Göygöl sakini: Uşaqlar soyuqdan donur

Sönməz İsgəndərov deyir, 14 ildir layihə əsasında qaz xətti çəkdirsə də, sayğac quraşdırılmır

“Uşaqlar körpədir, yoldaşım da hamilə... Əl-ayaqları donurdu, yaxın qohumun evinə gətirib yığmışam... Halbuki, mənim evimdə çoxdan mavi yanacaq olmalıydı”.
Bunu Meydan TV-yə Göygölün Hacıməlik qəsəbəsində yaşayan Sönməz İsgəndərov deyir.

13 il əvvəl layihə alıb, rüsum ödəyib...

Sönməz İsgəndərov 3-cü qrup əlildir. Əlilliyi ona əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir. Dediyinə görə, əlillik pensiyası ilə dolanır. Üstəlik, yaşadığı evdə istiliyin olmaması da ailə başçısına əlavə xərcdir. Evi odun sobasıyla qızdırmaq məcburiyyətindədir ki, buna da imkanı çatmır. Məcburiyyətdən ailəsini yaxın qohumunun evinə yerləşdirib. Halbuki, Sönməz İsgəndərov düz 13 il əvvəl – 2006-cı ilin yanvarında yaşadığı ünvanın qazlaşdırılması üçün dövlət rüsumu ödəyib, layihə əldə edib. Üstəlik, ana xətdən yaşadığı ünvanadək öz hesabına 270 metrlik qaz xətti də çəkib. Qalıb sayğaclaşma və qazın xəttə verilməsi... Meydan TV-yə danışır ki, illərdir yerli qaz idarəsinə və icra hakimiyyətinə gedib gəlir, ancaq heç nə əldə edə bilmir:

Başçı tapşırıq verdi, amma...

“Bu yaxınlarda Göygöl Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda da oldum. Dedim, bu layihəm, bu rüsuma görə ödənişimin qəbzi, bu da öz hesabıma çəkdirdiyim qaz xəttinin fotoları... Qanuni şəkildə sayğaclaşma aparılmasını istəyirəm. Nə xərc lazımdırsa özüm çəkmişəm, qaz xəttini özüm həll etmişəm. Bunlara yalnız sayğac quraşdırmaq və xətti sayğaca qoşmaq qalıb. İllərdir ki, məni get-gələ salıblar. Uşaqlarım soyuqdan xəstəlik tapıb, özüm də əlil adamam, sanki qəsdən zülm edirlər. Başçı sənədlərimə baxdı, qaz idarəsinin nümayəndəsindən soruşdu ki, bu adamın sənədlərində hansı çatışmazlıqlar var? Nümayəndə dedi, hər şey qaydasındadır. Başçı da göstəriş verdi, bir halda ki, vətəndaşın sənədləri qaydasındadır, niyə evinin qaz sayğacını quraşdırmırsız? Gedin, quraşdırın”.

Sönməz İsgəndərovun sözlərinə görə, qaz idarəsinin nümayəndəsi başçıya “baş üstə” desə də, icra hakimiyyətinin binasından çıxanda ona bildirib ki, xeyri yoxdur, layihə köhnəlib, layihəni təzələmək lazımdır.

Qaz xəttinin hər 50 metrəsinə görə 262 manat...

“Heç icra başçısının sözünü də sayan yoxdur. Başçının yanında deyir, “ən qısa zamanda həll olunacaq”, çıxıb küçədə deyir, başçılıq məsələ deyil. Soruşdum ki, icra başçısını niyə aldatdın? Dedi, başçı bu işlərdən anlamır, onun sahəsi deyil. Sən layihəni təzələməyincə, evə çəkdirdiyin qaz xəttinin hər 50 mertinə görə 262 manat ödəməyincə sayğac quraşdırılması mümkün deyil. Mənim çəkdirdiyim qaz xətti 270 metrdir. Belə çıxır ki, mən o qədər xərc çəkib layihə əldə etmişəm, qaz xətti çəkdirmişəm, indi də 270 metrlik xəttə görə 1400-1500 manat pul verməliyəm. Öz cibimin puluyla çəkdirdiyim boruya görə qaz idarəsinə bir də niyə pul verməliyəm, bunu mənə izah edən yoxdur,” – şikayətçi deyir.

Qaz idarəsi: “Məsələ araşdırılmalıdır”

Sönməz İsgəndərovun sözlərinə görə, çıxılmaz durumda qalıb. Yaxın vaxtlarda dünyaya üçüncü övladı gələcək və qohum evindən öz evinə qayıtmaq məcburiyyətində qalacaq. Şaxtalı günlərdə istiliksiz evdə yeni doğulmuş körpənin durumunu düşünəndə, öz canını üşütmə alır:

“Bu uşaqlar əl-ayaqları dona-dona böyüyürlər. Yarımcan, xəstə... Pensiyam dərmana çatmır. Heç olmasa körpələri bunu nəzərə alsınlar. Məcburam ki, üçüncü körpə də doğulandan sonra uşaqların üçünü də yığım aparım töküm qaz idarəsinə, havalar qızışınca saxlasınlar. Rayonda ən isti yer qaz idarəsidir”.

Göygöl rayon Qaz-İstismar Sahəsindən bildirilib ki, qazlaşdırma işləri "Azəriqaz" yox, podratçı şirkət tərəfindən həyata keçirilir. Şirkət işçiləri tərəfindən məkana baxış keçirilir, hansı qaz mənbəyindən istifadə edilərək mənzilə xətt çəkiləcəyi dəqiqləşdirilir. Vətəndaş şərtlərlə və şirkətin tələb etdiyi vəsaitlə razılaşarsa, şirkət ilə vətəndaş arasında müqavilə imzalanır və qazlaşdırma işləri aparılır. Fərdi yaşayış evlərində qazdan istifadə üçün "BK-G4T" markalı qaz sayğacları pulsuzdur. Ancaq podratçı şirkət ilə vətəndaş arasında olan müqaviləyə əsasən, şirkət tərəfindən texniki icra layihəsi metosənədlərinin hazırlanması və qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması üçün müəyyən vəsait ödəyir. Bu məbləğ də, qaz xəttinin çəkilmə məsafəsinə görə dəyişir. İdarədən həmçinin bildirilib ki, Sönməz İsgəndərov layihə ilə təkrar əməkdaşlara yaxınlaşsa, məsələ araşdırılar.

x

YAZARIN DİGƏR YAZILARI