"Hökumət bizi 22 ildir öldürür"

Xocalıları tapmaq o qədər də çətin deyil. Zaman-zaman jurnalistlərin xocalılar deyibən üz tutduğu məkan Bakı kəndi Pirşağıda yerləşən “Qızılqum” sanatoriyasıdır. Sanatoriya deyiləndə gözəl çağlarını Sovetlərdə qoyan, sadəcə adı qalan tikilidə nə kanalizasiya normal işləyir, nə qazı var, nə də yay mövsümündə suyu. Ancaq orda 22 ildir məskunlaşan xocalılar var. O xocalılar ki, hər ilin bu vaxtı bir jurnalist görürlər, bir də ildönümü ilə əlaqədar tədbirlərə çağırılırlar. 

Binaya yaxınlaşar yaxınlaşmaz qarşımıza 10-12 yaşlarında qızlar çıxdı. Hər birinin iri gözləri vardı. Onlardan Xocalıdan olanları soruşduq. Cavab gecikmədi:
“Gedək nənəmin yanına. Nənəm elə sizi gözləyirdi. Nənəm deyir ki, bu aralar jurnalistlər yaman çox gəlirlər”.

İki otağın altı sakini

Binadakı otaqların qarşısından keçdikcə qapının üstünə bağlanan qırmızı lent diqqətimizdən yayınmadı. 22 illik “sanatoriya həyatında” burada evlənənlər, gəlin gətirənlər vardı. Dördüncü mərtəbədə 2 göz otaqda məskunlaşıb ailə. Otağa daxil olub ailə üzvləri ilə görüşürük. Bir neçə qohum da yığışıb. Səbəb bəllidir.
“Nənələr öldü getdi. Mamalar nənə olub, ancaq torpaqlarımız hələ alınmayıb...”
“Əşi torpaqlar getdi... Ermənilər kef çəkir bizim yerlərdə... Kompüterdə baxmışam. Bizim evlər yoxdu Xocalıda. Bizim evdən aşağıda qəşəng göl yaradıblar. Sanatoriya tikiblər. Bizdə də televiziya deyir ki, ermənilər qırılır. Bizim orda bir kəndimiz var – Vəkə adlı. Ermənilər ora Vanq deyirlər. Orda sanatoriyalar yaradıblar. İki dənə. Birin kəndin ayağında, birin də kəndin başında. Necə acından ölürlər ki, bunlar sanatoriya yaradırlar?”
Tanış olmamış dialoqun içinə düşmüşdüm. Səbəb də bəlli idi – evə jurnalist gəlmişdi.

“Hardan bilirsiniz nə çəkirəm?”

Nənə ilə də tanış olduq – Sevda xanımla. Nəvəsini əzizləməyə başlayır, sonra da gözləri dolur:
“Hardan bilirsiniz nə çəkirəm? Bu gün axşamacan ağlaşmışıq. İtkin qardaşımın nəvəsidir. Onun qızını oğluma aldım” - deyir.
Hər gün beləyik deyir Sevda nənə. “Hər il fevralın 25-ində eyni həyacanı yaşayırıq ki, o axşamı necə bizi qırdıqları yadımıza düşür...” – ağlayır.
Ağlaya-ağlaya da “ölümə nə var? Basdırısan gözün yığışır. İtki pis şeydir” – söyləyir.
Təsəlli verməyə çətinlik çəkirəm. Təsəllisi varmı?

“Elə bilirdik dünyanın bəxtəvəri bizik”

“1988-ci ildə Xankəndindən Xocalıya gəldik. Elə yaxşı yaşayırdıq Xankəndində. Elə bilirdik dünyanın bəxtəvəri bizik. 1988-də evimizi yandırdılar, Xocalıya köçdük. Dörd il güllənin altında nə zülümlə, zillətlə yaşadıq. Axırı da bu oldu ki, fevralın 25-dən 26-na keçən gecə ermənilər rusun əli ilə hücuma keçdilər. Orda 366-cı “polk” vardı, onlarla birgə. Qardaşımla həyat yoldaşı heç bilmədik necə oldular... O biri qardaşım, qaynım 3 gün sonra gəlib çıxdı. Nə bilim, qaynanamın qardaşı uşaqları, digərləri öldü, itdi, heç bilmədik necə oldular. Qardaşım Məhərrəmov Vaqif Cəmil oğlu, həyat yoldaşı Məhərrəmova Bəsirə Vəli qızı itkin düşdü. 5 uşaqları qaldı... 22 il o beş uşaqla ömür sürmək nə deməkdir... Hər dəfə onların üzünə baxanda bizim ürəyimizdən qara qan axır... İldə bir dəfə şəkillərini çıxarıb baxırıq... Dünya bizə dar gəlir...”- deyir Sevda Xanlarova.
Ortalığa sükut çökür.
Qardaşının balalarını tərifləyir: “Çox yaxşı uşaqlardır. Ancaq heç olmasa gəlin sağ qalaydı. Qardaşımın 41 yaşı, gəlinimizin də 39 yaşı vardı. Bu gün burda ehsan verirdik. Digər iki qardaşlarımdan biri 8 güllə, o biri də 2 güllə alıb. Biri infarkt keçirdi. Ürəyinə “stend” qoyublar. İl mərasimində Vaqifin fotosunu ortaya qoyanda deyirəm ki, elə qoyun o biri qardaşlarım görməsin... Bu yaşayış deyil bala... Ölmürük də...”
“O müsibətləri gözü ilə görən insan necə yaşasın? 20 gün biz Ağdamda qaldıq. Məscidə gedib ölü axtarırdıq, Xalq Cəbhəsinə gedib əsirlikdən gələn olub-olmadığını soruşurduq, xəstəxanaya qaçırdıq ki, birdən yaralı gələr. Qohumlarımız orda olar ümidi ilə... Ordan ora qaçırdım ordan da ora. Heç birindən heç nə əldə edə bilmirdim... ” – təkrar ağlamağa başlayır Xocalı sakini.
Önümdə oturub ağlayan qadına təsəlli verəcək söz yoxdu... Faciədən keçmiş insana nə demək olar?
Sığındıqları iki göz otaq, dar mətbəx, 22 ildir gözdən-könüldən uzaq olan bu yerdə məskunlaşaraq atasız-anasız böyütdüyü 5 uşaq və faciədən sağ çıxmış bir ailə ... Onlar nə sağ qaldıqlarına, nə də yaşadıqlarına sevinmək iqtidarında olmayıblar...
“Hələ indiyə qədər biz qardaşımın nəvələrinə deyə bilməmişik onların kimliyini. Ürəyim gəlmir. Anasının yanında deyən kimi o da başlayır ağlamağa... Bayaq qızlar mənə deyir ki, icazə ver, uşaqları başa salaq. Ancaq nəvələrim də deyir ki, siz deməsəniz də biz bilirik - biri nənəmdir, o biri də babam... Ancaq həmişə onlara deyirəm ki, ermənilər bizim düşmənlərimizdir...”- söyləyir Sevda Xanlarova.
Bu yerdə nənənin sözünü balaca Ramal kəsir:
“Biz səndən yaxşı bilirik düşmənlərimiz kimdir”.
Ramaldan yaşını soruşuruq.
“Mənim 6 yaşım var. Yeddinin içindəyəm”- deyir.
“Erməni qonşumla bir konfeti belə yarı bölürdük”
“Mən Stepanakertdə olanda ermənilər bizə “tork” deyirdilər, türk də yəni. Onlar elə millətdir ki... Onlar çox kinlidirlər. Mən erməni ilə bir yerdə işləyirdim, qonşu idik. İşə də bizi onun həyat yoldaşı aparıb-gətirirdi. Bu hadisə düşəndə Yerevandan Stepanakertə “boyeviklər” gətirmişdilər. Onlar gəldikdən sonra sexlərdə müdir, nəzarətçi, briqadirə qədər hamısını dəyişdilər. Oranın cavan-cavan ermənilərini gətirmişdilər. Həmin o erməni qonşumla bir konfeti belə yarı bölürdük. Mən elə bilirdim ki, kimsə nə isə etsə Narina özünü qabağa verər. Ancaq elə olmadı... Şura da məni qoruyurdu. Gecə növbə ilə işləyirdik. Bu söz-söhbət başlayanda Narina gəldi ki, sən biz tərəfə keç” – deyir, digər Xocalı sakini Gülçöhrə Məmmədova.

“Bizi orda qırmaq üçün saxladılar”

“Dörd ili biz Xocalıda güllənin altında yaşadıq. Biz Stepanakertdən gəlib təzə ev tikdirmişdik. Evimizin altını yoldaşım betondan tikmişdi. Oğlum 2 yaş yarımlıqdı. Həmişə hazır olurduq. Gecələr yuxu nədir bilməmişik. Vertolyot gəlib çörəyi göydən tökürdü. Yerə endirmirdi ki, birdən kimsə qaçıb ona çıxar. Nə isə mənə elə gəlir ki, bizi orda qırmaq üçün saxladılar. Elə bil bu məsələ olmalı idi. Camaatı zorla saxlayırdılar. Evləri bizə zorla tikdirdilər. Camaatı çıxarmağa kömək etmirdilər, ancaq tikinti materialları gətirilirdi. Niyə camaata kömək etmirdilər? Necə olurdu gələ bilirdi, ancaq gedə bilmirdi?” – deyə suallar verir Gülçöhrə xanım.
G.Məmmədova rus alayın dinc sakinlərdən ov tüfənglərini belə yığdığını danışır.
Xocalı sakinləri danışdıqca uzun müddət həmin ərazidə nələr yaşadıqlarını təsəvvür etmək belə çətindir. Onlar yaşamışdılar...
“Günahımız nə idi ki, bizə öz torpağımızda belə zülm verdilər. Hələ də bizim əzabımıza qiymət verən yoxdur. 22 ildir biz zülm çəkirik. Bax bu 2 otaqda qaynana, qaynata, oğullu, gəlini və 2 uşağı yatır. Nə qədər belə olar? Özümüz bir gün görmədik, heç olmasa uşaqlarımız gün görsün. Bizim cavan vaxtımız çöllərdə keçdi, uşaqlarımız da bellə olmalıdır?” – cavabsız suallarından qaçmaq olmur Gülçöhrə xanımın.

“Mən dövlətimdən çox narazıyam”

“Biz neçə il erməni ilə bir yerdə yaşamışıq. Rus olmasaydı ermənilər belə etməzdi. Ruslar onların arxasında durdu. Bir belə hadisə başımıza gəldi, biz indi qürurlu millətik? Xaricə özümüzü göstəririk. Özünə göstər ey, amma neynirik bir heylə parkı, yolu? 22 il bir igidin ömrüdür. Mən dövlətimdən çox narazıyam. Hər il deyirlər torpaqlar alınacaq. Mən torpağımı istəyirəm” – deyir Sevda nənə.
“Nə qədər dözək? Bu yalan vədlər kimə lazımdı? Qurbanımızı belə biz illərlə gözlədib Bərdədə kəsirik. Hər il ümidim var idisə, illər atdıqca ümidim yoxa çıxır. Biz torpağımızı, yerimizi istəyirik” – söyləyən xocalılara cavab vermək çətindir.
“İndi güclü dövlət, ağıllı rəhbər var. Daşa, qayaya, yola verdiyinizə bizim də torpağımızı alın. Hər kəsə rüşvət verirsiniz. Rusa da rüşvət verin bizim torpağımızı qaytarsınlar” – söyləyir Sevda xanım.

“Neçə vaxtdır sizə yalvarırıq ki, gedin”

“Daşbulaqda biz olurduq. Kənddə ermənilərlə qarışıq yaşayırdıq. 1988-ci ildə ermənilərin ağsaqqalları gizlin gəlirdilər. Bizə təklif edirdilər ki, evlərimizin pulunu kolxoz versin, biz də evlərimizi ermənilərlə dəyişək. Bizə müharibə olacağını deyirdilər. Stepanakertdən çıxmışdıq. Ancaq Daşbulaqda anamgil yaşayırdı. Atamgilə gedəndə atam onların təklifini bizə deyirdi. Bir gecə atam kənddə vəziyyətin pis olduğunu, uşaqları da götürüb evdən getməyimi məsləhət gördü. Azərbaycanlılar bir yerə cəmləşəndə öz qulağımla eşitdim. Erməni kişiləri bizə qışqıra-qışqıra dedilər ki, “neçə vaxtdır sizə yalvarırıq ki, gedin”. Həmin gün bir gecə meşədə qaldıq. Ermənilər bizə kənd də tapmışdılar Ağsunun hansısa bir kəndi idi. Ermənilər bizi çıxarmağa can atırdılar. Bizimlə yaxın münasibəti olan ermənilər də uşaqları götürüb kənddən çıxmağı məsləhət görürdülər. Daşbulaqda buna razı olmadılar, ancaq bir müddətdən sonra camaatı o kənddən çıxardılar. Biz heç vaxt inanmazdıq ki, ermənilər belə iş görsünlər” – hadisələrin necə başladığını çözələyir Gülçöhrə xanım.

“Xanın kəndi olsaydı bizdə olardı”

“İndi bilirsən nəyə acığım tutur? Biz orda olanda Xankəndi deyilmirdi. İndi Ermənistana baxır, ora Xankəndi deyilir? Xanın kəndi olsaydı bizdə olardı. Bu hadisələr 1988-ci ilin 12 fevralında başlayıb. Həmin gün erməni qonşumuzdan mən də soruşdum ki, nə baş verir? Deyirdilər ki, bizə yaxşı baxmırlar, ona görə ora yığışırıq. O vaxtı “Obkom” (Obşestvennıy Komitet - İctimai Komitet) deyirdilər. İki qayın arvadı birləşib getdik bir gün o yığıncağa. Ermənilər küçədə çadır qurub oturmuşdular. “Miatsum” deyib qışqırırdılar. Vertalyotla vərəqələr tökürdülər. Erməni dilində yazılırdı biz oxuya bilmirdik. Nə baş verdiyini anlamırdıq. Nümayiş başlayana qədər bizə heç bir pislikləri olmamışdı. Amma bu nümayişlərdən sonra hər şey dəyişdi” – deyir Sevda Xanlarova.
Hadisələr təzə başlayanda erməni və azərbaycanlıların birgə yaşadığı Əsgəran ermənilər tərəfindən tamamilə tutulur. Bundan sonra Xocalıya gedən yol bağlanır. Sadə camaat Əsgəranın azad olunması üçün qurban da deyir:

Adambaşına da 15 manat 50 qəpik çörəkpulu

“Əsgəranı boşaltsaydılar bizə yol açılırdı. Bəxtiyar və Əli öldürüləndə ermənilər demək olar ki, Əsgərandan çıxmışdılar. Necə oldu oranı azad edə bilmədilər? Əsgəran çıxasaydı Xocalıya bata bilməzdilər. Ancaq yenə də arvad-uşağı da çıxara bilərdilər. Fevralın 25-də - həmin gecə isə qohumumuzu Meşəlidə öldürmüşdülər, onun yasına getmişdik. Qardaşımla yoldaşı bizi Ağdamda qoyub çıxdılar. Qardaşım Xocalıya qayıdanda gəlinimizə dedim ki, heç olmasa sən getmə. Mənə dedi ki, özüm yetimliklə böyümüşəm, istəmərəm mənim də uşaqlarım elə böyüsün. Ona görə Vaqif harda, mən də orada. Eləcə getdi... Mən də 5 uşağı saxladım. Uşaq vaxtı pensiya verdilər. Ancaq böyüdükdən sonra o da kəsildi. Adambaşına da 15 manat 50 qəpik çörək pulu alıram. Başqa heç nə. Qızımın biri ailə qurmadı, oturdu o 5 uşağı saxladı... Amma neyləsən də heç kim nə atanın, nə də ananın yerini verir” – deyən S.Xanlarova yenə kövrəlir.
Kövrəldikcə də hafizəsindəki hadisələri yenidən xatırlayır:
“Qaradağlıda camaatı qırdıqdan sonra biz gözləyirdik ki, Xocalıda da nə isə olacaq. Qaradağlı ilə Xocalının arası bir həftə çəkdi. Kim əsirlikdən gəlib ayaqlarına düşüb yalvardım ki, qardaşımdan, gəlinimizdən bir xəbər desin. 20 gün axtardım. Heç nə tapa bilmədim...” – deyir Sevda nənə.
22 illik zaman kəsiyində onların zamanı donub sanki.

“Hökumət bizi 22 ildir öldürür”

“Birdən deyirəm ki, erməni bizi zillətlə öldürmüşdüsə, dövlət bizi 22 ildir öldürür. Həyətim, evim vardı. Gün axşama qədər canımın ağrılarını sayıram. 20 il qaçqın, 22 il məcburi köçkün olmaq olar? Bizimkilər üstü bəzək altı təzəkdir. Gündə nəyə görə bir əlil özünü odlamalıdır, atmalıdır? Nə qədər insanın haqqı tapdanar? Təkcə Ali Sovetdə oturanlar üçündür yaşamaq? Qaçqınkomun bizdən xəbəri yoxdur. Heç icra hakimi də çağırmır. Bircə Qənirədir televizorda görünür. Nə yardım görmüşük, nə də kömək. İl veriləndə belə getmirəm. Ehsan yeməkdir məsələ? Qalanlara baxmaq lazımıdır. Milli Məclisdə deputatların maaşını qaldırırlar. Onlara verilən havayı maaşdan 200 manat da bu atası-anası olmayan uşaqlara versinlər. Deputatın maaşını 600-700 manat qaldırırlar, ancaq mənim pensiyamı 1 manat. Mən də güllə yarası almışam. 116 manat pensiya alıram. 1 manat nədir ki? – deyir Gülçöhrə xanım.
G. Məmmədova həyat yoldaşının döyüşdüyünü, ancaq hərbi qulluqçu kimi qeydiyyata alınmadığını deyir:
“Ona pensiya düzəldəndə məndən 40 “şirvan” rüşvət istədilər. Mənim o pulum olmadı ki, onu Qarabağ əlili kimi qeydə alsınlar. Halbuki postda dayanıb Xocalı çıxana qədər. Həmin hadisədən də 3 gün sonra meşənin içi ilə gəlib çıxmışdı. Ayaq barmaqlarını kəsdilər. Qadınlardan birini çaydan keçirmişdi, ayaqlarını don vurmuşdu”.

“Onları unutmaq olarmı?”

Xocalılarla daha çətindir barışıq haqda, xalq diplomatiyası haqda danışmaq. Ancaq yenə də bu sualı onlara verirəm.
“Ermənilər həmişə bizə zülm veriblər. Bizimkilər bəlkə də barışığa razı olar, ancaq onlar razı olmaz. Unutqan millətik, ona görə deyirəm bizimkilər razı olar. Bunu edə bilərik, ancaq düzgün deyil. İstər-istəməz mənim içimdə Aydının qanı, Vaqifin qanı var. Gülzar kimi gözəl gəlin həmin gün Xocalıdan çıxanda hamilə idi, sancısı tutdu. Ağacın altında ölüsü qaldı. Onları unutmaq olarmı? Ancaq ermənilərin də qanı tökülüb. Onlardan da ölən olub. Səbəbkar olsa da, bizə barışıqla torpaq verərlərmi? Bizimkilər də öldürüb. Mənim qardaşım gəlib dedi ki, xəmir qatan qadını vurmuşdular, xəmirin içinə düşmüşdü. Baş kəsən də olub. Uşaqlar deyir getdim ki, erməni gəlinin barmağını kəsib, üzüyünü götürüblər. Neçə dəfə təkrar olunub bu hadisələr. Ancaq müharibə istəmirəm. Bu ağrını-acını mən görmüşəm. Yazıqdır cavanlarımız” – deyir Gülçöhrə Məmmədova.
Sonda Sevda nənənin qızı da söhbətə qoşulur:
“Ağzıgöyçəklər deyirlər ki, vətəni verib gəlmisiniz. Biz əliyalın idik. Ov tüfənglərinə qədər yığmışdılar. Biz neyləməliydik? Hələ o çəkilənlər var - Seyidağa Mövsümov, Çingiz Mustafayevin çəkdikləri - o gecənin onda biri idi. Sadə camaata baxan varmı? Camaat çıxanda necə çıxdı, barışanda da elə olacaq. İstəməsə də yaşayacaqlar. Dövlət qaytarandan sonra adi adam kimdir ki, deyə gedirəm, ya getmirəm”.

Aytən FƏRHADOVA