Maliyyə naziri: Maaş və pensiyalar artırılacaq

Samir Şərifov

Milli Məclisdə 2019-cu ilin büdcə zərfinin müzakirələri davam edir

2019-cu ildə büdcə təşkilatlarında çalışanların əmək haqları və pensiyalar artırılacaq. Bu barədə Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, 2018-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması qərarı verilib:

“Bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə tələb olunan əlavə 620 milyon manat məbləğində vəsait də 2019-cu ilin dövlət büdcəsində əksini tapıb. Həmçinin pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.

Cərimələrin bir hissəsi deputatların maaşına əlavə edilsin

Deputat Qüdrət Həsənqulyev cərimələrdən büdcəyə daxil olan məbləğlərin 3 faizinin deputatların maaşına əlavə olunması ilə bağlı təklif verib. O bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamına əsasən mayın 1-dən deputatların əmək haqları artırılıb:

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev foto google.az

“Bu, müsbət addımdır. Bəzi dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 25 faizi həmin qurumlarının əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir. O fikirlə razıyam ki, cərimələrdən toplanan vəsaitin 25 faizin verilməsi məsələsi ləğv edilsin, həmin vəsait büdcəyə köçürülsün”.Əgər bu sistem tətbiq olunursa, o zaman həmin məbləğin 3 faizi deputatların əmək haqqına əlavə edilməlidir:

“Milli Məclis dövlətin müstəqil qurumudur”.

Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın

Deputat Fəzail Ağamalı Milli Məclisə ayrılan ezamiyyə xərcləri çox az olduğunu deyərək, bu vəsaitin artırılmasını təklif edib. O bildirib ki, vəsaitin az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamentlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur:

Fəzail Ağamalı
Fəzail Ağamalı

“Dəfələrlə şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın”.

“Azərbaycandan xaricə beyin axını problemi var”

Fəzail Ağamalı büdcədə elmə təhsilə nəzərdə tutulan vəsaitin də az olduğunu deyərək, artırılmasını təklif edib. O vurğulayıb ki, nəzərdə tutulan vəsaitlə elmin, təhsilin ciddi inkişafından danışmaq olmaz:

“Məsələn, bu gün İsraildə ildə elmə ən azı 16 milyard dollar vəsait ayrılır və bunun nəticəsidir ki, cəmi 8 -9 milyonluq bir xalq dünyaya az qala hökmranlıq edir. Bu gün Azərbaycandan xaricə beyin axını problemi var. Məndə olan məlumata görə, bir çox gəncimiz burada aldıqları əməkhaqları çox az olduğundan elmlə məşğul olmaq üçün xarici ölkələrə üz tutur. Bu, bizi ciddi şəkildə narahat etməli və düşündürməlidir. Ona görə də bizdə elmə, təhsilə ciddi diqqət yetirilməli, maliyyə vəsaitləri qat-qat artırılmalıdır. İslahatlar gücləndirilməlidir, xeyir gətirməyən sahələrdən, elmi müəssisələrdən qurtarmaq lazımdır”.

“Qüdrət Şükürovun hamamı hərraca çıxarılsın”

Fəzail Ağamalı deyib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürovun sahibi olduğu hamamın 10 milyon manata satışa çıxarılması barədə mətbuatda məlumat yayılıb.

“Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin? Ümumiyyətlə, işdən çıxarılan məmurla bağlı bu kimi məsələlərə nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.

“Bələdiyyələrin DSMF-yə borcu var”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə büdcə layihəsində yerli özünüidarəemə orqanları olan bələdiyyələrə ayrılacaq vəsaitin artırılmasını müsbə qiymətləndirib. O qeyd edib ki, subvensiyalara da pul ayrılıb: “2017-ci ildən bələdiyyələrin əl-qolları bir qədər soyumuşdu ki, düşünürdülər subvensiyar üçün pul ayrılmayacaq. Ancaq çox yaxşı haldır ki, növbəti ildən subvensiyalar üçün vəsait nəzərdə tutulub”.

Komitə sədri deyib ki, Azərbaycanda bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna çox böyük borcları var.

“Bunlar ondan irəli gəlir ki, bəzi hallarda lazımınca düşünmədən rəqəmlər yazıblar. Məsələn, məvacib vermədən adamın adını işdə saxlayıblar. Bunun nəticəsində də Dövlət Sosial Müdafiə Fonduna müəyyən məbləği keçirə bilməyiblər”.

Komiə sədri maliyyə nazirinə müraciət edərək, bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsinin subvensiyalara yönəldilməsini, eyni zamanda bələdiyyələrin borclarının silinməsinə baxılmasını istəyib: “Elə bələdiyyələr var ki, onların xeyli miqdarda borcu olduğuna görə fəaliyyət göstərə bilməyəcək”.

“Hərbi qulluqçulara ayrılan kirayə pulunun artırılması zəruridir”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsini təklif edib.

Elmira Slüeymanova
Elmira Slüeymanova

Ombudsman hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə, ehtiyatda və istefada olan hərbi qulluqçuların kompensasiya verilməsi prosesinin tam başa çatdırılmasının vacibliyini də qeyd edib: “Bu, çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə həmin şəxslərə (ehtiyatda və istefada olan hərbi qulluqçular), indiki hərbi qulluqçulara ayrılan kirayə pulunun artırılması zəruridir”.

“Onlayn mediaya 1 milyon manat ayrılsın”

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov büdcədən onlayn mediaya 1 milyon manat ayrılması barədə təklif verib: “Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar. Reklam bazarı formalaşanadək onlayn mediaya dövlət büdcəsindən maliyyə ayrılmalıdır: Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”.

Maliyyə naziri deputatların təkliflərinə münasibət bildirib

Deputatların təkliflərinə münasibət bildirən maliyyə naziri Samir Şərifov deyib ki, gələn il ölkə üzrə ezamiyyə xərclərinin artırılması nəzərdə tutulub və bu məsələyə vaxtaşırı baxılır. O qeyd edib ki, Milli Məclisin İşlər İdarəsi tərəfindən Maliyyə Nazirliyinə müvafiq dəqiqləşmələr üçün məlumatlar təqdim olunub və bunlar nəzərdən keçirilir.

Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil:

“Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”.

Nazir deyib ki, növbəti ildə Azərbaycanın xaricdə olan diplomatik nümayəndlərinin maaşlarının artırılması da nəzərdə tutulub:

“Artıq Xarici İşlər Nazirliyi ilə birgə məsələ ilə əlaqədar işçi qrupu yaradılıb. Həmin işçi qrupu işlərin qiymətləndirilməsi ilə məşğul olacaq. Bunun əsasında da daha müvafiq təkliflər ali dövlət orqanlarına təqdim olunacaq”.

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

Büdcə zərfinə daxil olan "2019-cu ilin dövlət büdcəsi haqqında”, "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri parlamentin komitələrdə müzakirə edildikdən sonra plenar iclasda müzakitəyə çıxarılacaq.