Gələn ildən Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq

Bəs Azərbaycanda nəqliyyatın ödənişsiz olması mümkündürmü?

Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq. Gələn yaydan qatarlarda, tramvaylarda, avtobuslarda gediş haqqı ləğv olunacaq.

“The Guardian” qəzeti yazır ki, bu addımı atmaqla Lüksemburq ictimai nəqliyyatı pulsuz edən ilk ölkə olacaq (Tərcümə: Azadlıq Radiosu).

Bu, Xavier Bettelin başçılıq etdiyi koalisiya hökumətinin planlarına daxildir. Bettel dekabrın 5-də ikinci müddətə baş nazir kimi and içib.

Bettelin Demokratik Partiyası sol qanad Sosialist Fəhlələri Partiyası və Yaşıllarla birlikdə hökumət quracaq. Baş nazir seçki kampaniyası zamanı ətraf mühitə prioritet verəcəyini deyirdi.

Nəqliyyat vədindən başqa, yeni hökumət marixuananı leqallaşdırmaq, daha iki yeni dövlət bayramı təsis etmək vədi verib.

Hazırda Lüksemburq şəhəri dünyada ən ağır nəqliyyat sıxlığı yaşayır.

Bu şəhərdə 110 min nəfər yaşayır, amma daha 400 min nəfər şəhərə işə gedib-gəlir. Bir araşdırmaya görə, 2016-cı ildə paytaxtdakı sürücülər tıxaclarda ortalama 33 saat keçiriblər.

Ümumilikdə ölkənin 600 min nəfər sakini var, amma Fransa, Belçika və Almaniyada yaşayan 200 minədək adam hər gün Lüksemburqa işə gedib-gəlir.

Bu ölkə getdikcə nəqliyyata proqressiv yanaşma sərgiləyir. Bu yay hökumət uşaqlar və 20 yaşınadək gənclər üçün nəqliyyatı pulsuz elədi. Orta məktəb şagirdlərini təhsil ocağından evlərinə pulsuz avtobuslar aparıb gətirir. İctimai nəqliyyatdan istifadə edənlər isə iki saatlıq gediş-gəliş üçün 2 avro ödəməli olurlar. Yəni cəmi sahəsi 2 min 590 kv km olan bu ölkədə iki saatı istənilən tərəfə gedib gəlmək olar.

Məqalədə qeyd olunur ki, 2020-ci ilin əvvəlindən bütün biletlər ləğv olunacaq. Amma bu siyasətə hələ hərtərəfli baxılmalıdır. Məsələn, qatarların birinci və ikinci sinif vaqonları barədə qərar verilməlidir.

Yeni hökumətin marixuanayla bağlı siyasəti isə daha çox müzakirə doğurub. Söhbət bu maddənin alışı, saxlanması və istifadəsini qanuniləşdirməkdən gedir.

Bəs Azərbaycanda ictimai nəqliyyat pulsuz ola bilərmi?

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev deyir ki, Azərbaycanda ictimai nəqliyyatın pulsuz olması mümkündür, amma onu arzulamır:

“Xidmət pulsuz olarsa, sonda onun keyfiyyətsizliyi ilə nəticələnər. Mən, ümumiyyətlə, o şəkildə xidmətlərin dövlət tərəfindən təklifinin də əleyhinəyəm. Metro nəqliyyatı aydındır, xərci böyük olduğundan bütün dünyada bu xidmət dövlətin inhisarındadır, amma digər nəqliyyat növlərinin özəl sektorda olmasının tərəfdarıyam. Bəli, hamının bu xidmətdən yararlanmaq imkanı olmayanda dövlət müəyyən imtiyazlı qruplar üçün yardım etməlidir, məsələn, müəllimlərə, qocalara, tələbələrə, yoxsulluq müavinəti alanlara. Varlı adam, ayda 3-5 min manat qazanan niyə nəqliyyat xidmətindən azad olunmalıdır?! İnsanların həmin xidməti qarşılamaq imkanları olmadıqda, dövlət müdaxilə etməlidir və eyni zamanda, dövlətin sosial proqramları olmalıdır”.