Mustafa Hacıbəyliyə qarşı 3 maddə ilə cinayət işi açılıb

Mustafa Hacıbəyli

Baş redaktora qarşı polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib

“Bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyli 30 noyabrda şahid qismində keçdiyi cinayət işi ilə əlaqədar Bakı Şəhər Prokurorluğuna çağırılıb. Lakin o, təqsirləndirilən şəxs statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bu barədə “Turan”-a Mustafa Hacıbəylinin özü məlumat verib:

"İttihama əsasən, guya mən dövlət əleyhinə çağırışlar etmişəm, ictimaiyyəti qəsdən yanıltmışam və yalan məlumatlar yaymışam".

Redaktor barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, həftədə iki dəfə yaşayış yeri üzrə sahə polisinə gedib qeyd edilməlidir. Hacıbəyli bütün ittihamları təkzib edib, yaxın günlərdə işin məhkəməyə göndəriləcəyini qeyd edib.

“Criminalaz.com” saytının redaktoru Anar Məmmədova qarşı da bənzər ittihamlar irəli sürülüb. Onun barəsində də polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Mustafa Hacıbəyli 20 ildən çox müxtəlif Azərbaycan KİV-lərində işləyib. O, həmçinin Müsavat Partiyasının sədri Arif Hacılının qardaşıdır.

İyulun 9-da Baş Prokurorluq Gəncə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və demək olar ki, bütün Azərbaycanın enerji təchizatından məhrum olmasına səbəb olmuş Mingəçevirdə enerji böhranı ilə əlaqədar İnternet-resurslarda "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” saytlarının bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Tenxologiyalar Nazirliyinə müraciət edib.

Müsavat Partiyası “Basta” saytının baş redaktoru, Musavatın Mətbuat Departamentinin rəhbəri Mustafa Hacıbəyliyə açılan çinayət işinə etiraz olaraq bəyanat yaydı.

Müsavat Partiyası hesab edir ki, Azərbaycan hakimiyyəti Müsavat Partiyasına, söz və ifadə azadlığına qarşı təqibləri davam etdirir:

"Bu ilin yay aylarında isə başqa bir mətbuat orqanına məxsus, bir-neçə saytda da yayımlanan yazıları istinad edərək dərc edən bastainfo.com saytına qarşı cinayət işi qaldırıldı. Sayt qeyri-qanuni olaraq, qanunvericilikdə nəzərdə tutulan prosedurlara əməl edilməyərək bloklandı. Sayta məxsus olan texniki avadanlıq prokurorluq tərəfindən götürüldü. Saytın baş redaktorunun ölkədən çıxması yasaqlandı.

Bütün bunlar bastainfo.com saytına, saytın baş redaktoru Mustafa Hacılıya qarşı qaldırılan cinayət işinin qondarma mahiyyətini, Azərbaycan hakimiyyətinin söz və ifadə azadlığına, tənqidi jurnalistikaya qarşı apardığı repressiya siyasətinin davamı olduğunu təsdiq edir".

Musavat Partiyası Azərbaycan hakimiyyətindən Müsavat Partiyasına, söz və ifadə azadlığına qarşı təqiblərə son qoyulmasını, bastainfo.com saytına və saytın baş redaktoru Mustafa Hacılıya qarşı qondarma cinayət işinə xitam verilməsini, bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.