Rövşən Ağayev: Büdcə gəlirlərində neftin payı 60 faizə çatıb

Rövşən Ağayev

Doqquz ayda Neft Fondunun gəlirləri 13 milyard manatdan çox olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin 9 ayının büdcə icrasını açıqlayıb.

Sənədə görə, büdcə gəlirləri 14 milyard 437,2 milyon manat, büdcə xərcləri isə 8 milyard 5,9 milyon manat olub.

Yanvar-sentyabr aylarında Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 milyard 441,6 milyon manat olub:

“Mənfəət neftinin və qazın satışı 12 milyard 658,1, bonus ödənişləri 765,2, akrhesabı ödənişləri 4,1, tranzit gəlirləri 14,2 milyon manat təşkil edib. Hesabat dövrü ərzində ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 995,6 milyon manata bərabər olub”.

Bu 3 rübdə ARDNF dövlət büdcəsinə 7 milyard 788 milyon manat vəsait transfer edib. Bundan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait ayrılıb:

“2007-2015-ci illərdə gənclərin xaricdə təhsilinə beş milyon manat vəsait xərclənib. Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 15,9 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 968,7 milyon manat olub. Bu il oktyabrın 1-ə Neft Fondunun aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon ABŞ dolları) nisbətən 8,88 faiz artaraq 38 milyard 987,7 milyon dollara bərabər olub. Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına formalaşıb”.

İqtisadçı Rövşən Ağayev nefti Azərbaycan iqtisadiyyatının və hökumətinin canı və qanı adlandırıb. Deyir, açıqlanan nəticələrdən görünür ki, büdcə gəlirlərində neftin payı 60 faizə çatıb:

“Ötən ilin eyni dövründə bu rəqəm 47 faiz idi. Bundan əlavə, gəlirlər 33.5 faiz (4 mlrd. manat) artıb. Bu artımın səbəbi əsasən, bahalaşan neft olub. 2017-ci ilin 9 ayı ilə müqayisədə neft sektorundan dövlət büdcəsinə daxilolmalar 3.9 mlrd. manat çoxalıb. Əvəzində isə Vergilər Nazirliyinin qeyri-neft sahələrindən topladığı vergilər 335 mln. manat azalıb”.

İqtisadçının sözlərinə görə, ötən ilin 3 rübünün nəticələrinə nisbətən 2018-ci ilin 9 ayında xam nefin orta qiyməti 40-45 faiz yüksək olub:

“Bizim hökumətimizin sürət qutusu avtomatik sürət qutusu rejimində çalışır: qiymət - büdcə spiralı çox dəqiq və qüsursuz işləyir...”.

Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin bir barreli 55 dollar səviyyəsində göstərilib.

x

YAZARIN DİGƏR YAZILARI