''Demokratiya üçün pedalla''yan azərbaycanlı Afrikada

Yaşar Xudiyev
Yaşar Xudiyev

Cənubi Sudanda ölümcül döyülən Yaşar Xudiyev mayda Vətənə dönəcək

Dünyanın diqqətini Azərbaycandakı siyasi məhbus məsələsinə çəkmək üçün Bakıdan Afrika qitəsinə qədər velosipedlə gedib çıxan səyyah Yaşar Xudiyev Meydan-tv-yə müsahibə verib.

Velosipedlə dünya səyahətinə çıxmaq istəyi necə əmələ gəldi?

Əslində bu cür səyahəti əvvəl də etmişəm. İlk səfərim 2014- cü ilin may ayında olub və həmin vaxt ABŞ-ın şərqindən qərbinə qədər 5 min km pedallamışdım. Həmin səyahətimi həbsdə olan “Nida”-çı dostlarımıza həsr etmişdim və bu gəzinti ilə ölkəmizdə gənclərin həbsi məsələsinə diqqət çəkmək istəyirdim. Daha sonra isə dünya turuna çıxmaq haqqında düşündüm və hazırda Afrika qitəsindəyəm. Budəfəki səfərim isə bütövlükdə Azərbaycandakı siyasi məhbuslara həsr olunub və “Demokratiya üçün pedalla” sloqanı seçmişəm.

Bildiyim qədəri ilə səyahətini Afrika qitəsi ilə yekunlaşdıracaqsan. Sosial şəbəkələrdə də daha çox bu qoca qitədən olan insanlarla birgə olan fotolarını paylaşırsan. Bunun xüsusi bir səbəbi var?

Afrika həmişə diqqətimi cəlb edib. Mənə görə, həmişə maraqlı və sirli qitə olub. Afrika mənə görə ilk insan, yaranış deməkdir, insanlığın ən qədim məskənidir. İnsanları, mədəniyyətlərini və təbiətini görmək üçün bu qitədə olmaq qərarına gəldim.

Dedin ki, bu səfəri etməkdə məqsədin getdiyin ölkələrin diqqətini Azərbaycandakı siyasi məhbus məsələsinə yönəltməkdir. Olduğun ölkələrdə Azərbaycandakı siyasi məhbuslarla bağlı hansı məlumatları vermisən, həmin insanların reaksiyaları necə olub?

Bu səfərim zamanı Türkiyə və Fransadan olan bir neçə qəzet “demokratiya üçün 20000 km pedallamaq” başlığı ilə geniş yazılar və müsahibələr çap edib. Fransa qəzeti demək olar ki, 1 səhifəni bütünlükdə bu səfər haqqında yazmışdı. Bundan başqa, bir neçə ölkədə də müsahibələrim olub. İspaniyada video müsahibə də daxil olmaqla bütün müsahibələr zamanı Azərbaycanla bağlı suallar verilirdi və hər bir müsahibədə ətraflı cavablandırırdım və ölkədəki siyasi məhbuslarla bağlı məlumat verirdim. Bunun nə qədər effektiv olacağını və Əliyev rejiminə nə qədər təsir edəcəyini demək çətindir. Ancaq onu deyə bilərəm ki, ölkəmizdəki siyasi rejimlə bağlı 20-dən çox ölkənin insanlarını məlumatlandırmışam.

Olduğun ölkələrdə Azərbaycandakı siyasi məhbuslarla bağlı ən məlumatlı insanlara daha çox harda rast gəldin?

Barselonada İspaniyanın yerli təşkilatlarından birinə müsahibə verən zaman onların ölkəmizlə bağlı yetəri qədər bilgili olduğunu hiss etdim. Əksər siyasi məhbuslarla bağlı, əsasən də Xədicə İsmayıl və Rəsul Cəfərov ilə bağlı ətraflı məlumatları var idi. Bu görüş təsadüfən baş verdi, əvvəlcədən heç bir planlaşdırma filan yox idi. Ümumilikdə isə Avropa insanları Azərbaycanla bağlı məlumatları əsasən CNN, “Euronews” və başqa aparıcı xəbər mərkəzlərindən alırlar.

Sosial mediada yazmışdın ki, Cənubi Sudanda olarkən sənə hücum olub və soyğunçular səni öldürmək istəyiblər. Necə oldu sağ qaldın, indi vəziyyətin necədir?

Bu hücum soyğun xarakterli idi. Onlar məni öldürmək məqsədilə cəngəlliyin dərinliyinə apardılar və ölümcül döydülər. Başıma ən azı 10 daş zərbəsi dəydi. Bütün başımı qan içində görüb öldüyümü sandılar. Növbəti gün səhər yarı huşsuz , ac və başı qanlı, yabanı giləmeyvələrdən yeyərək , çirkli sudan içərək, sağ qaldım. Cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım. Həmin maşın məni qəsəbə hospitalına çatdırdı. Mənim qəhrəmanlarım, 2 gənc həkim köməkçiləri olan Simon və Feliks idi. Onlar məni vaxt itirmədən cərrahiyyə otağına apardılar . Yaralarımı yuyub, başıma 10 tikiş qoydular.

Afrika insanları belə məsələlərə necə yanaşırlar? Onlar üçün adi bir haldır, ya insan həyatına böyük əhəmiyyət verirlər?

Burda insan həyatına önəm verirlər. Hadisə baş verən gündən Cənubi Sudan insanları, özəlliklə də Kapoeta qəsəbəsinin camaatı qayğımı çəkirlər. İnsanlar pul gətirirlər və dəstək olmağa çalışırlar. Məktəbli qızlar ölkələrinə qonaq gələn bir turistin ölümcül döyülməsini eşitdikdə toyuq əti ilə kartof qızartması , makaronla ət bişirib xəstəxanaya yanıma gəlmişdilər. Həkimlərim Simon və Feliks mənim otağımda yatırdılar və yaxşıca qayğıma qalırdılar , sanki öz qardaşlarıyam. Qəsəbə sakinləri məni günorta və axşam yeməyində evlərinə dəvət edirdilər. Küçədə görəndə kədərimi, ağrılarımı paylaşırdılar, sanki onların başına gəlib. Mən necə sevməyim Afrikanı? Vəziyətimə gəldikdə isə sol qolum qırılıb və kürək sümüklərimdə çatlar var, sağ qulağım yarı kardır.
Amma ümumi vəziyyətim yaxşıdır. Gəzirəm , gülürəm danışıram, inanıram ki, hər şey yaxşı olacaq.

Bəs Cənubi Sudan höküməti necə yanaşır?

Bütün xəstəxana xərcimi Cənubi Sudan höküməti çəkdi. 10-12 gün sonra soyğunçuları tapdılar və əşyalarımın əksəriyyətini qaytardılar. Velosiped, kamera, mobil telefon və sənədlərimi geri ala bildim. Cənubi Sudan höküməti gündəlik qida ehtiyatımı qarşılamaq üçün yerli valyutaları ilə 160 ABŞ dolları dəyərində yardım etdi. Şərqi Ekvador ştatının qubernatoru, həmçinin şərqi, qərbi və cənubi Kapoeta mahalının komissarları daimi olaraq xəstəxanada olduğum müddət ərzində baş çəkirdilər.

Oralarda bizim səfirlik varmı, müraciət etmisənmi, nə deyiblər sənə?

Cənubi Sudanda Azərbaycan səfirliyi yoxdur. Efiopiyadakı Azərbaycan səfirliyi ilə əlaqə saxladım. Telefonda danışdığım səfirlik işçisi qısa zamanda yeni fövqəladə pasport verilə biləcəyini bildirdi. Sənədlərim tapılan kimi əlaqə saxlayıb pasporta ehtiyac qalmadığını dedim. Bundan başqa heç bir danışığımız olmayıb və heç bir yadım-filan təklif etməyiblər.

Bəs sənə hücum edənləri bağışladın?

Onu bağışlamaq olarmı? Bu sual özü bir ayrıca müzakirə mövzusudur. Bu, təkcə soyğun deyildi. Onlar izi itirmək üçün məni öldürmək istəyirdilər. Mən onları necə bağışlaya bilərdim? Onları bağışlamaq üçün xırda bir şans belə buraxmamışdılar. Başıma daşlarla vurandan sonra öldüyümü zənn etməsəydilər, indi hələ də həyatda deyildim.

Səfərini nə zaman yekunlaşdırmağı düşünürsən?

Başıma gələn hadisəyə görə planımda dəyişiklik oldu. Ancaq düşünürəm ki, gəldiyim yollar ilə geri qayıdacam və maya qədər səfərimi bitirib, doğulduğum Mingəçevir şəhərində olacam.

Müsahibəni aldı: Tural Qurbanlı