Samir Şərifov ReAL-ın təşəbbüsünə cavab verdi

Samir Şərifov və İlqar Məmmədov

Gələn il dövlət hesabına ali təhsillə bağlı vəsait artırılacaq

Növbəti ildən ali təhsilli gənclərin xüsusi çəkisinin artırılması üçün əlavə vəsait nəzərdə tutulub.

Bunu Milli Məclisdə gələn ilin büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib:

“Etiraf etməliyik ki, bizdə dövlət hesabına ali təhsil alan gənclərin xüsusi çəkisi azalıb. Bunun qarşısını almaq üçün 2019-cu ildə dövlət büdcəsindən əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Söhbət 2019-2020-ci tədris ilindən gedir. Həmin il dövlətin payını bir qədər də artıracağıq, yəni dövlət daha çox vəsait ayıracaq”.

Bu açıqlamadan əvvəl ReAl Partiyasının sədri İlqar Məmmədov videomüraciət yayaraq bildirmişdi ki, rəhbərlik etdiyi partiya üç qanun təşəbbüsü ilə çıxış edərək, onların Milli Məclisdə rəsmən baxılması üçün Konstitusiyanın 96-cı maddəsinə əsasən 40 min imzanın toplanması kampaniyasına başlayır: "İki layihə haqqında məlumat yaymışdıq - seçkili mer olsun və devalvasiyadan doğan kredit faizləri problemi ədalətli çözülsün. Üçüncü layihə çərçivəsində isə tələb edirik ki, dövlət ali məktəblərdə təhsil haqqını tam ödəsin".

Natiq Cəfərli
Natiq Cəfərli

ReAl Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli Meydan TV-yə bildirib ki, yeni qanun layihəsinin hazırlanması təşəbbüsü 3 sahə üzrə baş verəcək:

"Bakı Şəhər Bələdiyyəsinin yaradılması - oraya mer seçkilərinin keçirilməsi, problemli kreditlərin həlli və pulsuz təhsilə çıxış imkanlarının genişləndirilməsi daxil olacaq. Azərbaycanda son zamanlar hər dörd tələbədən üçü pullu ali təhsil alır. Bu, kifayət qədər böyük rəqəmdir. Dünyada gedən trendlərə baxanda görürük ki, ali savad almaq tamamilə ödənişsiz olur. Avropa ölkələrində artıq bir neçə ildir bu proses davam edir. Almaniya, Fransa və Skandinaviya kimi irəlidə gedən ölkələrdə pulsuz ali təhsil reallığa çevrilib. Azərbaycanda isə pullu təhsil aztəminatlı ailələrə ciddi problem yaradır. Bizim təklifimiz ondan ibarətdir ki, bu problemi həll etməyə ildə cəmi 150 milyon manat pul lazımdır. Azərbaycanın indiki iqtisadi durumu bu addımı atmağa imkan verir. Bu addımın atılması minlərlə ailəni ağır yükdən azad edəcək. Ailələrin də həmin pulu gənclərin, uşaqlarının inkişafına xərcləməsinə şərait yaradılacaq. Təklifin qəbul olunub-olunmamasını indidən söyləmək çətindir. Amma biz ən azından bunun ciddi ictimai müzakirələrə səbəb olacağını düşünürük. Və imza toplayaraq bu qanun layihəsini parlamentə yaxın həftələrdə təqdim edəcəyik".