Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Zamirə Hacıyevanın 10 min funt sterlinqlik it gəzintisi

Böyük Britaniya mətbuatı yenə Beynəlxalq Bankın keçmiş sədrinin xanımından yazdı

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın yeni görüntüləri yayılıb.

Böyük Britaniyada çıxan “Daily Mail” qəzeti Zamirə Hacıyevanın it gəzdirən yerdə fotosunu dərc edib. Müxbir Devid Vilkes (David Wilkes) Hacıyevanın geyiminin və itinin qiymətinin birlikdə 10 min funt sterlinq olduğunu yazıb.

Qeyd edilib ki, “Harrods” mağazasında 16 milyon funt sterlinq xərcləmiş qadının geyimi 8 min 500 funt sterlinqdən bahadır.

O, itini Londonun bahalı Knightsbridge rayonundakı 11,5 milyon funt sterlinqlik malikanəsi yaxınlığında gəzdirib. Qadının ayağında 625 funt sterlinqlik “Gucci Ace” ayaqqabıları, 530 funt sterlinqlik “Gucci” zolaqlı idman şalvarı, gözündə 290 funt-sterlinq dəyərində “Miu Miu” gün eynəyi olub.

Zamirə Hacıyevanın əlindəki “Hermes”-dən “Constance” əl çantasının qiyməti 6 min 500 funt sterlinqdir.

Qara rəngli gödəkcəsinin isə brendi bəlli olmasa da, müxbir onun dəbinə görə təxminən 800 funt-sterlinq dəyərində olduğunu yazır.

Qadının gəzdirdiyi Pomeranian küçüklərinin qiyməti isə 1000 funt-sterlinqdən başlayır. Məqalədə bu itin ortalama qiymətinin 1500 funt-sterlinq olduğu vurğulanır.

Müəllif yazır ki, itlərinin tökdüyünü yığmayan sahibləri 1000 funt-sterlinqədək cərimə gözləyir. Bu səbəbdən Hacıyevanın iti gəzdirdiyi ipə bağlanmış zibil torbasını görmək “adamı riqqətə gətirir”. (Tərcümə: Azadlıq Radiosu)

Cahangir Hacıyev 2016-cı ildə mənimsəmə ittihamıyla 15 illik həbsə məhkum edilib. O zaman xanım Hacıyeva barəsində axtarış elan olunsa da, o, elə o vaxtdan Britaniyada yaşayırdı.

Hazırda Britaniya məhkəməsi bu qadının sərvətinin mənbəyini açıqlamasını tələb edir.

Zamirə Hacıyevanın mülk almaq üçün saxtakarlıqla mənimsənilən pullardan istifadə etdiyi barədə Britaniyanın Ali Məhkəməsi təsdiq qərarı çıxararsa, o zaman ondan alınacaq pul və mülklər Azərbaycana qaytarıla bilər.

Bunu BBC-yə Britaniyanın Milli Cinayət Agentliyinin rəsmisi Donald Toon deyib. Onun sözlərinə görə, Britaniyanın İzahedilməyən Sərvət Sərəncamı (UWO) altında Ali Məhkəmənin qərarı ilə müsadirə olunmuş pul "siyasi və beynəlxalq məsələyə" çevrilə bilər.

Z.Hacıyevanın 2016-cı ilədək Harrodsda 16,3 milyon funt sterlinq, bircə dəfəyə “Boucheron” və “Cartier”-də isə 150 min funt-sterlinq xərclədiyi bildirilir.
Hacıyeva ödənişləri Beynəlxalq Bankın buraxdığı 35 kredit kartıyla edib.