İkram Rəhimov
İkram Rəhimov

''Baş redaktora ölkə başçısına müraciət göndərməyə imkan verilmir''

İkram Rəhimov müraciətlərinə qadağa qoyulmasının ictimailəşdirilməsini istəyib

“Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan “realliq.info” saytının baş redaktoru İkram Rəhimovun ölkə başçısına, diplomatik korpusa, ombudsmana müraciət göndərməsinə imkan verilmir”.

Bu barədə jurnalistin yaxınları bildiriblər.

Onların sözlərinə görə, İ.Rəhimov ailəsi ilə telefonla əlaqə saxlaya bilir.

“İkram Rəhimov ona qarşı ittihamların qurama olduğunu deyir. Barəsindəki məhkəmə qərarını da qanunsuz sayır. Bununla bağlı prezidentə, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, beynəlxalq təşkilatlara, ombudsmana müraciət etmək istəyir. Ancaq deyir ki, onun müraciətləri buraxılmır”,- yaxınları bildiriblər.

Yaxınları deyir ki, saxlama şəraitindən narazılıq etməyən jurnalist müraciətlərinə qadağa qoyulmasının ictimailəşdirilməsini özü istəyib.

İ.Rəhimovun yaxınlarının dediklərinə hələlik, jurnalistin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.

Amma İ.Rəhimov ittihamları rədd edir.