Zaur Qurbanlı
Zaur Qurbanlı

Qərb cəbhəsində təbəddülat var

Uğur elə bir şeydir ki, insanlar özlərini buna nail olanlara bənzədirlər. Bəzən dəxli olmayan tərəflərinə. Saç düzümü, səs tonu və s. kimi. Son dövrlər dünyada uğur qazanan siyasi cərəyan populizmə söykənən ifrat sağdır. Brexit, Trump, Ərdoğan, Orban, Polşa, Braziliya, Hindistan və s. qələbələri bu cərəyanı trend halına gətirib.

Bəs onlar nə edirlər? Qlobalizm, sol, liberalizm əleyhinə çıxırlar, azlıqların hüquqlarını, qadın hüquqlarını tanımırlar, millətçiliyə əsaslanırlar, bəşəriyyətin son yarım əsrdə əldə olunmuş nailiyyətlərini - Avropa Birliyini, Paris Müqaviləsini, BMT-nin müxtəlif konvensiyalarını tərk etmək istəyirlər, əvəzində hər şeyin qabağına "milli" sözünü qoyub, siyasətlərini bunun üzərində qururlar.

Nəticədə bütün bunların əleyhinə olan, qloballaşma, beynəlmiləlçilik, hüquq bərabərliyi və s. ideyaları dəstəkləyən, Avropa Birliyini, BMT-ni və s. uğurların əsas qurucusu olan liberalizmlə toqquşurlar. İfrat sağın uğurları çoxaldıqca, liberalizm daha çox söyülür.

Bizim kimi tarixi-binədən uğursuz olan xalqlar isə liberalizmin gözünə ABŞ başda olmaqla, bütün Qərbi qatırlar. Nəticədə qərbləşə bilmədiyinə görə inkişafdan qalan cəmiyyətlərdə paradoksal olaraq, Qərbin söyülməsi get-gedə genişlənir. Çünki hazırda dəb Qərbin söyülməsidir. Axı elə Qərbdə də bu “axmaq Qərb dəyərləri”ni söyənlər gəlir hakimiyyətə. O boyda ABŞ, Britaniya, Braziliya, Avstriyanın yarısı, Polşa, Macarıstan, bir xeyli alman və holland bu dəyərlərdən üz çevirənlərə səs verirlər.

“Qərb cəbhəsi”ndəki bu təbəddülatın nəticəsi olaraq, bizim ölkəyə oksigendən azacıq daha çox lazım olan dəyərlər xalqımızın əksəriyyəti arasında olan-qalan hörmətini də itirir. İnsafən bunun üçün bu dəyərlərin daşıyıcıları olan Qərb dövlətlərinin Azərbaycana urcah olan nümayəndələri də az iş görmürlər – xeylisi korrupsiyaya qurşanır, repressiyalara züy tutur, aydın görünən faciələrə gözlərini bağlayır.

Amma bütün bunlar ona əsas vermir ki, bəşəriyyəti xilas edən yeganə dəyərlər toplusu olan Avropa dəyərlərini söyək, onu onsuz da cahil olan xalqın arasında bir az da hörmətdən salaq. Ən pisi isə budur ki, son vaxtlar Qərbə “açılan atəşlər”də tətiyi basanlar elə ziyalı kimi tanıdığımız, mütaliəsinə, mövqeyinə güvəndiyimiz adamlar olur. Kimi “Avrasiyaçılıq” adlı savadsız, məntiqsiz anlayışı önə sürür, kimi korrupsionerlər əleyhinə mübarizə kimi, demək olar, hər cümləsində korrupsioner olub-olmamasından asılı olmayaraq, bütün Qərbi söyür, kimi bizim öz yolumuzun olduğunu iddia edir (bu, artıq üçüncü yol deyil, ən azı 192-ci yoldur), kimi də kütləyə qoşulub, bütün bəlaların Amerikadan gəldiyini iddia edir.

Öz dini, kommunist ideologiyasının təsiri ilə trumpizmin, ərdoğançılığın, orbançılığın səviyyəsiz, savadsız, dayaz xoruna qoşulanları qoyaq bir qırağa. Bəs son dövrlərə qədər liberalizmi təbliğ edən, özünü liberal adlandıranların bu xora qoşulmasını nə ilə izah edək? Yəni, doğrudanmı dünyada gedən bu reqressiv dalğadan kənarda qalmaq bu qədər çətindir?

Yaxşı ki, hələ də iki cüt – bir tək düşünə bilən insanlar qalıb ki, lokomotivin həmişə liberalizm olduğunu anlayırlar, xilasın Qərb dəyərlərində olduğunu, ölkənin həm hüquqi, həm mental, həm dini cəhətdən qərbləşməsinin əşhədü-ehtiyac olduğunu dərk edirlər. Amma bu qədər az adamla trend olan reqresin toruna düşmüş ağıllı adamlardan ruh alan nəhəng cahil ordusunun qarşısında durmaq olacaqmı?

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.