''Vergilər Məcəlləsinə dəyişikliklər iqtisadiyyatı kölgədən çıxarmaq üçün kifayət deyil''

Vergilər Nazirliyi

Ələsgər Məmmədli: ''Hər il eyni yanlış təkrar olunur''

Ölkədəki makro və kiçik sahibkarlıq subyektlərinin 2019-cu ildən balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva mətbuat konfransında deyib.

O deyib ki, bu dəyişikliyə qədər kiçik sahibkarlıq subyektlərindən də xalis mənfəəti öz təsisçiləri arasında bölüşdürərkən ümumi qaydada 10 faiz dərəcə ilə vergi tuturdu.

“Bununla da sahibkarlıq subyektlərinə şəffaf uçot apadıqları halda əlavə vergi güzəştləri veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaq”.

Onun sözlərinə görə, eyni zamanda, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər nəzərdə tutulur.

“Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyesterində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə 7 il müddətinə ƏDV-dən azad edlir. Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir”.

Samirə Musayeva
Samirə Musayeva

S.Musayeva deyib ki, gəlir vergisi üzrə güzəşt nəticəsində büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq.

İqtisadçı Natiq Cəfərli düşünür ki, müstəqil ekspertlərin çıxışlarından sonra Vergilər Nazirliyi hərəkətə keçib dəyişiləcək maddələrin məntiqini izah etməyə çalışdılar.

“Əslində, əksinə olmalıydı, öncədən mətbuat konfransları, toplantılar, müzakirələr keçirilməli, ardınca dəyişikliklər qəbul edilməliydi”.

Natiq Cəfərli Meydan TV-yə deyib ki, Vergilər Nazirliyinin rəsmisinin çıxışında yenilik yox, onların ehtimallarının təsdiqini görüb. Onun sözlərinə görə, hökumət yeni dəyişikliklərlə gizli iş yerlərini aşkara çıxartmağı, müqavilə öhdəlikləri ilə işləyənlərin sayının artmasını, nəticədə dövlət büdcəsinə və əsasən də Sosial Müdafiə Fonduna ödənişləri artırmağı çalışır.

“Biz də bunları yazmışdıq. Amma nazirliyinin rəsmisi konfransda hökumətin bu məqsədlərə çatması üçün məcəllədə dəyişikliklər yetərlidirmi sualına cavab vermədi. Çünki bu dəyişikliklər gizli iş yerlərinin və əmək müqavilələrinin rəsmiləşməsində yetərli, həm də kifayət qədər cəlbedici və təşviqedici deyil. Sual yaranır, hansı yolla biznesə və vətəndaşlara müqavilələri rəsmiləşdirməkdə maraq yaranacaq. Təəssüf ki, Samirə Musayevə bu məsələdə heç bir yol göstərmədi”.
İqtisadçı düşünür ki, dəyişikliklərin fəlsəfəsini, məntiqini, hədəfə çatmaq üçün yollarını, ölçü indikatorlarını, 6 aydan və 1 ildən sonra nə gözləyirlər sualları açıq qaldı.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli hesab edir ki, o yenə də nazirliyin əvvəlki qaydaları bərpa edəcəyi haqda fikrində qalacaq, çünki hökumət bu dəyişikliklərlə məqsədinə çata bilməyəcək.

“Hədəflər doğru, məqsədlər ülvi ola bilər, amma bunlara çatmaq üçün düşünülmüş konsepsiya ortalığa qoyulmayıb. Əgər bir müddət sonra yeni qaydaların işləmədiyini görsələr, yaxud ciddi problemlər var, onda köhnə qaydalara qayıtmaqla bağlı qeyri-formal qərar verilə bilər. Amma hədəf iqtisadiyyatın kölgədən çıxartmaq idisə, bunun üçün məlum dəyişikliklər kifayət deyil”.

İqtisadçı Vergi Məcəlləsində tez-tez dəyişiklik etməyin əleyhinə olduğunu bildirdi:

“Bu, çox çətin və ağrılı məsələdir, 2016-cı ildə təxminən 201 maddədə dəyişiklik və əlavələr oldu. İndi sənədin yarıdan çoxu dəyişdirilib, yaxud əlavələr edilib. Beləcə yamaq şəklinə düşən Vergilər Məcəlləsi yaranır. Həm də tez-tez dəyişdirilən vergi qanunvericiliyi biznes üçün çox pis xəbərdir. Oyun qaydalarının 2 ildə köklü şəkildə iki dəfə dəyişməsi yerli, xarici, iri, orta və kiçik daxili, investorlara çox pis xəbər və göstəricidir, xüsusən xaricilərə. Belə çıxır ki, Azərbaycanda oturuşmuş oyun qaydaları yoxdur, qanunlar tez-tez dəyişə bilər. Heç kimdə də zəmanət yoxdur ki, bugün qəbul olunmuş yeni qaydalar gələn il dəyişdirilməyəcək”.

Hüquqşünas Ələsgər Məmmədli Milli Məclisin hər il olduğu kimi yenə də qüvvədə olan Vergi Məcəlləsinə yüzdən çox əlavə və dəyişiklik etməsini mənfi qiymətləndirib və Konstitusiya ilə ziddiyyət təşkil etdiyini bildirib.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas “Facebook” səhifəsində yazıb ki, hər il Məcəlləni aşsüzənə döndərərək ona mövcud maddələrin sayı qədər dəyişiklik və əlavə etmək hüquq məntiqinə sığmır:

“Yəqin ki, növbəti ili bütünlüklə vergi çalışanları yeni prosedurları tətbiq etmək üçün mənimsəməyə ayırmalı olacaqlar. Hər il eyni yanlış təkrar olunur”.

Ələsgər Məmmədli bu dəfəki dəyişikliklərdə daha ciddi bir yanlışın diqqəti çəkdiyini bildirib:

“Müəyyən islahatlar adı altında vergi dərəcələndirmələri dəyişdirilir. Amma nədənsə Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü madəsinin 15-ci bəndində ona verilmiş müstəsna səlahiyyəti-vergiləri müəyyən etmə səlahiyyətini bəlli bir qrup üçün 101.1-6 maddədə qeyri-müəyyən orqana verib:101.1-6, bu Məcəllənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Məsələ çox sadədir, Konstitusiyanın 73-cü maddəsi ilə bu norma ziddiyyət təşkil edir. 73-cü maddə deyir ki: Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Yəni Vergi Məcəlləsi bu Məcəllənin məqsədləri üçün “neft-qaz sahəsi” və “qeyri-dövlət sektoru” anlayışlarını aydın göstərməlidir. Əks halda Məcəllə bu qaydada qüvvəyə minsə 101.1-6-cı bəndin Konstitusiyaya ziddiyyət məsələsi haqlı gündəmə gələcək və Konstitusiya Məhkəməsi ciddi sınaq qarşısına düşəcək”.

x

YAZARIN DİGƏR YAZILARI