''Azadlıq üçün pedalla''yan Yaşar Xudiyevdən xəbər var (yenilənib)

Yaşar Xudiyev, foto: sosial şəbəkə

***

13.30. Yaşar Xudiyevin qardaşı Anar Xudiyev Meydan TV-yə deyib ki, qardaşıyla əlaqə saxlamaq mümkün olub: "Yaşarın interneti bitdiyindən əlaqə saxlaya bilmirdi, ona görə narahatlıq yarandı və biz KİV-ə, sosial şəbəkələrə müraciət etdik. Artıq qardaşım evə çatır, hər bir kəsə dəstək üçün minnətdarıq".

***

Velosipedçinin 4 gün əvvəl Tiflisdən Bakıya yola düşdüyü deyilir

"Azadlıq üçün pedalla" devizi altında velosipedlə Cənubi Afrikaya yola çıxan azərbaycanlı səyyah və bloqqer Yaşar Xudiyev yoxa çıxıb. Bu barədə onun dostları "Facebook"da yazıblar. Bildirirlər ki, Yaşar Afrikadan geri dönüb, 3-4 gün Tiflisdə qonaq olub. Bir neçə gün əvvəl Azərbaycana geri dönüb:

"Ailəsi bu gün yazıb ki, Yaşardan xəbər yoxdur. Bilmirsiniz haradadır? Lütfən Bakıdakı dostlar polislə əlaqə saxlasın, deyəsən tutublar".

Başqa bir dostu isə onun Azərbaycana Balakən sərhəddindən keçəcəyini yazıb. Nə Balakən Gömrük İdarəsindən, nə də Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olub.

Yaşar Xudiyev velosipedlə səfərə 2015-ci ilin mayında çıxıb. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Avstriya, İsveçrə, Almaniya, Fransa və İspaniyadan sonra Afrikaya keçib.

Bu, Yaşar Xudiyevin ilk velosəfəri deyil. O iki il öncə - 2014-cü ildə ABŞ-da 45 günə 5000 km məsafəni qət edib.

Həmin səfəri həbsdəki NİDA vətəndaş hərəkatının üzvlərinə həsr etdiyini bildirir.

Yaşar Xudiyev ixtisasca jurnalistdir. ABŞ-da magistratura oxuyub.