''Özüm balıq satsam da, uşaqlarım ildə bir dəfə balığın dadına baxa bilmirlər''

Balıq bazarından reportaj

“Gələn aydan balıq ən azı 2-3 manat bahalaşacaq. İndidən bizə xəbərdarlıq ediblər”, -bunu paytaxtın ən ucuz balıq bazarı hesab edilən Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki ticarət mərkəzində balıq satan Elvin deyir.

Onun sözlərinə görə, artıq Naxçıvandan gətirilən balıqlarının kiloqramında bahalaşma var.

Bazarın qarşısındakı küçədə balıq alveri gedir. Kimi arabada, kimi də yerə sərilmiş kağız torbaların üstündə balıq satır. Satıcılar çirkli vanna, yaxud vedrədən götürülən balığı təmizləyir, içalatını torbalara yığır, qan qarışıq çirkli suyu isə küçəyə axıdıllar.

Elvin deyir ki, günü 10 manatdan araba kirayələyib, yerə görə də gündəlik 10-15 manat ödəyir. Amma xərci bununla bitmir, bazarın baytar həkiminə də “hörmət” edirlər ki, bu tərəflərdən keçməsin.

Kütümün kilosu 7, berjin 10, xanı 5, Naxşıvandan gətirilən və “Araz xanısı” kimi təqdim edilən balığın kiloqramı 6 manatdan satılır.

Digər satıcı Amil Quliyev söyləyir ki, taksi sürücüləri və qarşıdakı binaların sakinləri doğru-dürüs alver etməyə imkan vermirlər. Tez-tez natəmizlikdən, yolun bağlanmasından şikayətlənirlər, bir balaca mübahisə yaranan kimi bazar rəhbərliyi də onlara kənardan yer ayırmağa məcbur olur. Onun dediklərinə isə yaxınlıqdakı mağazanın satıcıları kəskin reaksiya verirlər, aralarından biri palçıqdan və tullantılardan keçilməz olan yolu, ağzınadək zibillə dolmuş qutuları göstərir.

“İndi adam çoxdur, gecə gəlin, bəlkə də paytaxtın bütün itləri bura toplanır. Qanlı suyu küçəyə tökmək lazım deyil”,-deyir.

Bazara balıq əsasən cənub bölgəsindən, İmişli, Salyan rayonlarından gətirilir. Amil bazarın yaxınlığında məcburi köçkünlər tərəfindən tikilmiş yarım zirzəmidə kirayəyə qalır. Deyir ki, yayda meyvə-tərəvəz satır, çox vaxt arabanın üstündə qıvrılıb yatır. Qışda isə soyuq olur, maşını olmayanlar üçün küçədə qalmaq çətinləşir.

Hər gün bazara ən geci saat 6-dan gəlir, çünki rayonlardan balığı o vaxt gətirirlər:

“Naxçıvandan gətirilən balıqları hava limanından götürürük, amma indi çox da sərfəli deyil, alıcını inandıra bilmirik ki, Arazdan tutulmuş balıqla İmişlidən gətirilən balığın dadı eyni deyil”.

Satıcılar deyirlər ki, mal və qoyun ətinin bahalaşması balıq alverinə təsir edib, qazancları artıb.

“Mağazalarda köhnə balığı buzda saxlayıb təzə məhsul kimi ikiqat baha satırlar, alıcı isə bizə deyil, onlara inanır. Məsələn, bu xanı balığının kilosunu biz 5 manata veririk, mazağadan 7 manatdan alırlar. Biz də təmiz, yaxşı şəraiti olan bazarda alver etmək istəyərdik”,- satıcılardan biri bildirir.

Onun sözlərinə görə, piştaxtaların aylıq kirayəsi bahadır, çatdırmaq olmur:

“Yenə küçədə beş-on manat qazancımız olur. Həm özüm dolanıram, həm də Ağcəbədidə yaşayan ailəmə pul göndərirəm. Neyləyim, rayonda iş yoxdur, burda balıq təmizləməkdən əlimin dərisi soyulub. Təki 4 qızımın qarnı doysun. Özüm balıq satsam da, uşaqlarım ildə 1 dəfə balığın dadına baxa bilmirlər”.

x

YAZARIN DİGƏR YAZILARI