyri-insani rəftarlara məruz qalması, elektrikə verilməsi yalnız erməni əsirliyində olanların başına gələ bilər deyə düşünməyin. Çox təəssüf ki, bu sadaladıqlarımdan da artığı polislər tərəfindən başımıza gətirilib. Çünki bu hakimiyyət xalqına qənim kəsilib. Onun aldığı silahlar öz millətinə yönəlib. Qarabağı işğal edənlərə güllə atmağa cəsarət etməyən rejim öz vətəndaşlarının qanını axıtdı. Həmin silahlar işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda istifadə olunsaydı, 25 il ərzində hər il torpaqlarımızın işğal olunduqları günü anmaz, azad olunduqları günü qeyd edərdik.

Baş verən müsibətlərə görə kimlərsə üzülüb narahat olmasın. Bu olanlar ilahi təqdirdən kənar bir şey deyil. Bu, bir imtahandır. Zülm edənlər əlbət, bir gün cəzalandırılacaqlar. Əslində, bu hadisələrdə Allah bizləri imtahan etməklə bərabər cəmiyyəti də imtahan edir.

Əziz xalqım! Haqsızlıq qarşısında etiraz etmək, zülmə qarşı mübarizə aparmaq insanlıq borcudur. Din də bizlərdən eqoist iman istəmir. Çünki din canlı aləmi əhatə edən cəmiyyətlərin rifahını istəyir. Bizim zülmə qarşı mübarizəmiz hamının rifahı üçündür. Rifah, firəvanlıq hər bir vətəndaşın haqqıdır. Əgər bir cəmiyyətdə özbaşınalıq, zülm, korrupsiya baş verirsə, adekvat addım atmaq artıq bir vəzifədir. Çünki haqqı bilib deməmək haqsızlığı tüğyan etdirməkdir. İnanın ki, yaşadığınız bütün problemlərin, düşdüyünüz bütün çətinliklərin, qarşılaşdığınız haqsızlıqların səbəbkarı bu rejimdir, rejimin ədalətsizliyidir. Siz susduqca onlar daha da azğınlaşacaq, siz boyun əydikcə, onlar daha yuxarı qalxmaq üçün sizi əzib sındıracaq.

Əslində, sadə insana olunan zülm sistemin çökməyinə gətirib çıxarır. İqtidarın əlində olan güclə haqqı məhv etmək istəyi mübarizəmizin doğruluğunu bir daha isbat edir. Hakimiyyətin Nardaranda vətəndaşlara qarşı terror etməkdə məqsədi xalqına güc göstərib gözünü qorxutmaqdır. İstədiyi cəmiyyətdəki bütün etirazçıların səsini boğmaqdır. Ancaq hesablaya bilmədikləri şeylər də var. Baş verən hadisələr, cəmiyyətdə insanlara qarşı göstərilən münasibətlər təzadlar yaradaraq, mübarizə ruhiyyəsini diriltmiş, zülmlərdən qorxmamaq əzmini yaratmışdır.

Tarixdə heç vaxt mübarizə meydanları boş qalmayıb. Əgər müəyyən zamanlarda mübarizlər həbsxanalara düşsələr də, sürgünlərə məruz qalsalar da, şəhadətə yetişsələr də, yenilərini, daha da mükəməllərini, qətiyyətli davamçılarını yetişdiriblər. Zülm edənlər istəməsələr də, ədalət öz yerini tapacaqdır. O zaman hər kəs hürriyətini qazanacaqdır. Bizləri qandallayıb dörd divara məhkum edənlər, yalan dolu ittiham hazırlayanlar, sifarişlə hökm çıxaranlar, unutmasınlar ki, onların zənciri başqalarının əlindədir.

Bizim sivil mübarizəmizdə qeyri-insani rəftarla qətlə yetirilmiş dörd şəhidimiz var. Analarımızın qurumayan göz yaşları var. Mənim qardaşlarım azadlığın şəhididirlər! Mənim qardaşlarım vicdanın şəhididirlər! Onlar insanlıq, haqq yolunun şəhidləridirlər! İslam dinində şəhidlik ən uca zirvə sayılır. Bizim qardaşalrımız bu zirvəyə çatdılar və onların tökülən qanının, arxalarından axıdılan hər damla göz yaşının məsuliyyəti bu hakimiyyətdəkilərin üzərindədir.

2016-cı ili "multukulturalizm ili" elan edib əslində, öz vətəndaşına qənim kəsilən bir iqtidar artıq öz simasını gizlədə bilmir. Biz bu gün ölkədə tüğyan edən özübaşınalıq və ədalətsizlikləri zindan divarları arasından izləyib eşidirik. Azərbaycan insanı hazırkı iqtidarın terror mahiyyətli siyasətindən əziyyət çəkir. Biz buna göz yumduqca, hələ çox Nardaran hadisələri olacaq. Biz susduqca Azərbaycanın bütün bölgə, kənd, qəsəbələri bu hakimiyyətin zorakı xislətindən nəsibini alacaq. O üzdən də Nardaran hadisələrinin ildönümündə bir daha yaxşı düşünüb qərar verməliyik: Ya ölkəmizə sahib çıxıb haqq davamızı sona qədər aparacağıq, ya da haqlarımızı əldən verib gələcəyimizi və taleyimizi bu amansız iqtidara təslim edəcəyik.