''Burda yaşadıqca, insan kimi nə qədər dəyərsiz olduğumuzu anlayırıq''

Köçkünlər deyir, zirzəmisi 2 metr hündürlüyündə su ilə dolan binada yaşamaq təhlükəlidir

“Zirzəmi 2 metr hündürlüyündə su ilə dolub. İllərdir ki, belədir... Su dolur, ora-bura yazırıq, gəlib suyu çəkib gedirlər. Nəticədə binanın divarlarında çatlar yaranıb. Xüsusi ekspertiza keçirməyə ehtiyac yoxdur, elə kənardan baxanda aydın görünür ki, bina əyilib. O günlərdə də giriş tərəfdəki artırma çökdü. Yer yarıldı, beton artırma getdi aşağı. Allah üzümüzə baxdı ki, həmin an ordan uşaq, böyük keçmədi. Ölüsü də ələ gəlməzdi”.

Dərnəgül prospekti, Səttar Bəhlulzadə küçəsindəki 9 mərtəbəli yataqxana binasında məskunlaşan köçkünlər Meydan TV-yə danışırlar ki, burada yaşamaq dözülməz həddə çatıb. İstismar müddətini çoxdan başa vurmuş bina necə deyərlər, “belini əyib”, hər gün bir daşı qopub düşür. Adamlar bir gün binanın tamam çökməsindən təlaşlanırlar.

Biz bezdik, hökumət bezmədi

Köçkün Firəniz Əliyeva:

“Hər il deyirlər, gözləyin, növbəniz çatanda, köçürüləcəksiz. Nə torpaq geri alınır, nə yaşayış şəraitimiz yaxşılaşdırılır. Və bu məşəqqətli həyatımız 26 ildir davam edir. Adamlar yaşa dolur, vəfat edir, tabutları içərisi xarabalığı xatırladan bu binadan çıxarılır. Didərginlik ən böyük bədbəxtlikdir. Biz bir dəfə didərgin düşəndə mənən, ruhən ölmüşük. Burda hər ailənin azı 2-3 şəhidi var. Həyatımız qırıq, ürəyimiz qırıq... Üstəlik də ətrafımıza göz gəzdirib özümüzü siçovulların arasında görəndə, divarlarımızdan süzülən sidiyin qoxusu burnumuza dəyəndə bir də ölürük. Hər gün dəfələrlə ölən insanlarıq. Biz belə həyatdan bezdik, yorulduq, hökumət bizə bu həyatı yaşatmaqdan bezmədi”.

Başqa köçkün Laləzar Ağamalıyeva deyir, burada məskunlaşdıqları 26 il ərzində elektrik və kanalizasiya xətləri bircə dəfə də yenilənməyib. Halbuki, ötən əsrin ortalarında istifadəyə verilən yataqxana binası köçkünlər buraya yerləşərkən artıq istismar müddətini başa vurmaq üzrəymiş:

Qulaqlarımız vədlərə alışıb

“Dəhlizlərdəki naqillər çürük-çürükdür, dəhlizlərdə bir-birinə dolaşıb. Elektrik şiti dəfələrlə partlayıb, gəlib yüngül təmir edib, işə salıb gedirlər. Hər mərtəbədə ayaqyolu var. Hamısında da kanalizasiya xətləri dağılıb. Bağışlayın, yuxarı mərtəbənin sidiyi aşağı mərtəbədə yaşayanın evinə axır. Üfunətdən beyin çatlayır. Burda yaşadıqca, insan kimi nə qədər dəyərsiz olduğumuzu anlayırıq”.

Köçkünlər danışır ki, “Qaçqınkom”dan, icra hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən gəlib dəfələrlə binaya baxış keçiriblər. Hər dəfə də yaxın vaxtlarda köçürüləcəklərini deyiblər. Ancaq illərdir ki, köçkün ailələrinin qulaqları bu vədi eşitməyə alışıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, yataqxanada məskunlaşmış köçünlər köçürüləcək:

“O yataqxana binası istismar müddətini başa vurub. Gərək köçkünlər oradan köçürülsün ki, binada hansısa işlər görülsün. Ancaq binada ara-sıra təmir-bərpa işləri aparılır. Köçkünlər özləri də artırmalar etməklə binanı çox yükləyiblər. Ölkə rəhbərliyinin də bu məsələyə xüsusi diqqəti var. Növbəti köçkün şəhərciklərinə ilk növbədə istismar müddəti ötmüş yataqxana binalarında məskunlaşmış və yaşayış şəraiti pis olan köçkünlər köçürüləcək”.

x

YAZARIN DİGƏR YAZILARI