Qovlar sakini yerli məmurlara etirazını özünü kəsməklə bildirib

Tahir Rəhimovun həyat yoldaşı deyir, yerli məmurlar qəsdən sahəyə gəlir, mal damını sökməyə çalışır, onları incidirlər

“Bazardaydım, qayıdıb gəlib sahəyə çatanda gördüm ki, yoldaşım özünü doğrayıb, polislərlə icra hakimiyyətinin nümayəndələri də kənardan tamaşa eləyir. Təcili yardıma zəng vurdum”.

Bunu Meydan TV-yə Tovuzun Qovlar şəhər sakini Şəfiqə Xankişiyeva deyir. Onun sözlərinə görə, oktyabrın 29-da pay torpağında tikdikləri heyvan damlarının sökülməsinə eritaz olaraq həyat yoldaşı, 44 yaşlı Tahir Rəhimov özünə bıçaqla xəsarət yetirib.

Yaşamağa imkan vermirlər

Qovlar şəhərində əhalinin əsas məşğuliyyəti Tovuzun başqa yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Ancaq sakinlərin iddiasına görə, yerli məmurlar kasıb təbəqəyə bu fəaliyyətlə məşğul olmağa imkan vermir. Elə Tahir Rəhimov da pay torpağında mal-heyvan saxladığı üçün məmur qəzəbinə tuş gəlib. Tez-tez sahəyə gələn yerli icra hakimiyyətinin əməkdaşları və polislər ona məxsus heyvan damını sökməyə cəhd edir. Sonuncu dəfə sahədə yaranan münaqişə onun özünə xəsarət yetirməsi ilə nəticələnib.

 

Mal damı tikdik ki, başımızı dolandıraq

 

Həyat yoldaşı Şəfiqə xanım sözünə davam edir:

“Təcili yardım çağırdım, yoldaşımı qanı axa-axa təcili yardım maşınına qoyub Tovuz rayon Mərkəzi Xəstəxanasına apardım, yaralarını tiksələr də, özünü xəstəxanaya qəbul eləmədilər. Çünki biz ora çatınca artıq tapşırıq gəlmişdi ki, bu adamı xəstəxanaya qəbul eləməsinlər. Neçə gündür ki, özüm aptekdən ağrıkəsici, infeksiyaya qarşı dərmanlar alıram, iynələrini vururam”.

Buna qədər Tahir Rəhimov 4 qardaşı ilə birikdə yaşayırmış. Bu yaxınlarda qərara gəlib ki, pay torpağında həm ev tiksin, həm də heyvandarlıqla məşğul olsun:

“Yoldaşımgil 5 qardaşdır. Hamısı da ailəsi ilə vur-tut 8 sot həyətyanı sahəsi olan evdə yaşayırdı. Təkcə bizim ailə 6 nəfərdən ibarətdir. Uşaqlarımın hamısı azyaşlıdır. 3 qızımız və 1 yaş 4 aylıq olan oğlumuz var. Yeməklərini, geyimlərini çatdıra bilmirik. Üstəlik, sıxlığa görə evdən çıxdıq, ayrıca yaşamağa qərar verdik. Bir az mal-heyvan aldıq ki, heç olmasa uşaqların südünü, ətini mağazadan almayaq. Pay torpağımızda mal damı tikdik, iribuynuzlu heyvanları saldıq ora, indi hər gün gəlirlər ki, sökün”.

Şəfiqə xanım deyir, mal damının tikildiyi sahə əkinə yararsız və istifadəsizdir:

Yararlı torpaqları əkirlər, yararsızları da kasıba vermirlər

“Rayonun məmurları, rəisləri adamların imkansızlığından istifadə edib pay torpaqlarını dəyərindən qat-qat aşağı qiymətə satın alıblar. Qovlarda əhalidə bir qarış da yer qoymayıblar. Bircə torpağını satmayan bizik. Dəfələrlə həyat yoldaşıma təklif ediblər ki, pay torpağını satsın, razı olmayıb. Qovlarda əkinə yararlı bütün torpaqları özləri əkirlər, yaxud təyinatını dəyişib başqa məqsədlər üçün istifadə edirlər, yararsız sahələrdə isə kasıba balaca bir mal damı itkməyə imkan vermirlər”.

Şəfiqə xanımın ailəsi mal damı tikdikləri yerdə həm də yaşayır. Yerli icra hakimiyyəti buna da imkan vermir:

“Yoldaşım onlara sual verdi ki, bax, söküb qoyursuz yerə, heç olmasa deyin, mən dörd uşaqla, qadın xeylağıyla hara gedim? Bir yer göstərin, biz də burdan yığışaq çıxaq, deyək, buyurun, sökün. Buranı söksəniz, küçədə qalarıq. Getməyə yerimiz yoxdur, bəs biz bu ölkənin vətəndaşları deyilik? Bizim ev şəraitində yaşamaq haqqımız yoxdur? Küçədə yaşayaq? İcra nümayəndəsi dedi, o tərəfi bizlik deyil, bizim işimiz sizi burdan çıxaranacandır. Gerisini özünüz həll etməlisiz”.

Başdan-ayağa şərdilər

Şəfiqə Xankişiyeva deyir, mal damları sökülsə, iribuynuzlu heyvanları dəyər-dəyməzinə satmaq məcburiyyətindədirlər. Halbuki, bu mal damını tikmək və mal-qaranı almaq üçün ayrı-ayrı adamlardan götürdükləri borcları hələ geri qaytarmayıblar. Xanımı narahat edən başqa məsələ isə həyat yoldaşı ilə bağlıdır:

“Həbsdən çıxıb, ağır cərrahiyyə əməliyyatı keçirib, əsəbləri gərgindir. Ona görə qorxuram. Hətta özünə xəsarət yetirəndən sonra polisə çağırdılar ki, izahat yazsın, mən getməsinə imkan vermədim. Bilirəm ki, başdan-ayağa şərdilər. Onların əlində vətəndaşı şərləmək su içimi kimi şeydir. Bu adam nə istəyir ki? Balalarını başına toplayıb onlara gün alğamaq istəyir, ona da imkan vermirlər. Hər yeri ələ keçiriblər, üzüm əkirlər, mal-qara saxlayırlar. Əkin sahələri, örüş sahələri – hamısını ələ keçiriblər. Məqsədləri də bizim kimi kasıbların nəfəsini kəsməkdir”.

Şəfiqə xanımın sözlərinə görə, 20 gündən çoxdur ki, onlara məxsus əkin sahəsinə verilən suyun da kəsiblər. Deyir, mal damını sökdürmək üçün bu yolla ailəyə təzyiq göstərirlər.

Pay torpağının təyinatı əkinçilik üçündür

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, torpaq islahatları zamanı Qovlarda Tahir Rəhimova ayrılan pay torpağının təyinatı əkin işləri üçündür. Ona dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, pay torpağında yaşayış yeri və mal damı tikib. Qanunsuz tikililəri könüllü sökməsinə dair xəbərdarlıqlara əməl etmədiyi üçün oktyabrın 29-da günorta saat 16 radələrində icra hakimiyyətinin nümayəndələri polislərlə birlikdə əraziyə gedib. Ancaq Tahir Rəhimov özünə xəsarət yetirmək yolu ilə əraziyə gələnlərə təzyiq göstərməyə çalışıb: “Torpağın təyinatını yalnız Nazirlər Kabineti dəyişə bilər. Bu torpaqlar kəndlilərə əkinçilik təsərrüfatı ilə məşğul olmaq üçün verilib. Mal-qara saxlanması qanunla qadağandır”.

Qurumdan bildirilib ki, hazırda Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

x

YAZARIN DİGƏR YAZILARI