Qazın istisinə isinə bilməyənlər

Dərc olunub [Xəbərlər]

Dünyanın ən böyük qaz-kondensat yataqlarından birinin iki addımlığındakı yaşayış məskənləri

Bakıdan 40 km aralıda dörd qəsəbə var: Səngəçal, Əzimkənd, Massiv 3 və Ümidkənd. Dünyanın ən böyük qaz ehtiyatına malik “Şahdəniz 2” layihəsinin ərazisində yerləşən bu qəsəbələrdə havanın, suyun, sanitariya vəziyyətinin beynəlxalq normalara uyğun olmasına layihəni həyata keçirən şirkətlər cavabdehdirlər. Amma...

Qəsəbələrin dördünün də ümumi vəziyyəti ürəkaçan deyil. Keçilməz yollar, qaz, su, elektrik təchizatındakı çatışmazlıqlar burda yaşayanların günlük üzləşdikləri çətinliklərin gözlə görünən hissəsidir.

Bir az “Şahdəniz” layihəsi haqqında

“Şahdəniz” layihəsinə 1990-cı illərdə başlasa da, maliyyə çatışmazlığı üzündən Azərbaycan hökuməti onu yarımçıq qoyub. Layihənin gerçəkləşdirilməsində əsas tərəf olan “Britiş Petroleum” (BP) Azərbaycanın rəsmi səhifəsində yazılanlara görə, “Şahdəniz” layihəsinin reallaşdırılmasına 1999-cu ildən başlanıb. Şirkət Hasilatın Pay Bölgüsü Sazişinə əsasən, bütün digər tərəfdaşlarının, o cümlədən Petronas, Lukoil и NICO adından layihəni idarə edir.

Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” 2006-cı ildə ilk bəhrəsini verib və Azərbaycan, Gürcüstan və Türkiyənin (TANAP) qaz təminatçısıdır. “Şahdəniz 2” isə Azərbaycan qazını (TAP layihəsi ilə) Avropaya daşımağı hədəfləyir.

Əgər “Şahdəniz 1” mərhələsində qaz hasilatı 9 milyard kub idisə, bugünə kimi hər iki mərhələdə 20 milyarddan çox qaz hasil olunub. Hazırda hasilatın il ərzində 25 milyard kubmetrə çatdırılması planlaşdırılır.

“Şahdəniz” qaz kəməri çəkiləndə Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı layihə üçün dəfələrlə maliyyə ayırıb. 2017-ci ildə AYİB layihə çərçivəsində Azərbaycana 500 milyon dollar kredit verib.

Haqqında danışılan dörd məntəqənin adı da AYİB və AİB-in dəstəklədiyi həmin layihəni həyata keçirən şirkətlərin sosial məsuliyyəti çərçivəsində mövcud problemləri həll olunmalı qəsəbələr kimi qeyd olunub.

Cənubi Xəzər Enerji və Ətraf Mühit Proqramının koordinatoru Soniya Zilberman layihənin maliyyəsinin bir hissəsini Avropa Yenidənqurma və İnkişaf Bankının qarşıladığını deyir:

“AYIB beynəlxalq maliyyə qurumudur və sadəcə pul qazanmağı deyil, həm də açıq bazar iqtisadiyyatı yönümlü, demokratiyaya bağlı ölkələrdə iqtisadi proseslərə dəstək verməyi də hədəfləyir. Buna görə də AYİB-in sərmayə yatırdığı layihələrdə bir sıra sosial və ekoloji tələblər qoyulub. Həmin tələblər aidiyyatı icmalarla önəmli məsləhətləşmə-müzakirələri nəzərdə tutur. Bu məsləhətləşmələr layihədən əvvəl, layihə zamanı və layihə bitdikdən sonra aparılmalıdır”.

Zilbermanın sözlərinə görə, daha bir tələb sosial və ətraf mühitə təsirin qiymətləndirilməsidir. Bu qiymətləndirmə həmin layihədən təsirlənmiş insanların yaşayış şərait və şərtlərini əhatə etməlidir. Bu zaman layihəni həyata keçirən şirkətlər yerli əhali ilə razılaşdıraraq, yerli dildə çap olunmuş “Sosial və Ətraf Mühitin İdarəetmə Planı”nı hazırlayıb, onlara təqdim etməlidir. Layihə yaranmış riskləri və bu risklərin davamlı şəkildə necə aradan qaldırılacağı prosesini əks etdirməlidir”.

Ancaq Soniya Zilbermanın Meydan TV-yə söylədiyi kimi, AYİB-in tələblərinin əksinə olaraq, həmin plan icmalara təqdim olunmayıb və yalnız 2017-ci ilin sentyabr ayında ingilis dilində qısa xülasə şəklində nəşr olunub.

“Planın əhatə etdiyi heç bir məsələ həll olunmayıb və bizim ərazidəki şəraitdən anladığımıza görə, orda yaşayan insanların hüquqları pozulub. " - Soniya Zilberman bildirib.

Yerli əhali də planda nəzərdə tutulan hər hansı fəaliyyətin aparılıb-aparılmayacağına dair kimsənin onlarla məsləhətləşmədiyini deyir. Onlar bu məsələ ilə bağlı hər hansı planın olmasından da xəbərsiz olublar.

Bu məhsulları nəinki yemək, onlara toxunmaq belə təhlükəlidir”

Səngəçal qəsəbəsi terminala çox yaxın yerləşdiyindən havasının çirkliliyi ilə bağlı ən çox şikayəti də elə bu buranın sakinlərindən alırıq. Qəsəbə əhli iddia edir ki, gecələr ərazidə havaya qatı tüst�� buraxılır. Onun konkret nə olduğunu bilməsələr də, deyirlər ki, “hər səhər oyananda ağzımız zəhər dadır”.

Kəndin 54 yaşlı sakini Səxavət Hidayətov deyir ki, vəziyyəti daha dolğun müşahidə etmək üçün əraziyə gecə yarısından sonra getmək lazımdır:

“Nəyi artırırlar, neyləyirlər, bilmirsən. Bildiyimiz odur ki, terminaldan çıxan səs gecələr bura kimi gəlir. Dəhşətlidir. O tüstünü gün işığında havaya buraxmırlar, gözləyirlər gecə olsun”.

Taksi sürücüsü işləyən Hidayətov onu da söyləyir ki, burda meyvə-tərəvəz yetişdirmək mümkün deyil:

“Gəlin, göstərim, şəklini çəkin. Nəinki yemək, toxunmaq belə təhlükəlidir. Uşaqları qoymuram əl vursunlar. Yarpaqlara fikir verin. Sizcə, bunların meyvəsi yeyiləsidir? Zəhərdir bu. Meyvələrə baxın, hamısı cırdır. Böyümürlər, balaca qalırlar və eybəcərdirlər”.

 

Məsələ ilə bağlı Milli Ekologiya Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Meydan TV-yə bildirib ki, sözügedən ərazilərdə aidiyyatı qurumlar tərəfindən davamlı yoxlamalar aparılır və yarana biləcək hər hansı riskin qarşısı alınır. Ərazidə ağacların və digər bitkilərin olmamasını isə ekspert belə izah edib:

“Əgər məhsulun böyük hissəsi çürük çıxırsa, deməli, o torpağın özündə nəsə var. Yoxlamaq lazımdır. O zonada, ümumiyyətlə, qrunt sularının səviyyəsini aşağı salmaq lazımdır”.

Yerlilər isə problemi necə həll edəcəklərini bilmirlər. Əzimkənd sakini Xanzaman Əndəlifova deyir ki, burdakı işsizliyin müqabilində onlar heyvandarlıqla yanaşı, məmnuniyyətlə həm əkinçilik, həm də bağ-bağatla məşğul olardılar. “Ancaq bu torpaqda heç nə bitmir”, - deyə o əlavə edir.

Ümidkənd sakinləri də “torpağın yararsız olduğunu” bildirirlər. Əkdikləri heç bir bitki ya bitmir, bitsə də bəhrəsi olmur, bəslədikləri heyvanların balası isə fiziki qusurlu doğulur.

Nə düz-əməlli yol var, nə də ictimai nəqliyyat

Səxavət Hidayətov deyir ki, digər qəsəbələrlə müqayisədə Səngəçalda heç olmasa yollar qaydasındadır:

“Çünki tez-tez burdan vəzifəli şəxslər keçir. Məcbur qalıb, buraları üzdən də olsa, təmir ediblər”.

Məsələn, qəsəbələrdən Ümidkəndə saatbaşı bir avtobus işləyirsə, digərlərinin sadəcə yanından ötüb keçir. Qəsəbələrarası harasa getmək lazım olsa, ya şəxsi maşın olmalıdır, ya da taksidən istifadə qaçılmaz olur, yoxdursa, o zaman əhali qalır əlacsız.

Əzimkənd və Massiv 3-ə gedən yollar isə hələ də təmir olunacağı günü gözləyir. Qışda qarda-yağışda sarı torpaqdan keçilməz olan bu yollarda yayda tozanaq boğaz qurudur. Bakıdan qəsəbəyə getmək üçün ya taksi tutmalısınız ki, təxminən 15-20 AZN-ə başa gələcək, ya da bir saat avtobus gözləməlisiniz. O da kəndin içindən keçmir, Bakı-Qazax yolunun üstündə saxlayır. Düşüb təxminən 20-25 dəqiqəlik yolu piyada getməlisiniz. Qayıdanda isə bir az gec olsa, nə taksi tapacaqsınız, nə də avtobus. Maşınların saatda azı 110 km sürətlə şütüdüyü, ölkənin birinci dərəcəli və yaxşı işıqlandırılmamış, həmçinin piyada keçidi olmayan yolundan salamat keçə bilsəniz, regiondan gələn marşrutlardan biri bəlkə saxlayar deyə gözləməlisiniz.

 

 

 

Buranın məktəbində hələ də köhnə odun sobası qalayırlar

Massiv 3 sakinlərinin sözlərinə görə, yolsuzluğa və qazsızlığa birtəhər dözmək olar. Ancaq yerli Əliquluqışlaq kənd orta məktəbinin vəziyyəti lap dözülməzdir. Qışda uşaqlar soyuq olduğu üçün məktəbə getmək istəmirlər və getmirlər də. Dünyanın ən iri qaz yatağının ikicə addımlığında yerləşən bu məktəbi müəllimlər odun sobası ilə qızdırmağa çalışırlar. Qəsəbə əhli deyir ki, əgər seçimləri olsa, övladlarını heç bir halda həmin məktəbə göndərməzdilər. İmkanı olan valideynlər isə 20-30 manatdan pul yığaraq, uşaqlarını uzaqda yerləşən, daha yaxşı vəziyyətdə olan məktəblərə göndərirlər, olmayanlar isə mövcud şəraitsizliklə barışıblar.

Qəsəbədə olduğumuz vaxt məktəbin işığı yanmırdı. Gözətçisinin sözlərinə görə, məktəbin borcu olduğu üçün işığını kəsiblər.

Mavi yanacağın istisinə qızınmayıb, tüstüsünə boğazı qovuşanlar

Əvvəllər qışda, ümumiyyətlə, mavi yanacağın olmadığını deyən əhali, indi yayda qaz gəlsə də, ondan istifadə edə bilmədiklərini söyləyir.

Qış gəlib. Qəsəbələrdə sözügedən məsələlərlə bağlı dəyişiklik nəzərə çarpmır. Burdakı yeganə müsbət addım isə bu payızdan etibarən qəsəbələrə qazın verilməsidir ki, onu da almağa sakinlərdə pul yoxdur. Görünən odur ki, sakinlər bu il də Avropanın bu tərəfindən o biri başına getməyi hədəfləyən Azərbaycan qazının istisinə qızınmasalar da, gecələr havaya buraxılan tüstüsünü udmağa davam edəcəklər.