Mehman Hüseynova azadlıq istəyən daha 3 gənc saxlanılıb

''İstəyirik xarici təzyiq hökumətin üzərində cəmlənsin''

Yanvarın 6-da bir qrup gənc 11 gündür aclıq aksiyası keçirən bloger Mehman Hüseynovun və digər məhbusların azad edilməsi məqsədilə Bakı Apelyasiya Məhkəməsinin qarşısında piket keçirməyə cəhd edib.

Aksiya təşkilatçılarından Mete Türksoy Meydan TV-yə deyib ki, onların məqsədi daxili və xarici ictimaiyyəti Azərbaycanda siyasi məhbus probleminə yönləndirməkdir:

“İstəyirik ki, xarici təzyiq hökumətin üzərində cəmlənsin”.

Bundan sonra mülki şəxslər Mete Türksoyu özlərini təqdim etmədən və izahat vermədən aparıblar.

Daha iki gənc İlkin Hüseynov və Yaşar Xaspoladov da saxlanılıb.

Mehman Hüseynov 11 gündür aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.