Evin önündəki xatirə lövhəsinə aid foto
Evin önündəki xatirə lövhəsinə aid foto

Cəlil Məmmədquluzadənin Tbilisidəki evində

“Burda ərimin babası yaşayıb. Ərim də bu evdə anadan olub. Onun babası bu evi alıb. Bilirik ki, bu ev tarixi şəxsiyyət – Cəlil Məmmədquluzadəyə aiddir. Bir neçə dəfə Azərbaycan səfirliyindən gəlib evi almaq istəyiblər. Ancaq razılaşmamışıq. Evin hazırkı sahibi nəvəm Merabdır. O, evi almaq istəyənlərlə danışıqlarda olub”, – deyə Yelena Keasişvili bildirir.

O, Tbilisidəki Besiki 24 ünvanında uzun illərdir yaşayır. Evin Cəlil Məmmədquluzadəyə aid olduğunu qapının yanında divara bərkidilmiş xatirə lövhəsindən və ərindən öyrəndiyini deyir. Buranın tarixi yer olduğunu elə ancaq bu lövhədən anlamaq olar. Həmin lövhədə qısa olaraq Cəlil Məmmədquluzadə haqda yazılıb.

Cəlil Məmmədquluzadəyə məxsus evin və “Qeyrət” mətbəəsinin bir əsir əvvəlki görünüşü
Cəlil Məmmədquluzadəyə məxsus evin və “Qeyrət” mətbəəsinin bir əsir əvvəlki görünüşü

Cəlil Məmmədquluzadənin evinə bitişik “Molla Nəsrəddin” jurnalının nəşr edildiyi “Qeyrət” mətbəəsinə (daha əvvəl Şərqi-rus qəzetinə aid olub) aid yer haqqında isə az bildiyini vurğulayır:

“Eşitmişəm ki, həmin yerdə əvvəllər muzey olub. Amma oranın nə zamansa qapısının açıldığını görməmişəm. Deyirlər, sonradan bağlanıb”.

Ətrafda uzun müddətdir yaşayan sakinlər də bu sözləri təsdiqləyir. Yaşlı sakinlərdən biri əvvəllər həmin binanın muzey olduğunu, bir müddət sonra isə bağlandığını, illərdir qapısının açılmadığını nəql edir. Fəaliyyət göstərdiyi zamanlarda da bütün günü işləmədiyini, bəzi əşyaların oğurlandığını deyir.

Məmmədquluzadənin evindən fərqli olaraq redaksiyanın tarixi yer olduğunu bildirən lövhə və ya başqa bir işarə yoxdur. Evin yalnız arxa hissəsində olan giriş qapısı isə dəmir çərçivə ilə qapadılıb.

Cəlil Məmmədquluzadəyə məxsus evin və “Qeyrət” mətbəəsinin hazırki görünüşü
Cəlil Məmmədquluzadəyə məxsus evin və “Qeyrət” mətbəəsinin hazırki görünüşü

Evin hazırkı sahibi Merab Xaradze ad çəkmək istəməsə də, mülkün Azərbaycan hökümətinə yaxın insanlar tərəfindən alınmaq istədiyini təsdiqləyir:

“Bir neçə dəfə evi almaq üçün danışıqlar olub. Evi almaq istəyənlər Azərbaycan səfirliyi və SOCAR-la əlaqəli olduqlarını deyiblər. Amma sonra onlardan xəbər çıxmayıb, yoxa çıxıblar. Hazırda evin bir hissəsi qəzalı vəziyyətdədir. Buranın tarixi bina olduğunu bilirəm. Ümumən binada problemlər var. Yaxın vaxtlarda təmir edilməzsə, binanın bəzi hissələri məhv ola bilər. Bizim evə bitişik mətbəə ilə bağlı isə bildiyim çox azdır. Ciddi danışıq aparan olsa, evi sata bilərik. Ən azından tarixi abidə kimi qəzalı hissəsinin təmiri vacibdir”.

Evin içində isə tarixilik demək olar ki, qalmayıb. Mənzilin ən yaşlı sakini Yelena Keasişvili buna səbəb kimi uzun illər buranın adi ev kimi istifadəsini göstərir:

“Burada məndən başqa nəvələrim qalır. Gördüyünüz kimi evi də nəvələrimin istəyinə uyğun dəyişmişəm. Hər şey səliqəli və yaxşı şəraitdə olsa da, evin qədim görüntüsü qorunmayıb. İçəridə əvvəllər bəzi köhnə kitablar olub. Onu da Azərbaycandan olan dövlət nümayəndələrinə veriblər. Lakin bu haqda soruşmayın, çünki geniş məlumatım yoxdur”.

Mətbəənin arxa girişinə və içərisinə aid fotolar
Mətbəənin arxa girişinə və içərisinə aid fotolar

Azərbaycanın Gürcüstandakı səfirliyi isə uzun müddət sualları cavablandırmaqdan yayınıb. Daha sonra isə nə oğurlanan eksponatlar, nə də həmin redaksiyanın hazırda kimə aid olduğunu bilmədiklərini bildiriblər.

“Bu tip məsələlər bizim işimizə aid deyil və biz bu tip məsələlərlə maraqlanmırıq”, - Səfirlik nümayəndəsi qısa şəkildə bildirib.

Gürcüstanın Mədəniyyət və Abidələrin Qorunması Nazirliyindən (Ministry of Culture and Monument Protection of Georgia) isə Besiki 24 ünvanında yalnız bir xatirə lövhəsinin qeydiyyatdan keçdiyini bildiriblər.

“Orada Məmmədquluzadəyə aid xatirə lövhəsi var və rəsmi olaraq bizdə qeydiyyatdadır. Ora bitişik redaksiya isə rəsmi qeydiyyatda deyil. Məndə yalnız keçmiş işçilərə aid məlumat var ki, 2000-ci illərdə orada dövlətdənkənar dəstək ilə muzey açılıb və daha sonra bağlanıb. Gürcüstanda bu tip muzeylər mövcuddur. Dövlət dəstəyində deyil, lakin kiminsə şəxsi dəstəyi ilə fəaliyyət göstərir. Oradakı eksponatların oğurlanması haqqında isə heç bir məlumatım yoxdur. Bildiyim budur ki, ordakı eksponatlar Axundov adına ev muzeyinə (M.F.Axundov adına ev muzeyi və Azərbaycan Mədəniyyəti Mərkəzi) aparılıb. Həmçinin Nəriman Nərimanovun evinə aid əşyalar da həmin muzeyə köçürülüb. Binanın qəzalı olmasına isə biz baxmırıq. Bununla bağlı Tbilisi Meriyasına bağlı Tbilisi İnkişaf Fondu (Tbilisi Development Fund) var. Bu qurum qəzalı binaları restavrasiya edir”, – deyə nazirliyin mütəxəssisi Sofiko Lodjanize bildirib.

Mətbəənin arxa girişinə və içərisinə aid fotolar
Mətbəənin arxa girişinə və içərisinə aid fotolar

Tbilisi İnkişaf Fondundan isə bildiriblər ki, onlar Tbilisidəki ən qəzalı vəziyyətdə olan binaları restovrasiya edirlər. Besiki 24 ünvanında yerləşən bina isə bu siyahıda deyil. Ümumiyyətlə, onlarda binanın qəzalı olmasına aid məlumat yoxdur.

M.F.Axundov adına ev muzeyi və Azərbaycan Mədəniyyəti Mərkəzinin (Mirza F. Akhundov museum of Azerbaijani culture of Tbilisi) direktoru Leyla Əliyeva isə Mədəniyyət Nazirliyinin dediklərini rədd edib:

“Bizdə Cəlil Məmmədquluzadəyə və “Qeyrət” mətbəəsinə aid heç bir eksponat yoxdur. Biz yalnız Axundov və Nərimanov muzeylərinə cavabdehlik daşıyırıq. Deyilən yerdə uzun illər əvvəl olmuşam. Orada heç eksponatlar da çox deyil. Bəzi kitab və xırda əşyalar olub. Nə vaxtsa ora təmir olunub bizim muzeyin nəzdinə verilsə, o zaman biz də cavabdehlik daşıyarıq”.

Mətbəənin arxa girişinə və içərisinə aid fotolar
Mətbəənin arxa girişinə və içərisinə aid fotolar

Əliyeva oranın nə vaxt təmir olunub, istifadəyə verilə biləcəyi haqqında isə məlumatlı olmadığını söyləyib. Əvvəlcə bu məsələyə səfirliyin cavabdeh olduğunu desə də, daha sonra məlumatsız olduğunu bildirib:

“Həmin yer Azərbaycan mədəniyyəti üçün önəmlidir. Lakin Tbilisidə çoxlu Azərbaycan abidələri var. İndiyənə qədər Axundova məxsus ev muzeyi və Nərimanova aid ev muzeyi təmir edilib və muzey kimi istifadəyə verilib. Yəqin ki, növbəti illərdə Cəlil Məmmədquluzadəyə aid ev də istifadəyə verilər. Lakin bunun nə vaxt baş verəcəyini bilmirəm və bu məsələyə kimin cavabdehlik daşığını da deyə bilmərəm”.