Biznesmenin 50-dən çox göbələk şirkətləri və milyonluq tenderləri

47 yaşlı azərbaycanlı iş adamı ölkədə qeydiyyatdan keçirilən 50-dən çox şirkətin sahibidir. Həmin şirkətlər 2012-ci ildən 2016-cı ilə qədər dövlət qurumları tərəfindən elan edilmiş 6 milyon manat (cari valyuta məzənnəsinə görə 3.5 milyon dollar) dəyərində olan 180 tenderin qalibi olub. Ancaq axtarış zamanı məlum olur ki, həmin şirkətlərin çoxunun nə faktiki ünvanı, nə də əlaqə nömrəsi var. Buna baxmayaraq, şirkətlər əsasən, iki ünvanda qeydiyyatdan keçirilib. Həmin ünvanların heç birində azərbaycanlı iş adamının özünə aid bir iz yoxdur.

İş adamı Fəxrəddin Məmmədovla nə telefon, nə də şirkətlərinin qeydiyyatdan keçirildiyi ünvanda yaşayan dostları və qohumları vasitəsilə əlaqə saxlamaq mümkün oldu. Məmmədovun və yaxud onun şirkətlərinin qeyri-qanuni bir iş görməsi ilə bağlı heç bir sübut yoxdur. Ancaq nə üçün kimsə ofis və yaxud işçi heyəti olmadan dövlət tərəfindən elan edilən tenderlər üçün çoxsayda fərdi şirkətlər yaratsın?

Ekspertlər sahibkarın birdən çox şirkət yaratmağının əsas səbəbini vergi qanunvericiliyi ilə bağlı olduğunu düşünürlər. Əgər şirkətin illik dövriyyəsi 200 min manatdan ($118,000) aşağıdırsa, o zaman, o, 4 faizilk sadələşdirilmiş veri ödəməlidir. Ancaq bu rəqəm yuxarıdırsa, o zaman 18 faizlik ƏDV ödəməlidir. Əgər, satınalma qeydiyyatdan keçibsə, o zaman ƏDV geri qaytarılır. Eyni zamanda bir şirkətin müxtəlif tenderlərdə qalib olması qəbuledilən olmadığı üçün, sahibkarlar birdən çox şirkət yaratmağa üstünlük verirlər.

 

Ünvanın izi ilə..

Fəxrəddin Məmmədov 49 şirkəti 2012-2016-cı illərdə özünün də seçici kimi qeydiyyatda olduğu Corat qəsəbəsi 187A ünvanında qeydiyyatdan keçirib.

Coratın dar küçələrindən biri…

Təxminən üç metr hündürlüyündə daş hasarlı həyətdə iki ev var. Qapını döyən zaman səsimizə evin iti hay verir. Elə bu zaman başımızın üstündəki pəncərədən yaşlı qadın boylanır.

Meydan TV: Bizə Fəxrəddin müəllim lazımdır. Bildiyimizə görə, burda yaşayır.

Qadın: Xeyr, burda yaşamır.

Meydan TV: Özünü necə tapa bilərik?

Qadın: Bilmirəm.

Meydan TV: Fatma xanım sizsiniz? Fəxrəddin müəllim sizin oğlunuz deyilmi, onu hardan tapa bilərik?

Qadın: O, mənim oğlum yox, qohumumdur.

Dördüncü dəfə iş adamının qeydiyyatda olduğu ünvana- Corata səfərimiz belə onu tapmağımıza kömək etmədi. 35-40 yaşlarında, çal saçlı, 1.70-1.75 boylarında bir kişi qapını açaraq, Fəxrəddin Məmmədovun qardaşı Cavanşir Məmmədov olduğunu deyir, Fatma Məmmədovanın onların anası olduğunu təsdiqləyir.

Fəxrəddin Məmmədovun qeydiyyatda olduğu ev
Fəxrəddin Məmmədovun qeydiyyatda olduğu ev

Meydan TV: Salam. Bizə Fəxrəddin müəllim lazımdır.

CM: Niyə?

Meydan TV: O, təxminən 49 şirkətin qanuni təmsilçiliyini edir. Bununla bağlı suallarımız var.

CM: Bunun mənə aiddiyatı yoxdur.

Meydan TV: Biz onu necə tapa bilərik?

CM: Nömrənizi verin, əlaqə saxlayar.

Gözlənilən zəng isə gəlmədi.

Fəxrəddin Məmmədovun digər 3 şirkəti isə dostunun evinə - Sumqayıt şəhəri, 2-ci mikrorayon, bina 39/16, mənzil 59 ünvanında qeydiyyatdan keçirilib.

Sahibkarın idarə etdiyi şirkətlərin üçünün hüquqi ünvanı kimi göstərilən mənzilin sahibəsi Rəna Mahmudova deyir ki, onun keçmiş həyat yoldaşı Zaur, Fəxrəddin Məmmədovla dost olduğu üçün iş adamının bu ünvandan istifadə etməsinə icazə verib. Mahmudova özü hadisədən 2016-cı ilin aprel-may aylarında evinə Vergilər Nazirliyindən borcların ödənilməsi tələbilə məktublar gəldikdən sonra xəbər tutub. Məktubları görmək istədik, Rəna xanımsa həmin məktubları tulladığını bildirdi.

Məmmədovun adına olan şirkətlərdən biri - “Tac” LTD Sumqayıtda 6-cı mikrorayonda qeydiyyatdan keçirilib. Şirkət “İter Star Beynəlxalq” şirkətinə məxsus ticarət sahəsi ünvanında qeydiyyatdan keçirilib. 2012-ci il oktyabrın 25-də qeydiyyatdan keçən şirkət həmin ildə Mədəniyyət və Turizm Nazirliyinin Qubadlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin elan etdiyi 30 min manatlıq dəftərxana ləvazimatları ilə təmin etməklə bağlı tenderin qalibi olub.

Onlayn axtarış zamanı Məmmədovun qanuni təmsilçisi olduğu şirkətin ofis və əlaqə nömrələrini tapmaq mümkün olmadı.

 

Tenderlərin geniş əhatə dairəsi

Əsas faktlar: Dövlət Satınalmalar Agentliyinin məlumat bazasında Fəxrəddin Məmmədovun 50 şirkətinin 180-dən artıq tenderin qalibi olması barədə məlumat var. Sifarişlərin 2012-ci ildən 2016-cı ilə qədər ümumi həcmi 6,056,520 milyon manat (3.57 milyon dollar) olub.

Bunun 1,543,984 milyon manatı ($910,000) bölgələrdən - Gədəbəy, Quba, İsmayıllı rayonlarından, 4,512,536 milyon manatlıq ($2.66 milyon) tender sifarişlərini isə Sumqayıtda yerləşən dövlət qurumlarından alıb.

Məmmədov Zəngilan rayonu üzrə elan olunmuş tender sifarişlərinin əsas qaliblərindən biridir. Məsələn, son 4 il ərzində Zəngilan rayonu üzrə elan olunmuş 3,030,000 milyon manat ($1.8 milyon ) ərzaq, təmir, ofis üçün ləvazimatlar, mebel və s. tender sifarişlərinin təxminən dörddə birini Fəxrəddin Məmmədov əldə edib. Həmin məbləğin 157,953 manatlıq ($93,000 min ) hissəsini məcburi köçkünlər üçün üç ünvanda xidmət göstərən Zəngilan Mərkəzi Xəstəxanasından əldə edib.

Zəngilan rayonu mərkəzi xəstəxanasının əsas filialı Masazır qəsəbəsində, Abşeron yarımadasında yerləşən poliklinikada üç otaq tutur
Zəngilan rayonu mərkəzi xəstəxanasının əsas filialı Masazır qəsəbəsində, Abşeron yarımadasında yerləşən poliklinikada üç otaq tutur

Zəngilan Mərkəzi Xəstəxanasının Abşeronda, Masazır qəsəbə Poliklinikasında əsas məntəqəsi cəmi 3 otaqdan ibarətdir. İş masası bütün dəstgahı ilə yerləşdirilmiş, əlavə olaraq, televizor, bir xərək və bir neçə kiçik şkafı olan böyük otağı baş həkim Tariyel Salmanov özü qəbul otağı kimi istifadə edir. İkinci otaqda həkimlər xəstə qəbulunu həyata keçirirlər. Burda xəstəni müayinə etmək üçün yataq, bir neçə masa, bir də bir soyuducu var. Üçüncü otaqda isə təxminən 5-6 ədəd masa düzülüb, hər masanın üstünə də bir kompüter qoyulub.

Həkim Tariyel Salmanov Meydan TV-yə Masazır Mərkəzi Xəstəxanasının Masazır qəsəbə Poliklinikasının əsas məntəqəsində tibbi aparaturanın olmadığını təsdiqləyir. Onun sözlərinə görə, büdcə çox kiçik olduğu üçün avadanlığın alınması mümkün deyil. 2012-2016-ci illərdə Səhiyyə Nazirliyinin Zəngilən Mərkəzi Xəstəxanası üzrə elan olunan 229 milyon manatlıq ($135 million) tenderi Məmmədovun şirkətləri əldə edib. Bu pulla xəstəxanaya yumşaq və bərk inventar, maşın və avadanlıqlar almaq nəzərdə tutulurdu.

Xəstəxananın ikinci məntəqəsi Masazırda yerləşən Zəngilan şəhərciyindədir
Xəstəxananın ikinci məntəqəsi Masazırda yerləşən Zəngilan şəhərciyindədir

Xəstəxananın ikinci məntəqəsi əsas məntəqədən 10 dəqiqəlik (maşınla) məsafədə yerləşir. 4 otaqdan ibarət məntəqə Masazırda yerləşən Zəngilan şəhərciyindədir. Bu məntəqə də yalnız mebellə təchiz olunub.

Xəstəxananın üçüncü məntəqəsi Sabirabadda qaçqınlar üçün 2010-cu ildə tikilən “Yeni Zəngilan” şəhərciyində yerləşir. Bu şəhərcik 161 ailə üçün nəzərdə tutulsa da, hazırda burda 150 ailə yaşayır. Xəstəxana Rüstəmli kəndi yaxınlığında yaşayan qaçqın ailələri üçün fəaliyyət göstərir. Birmərtəbəli 4 otaqlı xəstəxana 3 yataq, bir soyuducu, televizor və masaüstü kompüterlə təchiz olunub.

Sabirabad rayonunda yerləşən Yeni Zəngilan qəsəbəsində xəstəxananın üçüncü filialı
Sabirabad rayonunda yerləşən Yeni Zəngilan qəsəbəsində xəstəxananın üçüncü filialı

Yeni Zəngilanda xəstəxana
Yeni Zəngilanda xəstəxana

Məntəqə həkimi Fiday Abbasov deyir ki, o, 5 ildir ki tutduğu vəzifədə işləyir. Onun sözlərinə görə, görünən avadanlıq məntəqə tikiləndə alınıb qoyulmuş əşyalardır. Təxminən “iki il əvvəl bu tibb ocağına bir televizor, bir masaüstü kompüter və bir neçə əlavə əşya” verilib.

Dövlət Satınalmalar Komitəsinin məlumat bazası sifariş verilən inventar haqqında ətraflı məlumatı dərc etmir. Ona görə də Məmmədovun şirkətlərinin Zəngilən tibb ocağını təchiz etməli olduğu avadanlıqla həmin tibb məntəqələrində olan avadanlığı müqayisə etmək mümkün deyil.

Fiday Abbasov, Yeni Zəngilan qəsəbəsindəki xəstəxana həkimi
Fiday Abbasov, Yeni Zəngilan qəsəbəsindəki xəstəxana həkimi

Dövlət tenderlərində şəffaflıq yoxdur

Azərbaycanda dövlət tenderləri haqqında ətraflı məlumat əldə etmək mümkün deyil.

İqtisadçı Toğrul Vəliyev deyir ki, bu məsələdə əsas problem “Dövlət satınalmaları haqqında” Qanuna görə, tenderdə iştirak edən şirkətə qarşı heç bir ciddi tələbin irəli sürülməməsidir:

“Məsələn, bir çox ölkədə dövlət tenderlərində iştirak üçün şirkət müəyyən fəaliyyət tələblərinə cavab verməlidir. Qanunda isə bu yalnız tenderi təşkil edən quruma həvalə olunur”.

“Digər tərəfdən, şəffaflığın olmaması – tender elanında və ya hesabatında yalnız “Müəssisənin təmiri” və ya “Dəftərxana ləvazimatı” göstərilir. Misal üçün, qonşu Rusiyada bu tam dəqiqliklə əks etdirilməlidir (neçə maşın, tikinti materialı və s.)”.

Vəliyevin sözlərinə görə, digər problem Azərbaycanda rəqabət və monopoliyalar haqqında qanunun tətbiqinin olmamasıdır.

“Anti-inhisar fəaliyyəti haqqında” qanuna görə, əgər hər hansı bir şirkət bəlli sahədə bazarın 35 faizdən çoxunu idarə edirsə, o zaman, bu, inhisarçılıq hesab edilir. Bu məqam Rəqabət Məcəlləsində də bu şəkildə göstərilib. Ancaq qanunda bu payın necə hesablanması, hansı göstəricilərin əsas götürülməsi göstərilmir (bazara daxil olma, aktivlərin, satışları həcmi və s. göstəricilər var). Artıq 10 ildən çoxdur ki, Azərbaycanda Rəqabət Məcəlləsinin müzakirəsinin davam etməsinə baxmayaraq, ekspertlər hesab edirlər ki, bu hal Rəqabət Məcəlləsində də təkrarlandığına görə, bu sahədə vəziyyət hətta məcəllə qəbul olunsa belə dəyişməz qalacaq”.

x

YAZARIN DİGƏR YAZILARI