Şəhid ailəsi: Göstərdiyi belə münasibətə görə bu hökumətə ayıb olsun

Ağstafada yaşayan ailə hökumətdən mənzil və şəhidə görə verilən sığortanı tələb edir

“Atam şəhid, özüm hərbi əliləm, dövlətin bütün qayğılarından məhrumuq”.

Bunu Meydan TV-tə Ağstafanın Yenigün kənd sakini Sərxan Mərdanov deyir.

Sərxan Mərdanov 2008-ci ildə hərbi xidmətdə olarkən aldığı xəsarətlərdən əlilə çevrilib. Atası Elxan Mərdanovsa hələ 1994-cü ildə Ağdamda gedən döyüşlərdə həlak olub. Beləcə, Mərdanovlar ailəsi həm şəhid, həm də hərbi əlil ailəsidir. Ancaq Meydan TV-yə danışırlar ki, indiyədək 133 manat məbləğində pensiyadan başqa şəhid ailəsi kimi dövlərdən hər hansı qayğı görməyiblər. Yaşadıqları mənzil də dədə-babadan qalıb, qəzalıdır.

Hara yazırıqsa, sorağı icra hakimiyyətindən gəlir

Sərxan Mərdanov danışır:

“Dədə-babadan qalma qəzalı evdə yaşayırıq. Mən, anam, qardaşım və ailəsi... Evin tavanı çökmüşdü, özümüz taxta vurub bərkitdik. Bütün qurumlara müraciət etmişik ki, bizə də şəhid ailəsi kimi mənzil verilsin, illərdir ki, məktublarımız icra hakimiyyətinə göndərilir, ordansa bizi çağırıb deyirlər ki, sizə mənzil vermək imkanımız yoxdur. Yaşadığınız mənzili təmir etmək imkanımız da yoxdur”.

Böyük ailə 133 manatın ümidinə qalıb

Onun sözlərinə görə, anası astma-bronxitdən əziyyət çəkir. Özünün isə gözləri demək olar ki, görmür, qaraciyəri də bərbad vəziyyətdədir. Qardaşı ailəlidir, o da ailəsiylə birlikdə eyni evdə yaşayır:

“Qardaşım ailəsiylə bizdə yaşayır deyə mən ailə qura bilmirəm. Yaşamağa ev, şərait yoxdur. Hamımız işsizik, iş üçün hara müraciət ediriksə, deyirlər, ölkədə iş yoxdur, sənə hardan iş tapaq... Atamın şəhidliyinə görə anama verilən 133 manat pensiya ilə dolanırıq. Bu yaxınlarda gəlmişdilər qazı kəssinlər, borcu ödəyə bilmirik. Hanı şəhid ailələrinə qayğı, hanı tikilən evlər? Ağstafanın mərkəzində şəhid ailələrinə binalar tikildi, eşitdiyimizə görə orada elə ailələr yaşayır ki, şəhidi olmayıb”.

Mərdanovlar ailəsi mənzillə bağlı rayondakı qurumlara müraciət etsələr də, faydası olmayıb. Ona görə də Bakıya üz tutublar. Ancaq hər dəfə Prezident Administrasiyasına yazdıqları məktublara yerli icra hakimiyyətindən şifahi cavab verilir.

Hamam yoxdur, qonşularda yuyunuruq

“Bəlkə yüzlərlə məktub yazmışıq. Hər dəfə bizi icra hakimiyyətinə çağırıb şifahi bildirirlər ki, adınızda ev var, ona görə də sizin adınızı mənzil siyahısına sala bilmirik. Tutaq ki, mənim adıma ev var, axı bu darısqal evdə ana, iki oğul və oğullardan birinin ailəsi yaşayır. Mənim qardaşım ailəlidir, eyni evdə yaşayırıq, mən evim olmadığına görə ailə qura bilmirəm. Aydın məsələdir ki, ev verdikləri heç bir şəhid ailəsi küçədə yaşamır. Evi şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün verirlər. Bizim də şəraitimiz, vəziyyətimiz dözülməzdir,” – Sərxan Mərdanov deyir.

Mərdanovlar ailəsi mənzillə təmin olunmaqdan əl üzəndən sonra bu dəfə yaşadıqları evin təmir olunmasına kömək üçün müraciət ediblər. Ancaq hər dəfə də cavab gəlib ki, icra hakimiyyətinin buna imkanı yoxdur. Sərxan Mərdanov deyir ki, imkansızlıqdan indiyədək hamam düzəldə bilməyiblər. Qonşularda yuyunurlar:

“Heç hamamımız da yoxdur, qonşularda yuyunuruq, pal-paltarımızı qonşularda yuyuruq. 133 manatı çörəyə verək, hamam tikək, ya evin tavanını düzəldək? Şəhidin, hərbi əlilin ailəsi qonşularda yuyunur. Göstərdiyi belə münasibətə görə bu hökumətə ayıb olsun”.

Qanpulunu vermirlər

Dərd bununla da bitmir. Mərdanovlar ailəsi şəhid ailələrinə verilən 11 min manat məbləğində sığortanı da ala bilmir:

“Üzümüzə dirəşirlər ki, almısız... Deyirik, nə vaxt aldıq, kimdən aldıq ki, xəbərimiz olmadı. Bir sənəd qoyun ortaya ki, o pulu bizə ödəmisiz... Deyrilər, arxiv yanıb, sənədlər də yanıb. Necə odur ki, həmişə yanğınlar elə arxivlərdə baş verir... Nə fırıldaqları olursa, yıxırlar yandırdıqları arxivin üstünə...”

Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, Mərdanovlar ailəsinin müraciəti əsasında onların yaşadıqları ünvana gedən icra hakimiyyətinin işçiləri mənzilə baxış keçiriblər. Sonuncu dəfə ötən ilin noyabrında mənzilə təkrar baxış keçirilib. Ancaq ailəyə tikinti materialları ilə kömək etmək üçün icra hakimiyyətində vəsait yoxdur.

Şəhid ailəsinin mənzil məsələsinə gəlincə, qurumdan bildirilib ki, ailənin təqdim etdiyi sənədlər bir daha gözdən keçiriləcək və müvafiq qurumlara göndəriləcək.

Sığortaya gəlincə, qurumdan deyilib ki, bu məsələnin araşdırılması onların vəzifəsinə daxil deyil. Şəhid ailəsi bu məsələlərə cavabdeh olan qurumun hərəkətlərindən məhkəməyə müraciət edə bilər.

x

YAZARIN DİGƏR YAZILARI