Nazlı Ağayeva
Nazlı Ağayeva

Min ilin Cəvahir xalası və dünənin uşaqları

Həyatının qırx ilini böyük şəhərlərin birində Təcili Tibbi Yardım Xəstəxanasında işləmiş bacımla oturub əcnəbi kinoya baxırdıq. Qəzaya düşmüş qəhrəmanı “Ambulans” xəstəxanaya çatdırar-çatdırmaz qapıda peyda olan tibbi personal yaralını xərəyə qoyub əməliyyat otağına cumdu. İçəridən həyəcanla xəbər gözlədiyimiz anlarda bacım əsəbi-əsəbi dilləndi:

– Aaa, bir ətək pul alıb kino çəkməklərinə bax bunların! Harda görünüb ki, yiyəsi gəlməmiş xəstəni əməliyyata aparalar? Dünya dərəbəylik-zaddı bəyəm? Bunun “UZİ”si var, rentgeni var, analizi, narkozu var, şöbə müdiri, baş həkimi var. Baş həkimin icra hakimiyyəti, Səhiyyə Nazirliyi var. Hərənin öz haqqı-hesabı var. Üstəlik sürücünün də bir tərəfdən yalvarmağı var ki, allah xətrinə gəlib bu allah bəndəsini götürün, çağırışlar tökülüb üstümüzdə qalıb.
Qəzalı sol ayağım sızıldadı, hirsindən aləmi qarışdırmış bacıma söhbəti dəyişmək üçün əttökən bir sual verdim:

– Yeni ilə nə arzulayardın?

Fikirləşmədən cavab verdi:

– Azərbaycanı bu günə qoyanların vətəndə müalicə olunmasını...
Bu ara qonağımız olan bioloq yeni il arzularını dilə gətirdi:

– Çaqqalların gendəyişməsinə qadağa qoyulsun! Çünki çöllükdən gəlib qaz sayğaclarını mənzilin kənarlarına qoyurlar. Sonra hoppanıb möhürü qırır və sayğacı sındırmısız deyə əhaliyə cərimə yazırlar.

“Gendəyişmə”dən bir şey anlamasam da, nəsə bu işdə SOCAR-ın əli olduğu ürəyimə damdı.

“WiFi”-ın parolunu öyrənməyə gəlmiş musiqi müəlliməsi həzin səslə söhbətə qarışdı:

– Hansı dövlət idarəsinə zəng vurursansa, robot adamı klassik musiqiyə bağlayır və sonra heç kim cavab vermir. Bu halda dəstəyə milli sərvətlərimizdən olan “üç badam bir qoz” verilsin ki, barı əlimiz boşda qalmasın.

Musiqi müəlliməsinin filoloq bacısı utana-utana müdaxilə etdi:

– “İt yiyəsini tanımır” atalar sözü ləğv olunsun. Çünki ölkəmizin bütün itləri nəinki yiyələrini, yiyələrinin yiyələrini də tanıyırlar. Mənbə: “Malades, sobaka!”
Mövcud işəgötürmə “qanunları” səbəbindən indiyə qədər ixtisası üzrə bircə gün işləyə bilməyən otuz üç yaşlı fəhlə mühəndis divarın çat yerlərini dolduraraq yorğun-yorğun gülümsədi:

– Xalq birləşsə, bütün arzular çin olar...

Şəhərimizin sevimli Sevda-Sevinc əkizlərindən hansınınsa həyətimizin pişiklərini əzizləyən səsi gəldi. Dərhal eyvana çıxıb məlum sualı verdim. Əlindəki bala pişiyi yerə qoyub dilləndi:
– Yeni ildə allah bizi bu hökumətə möhtac qoymasın. Havalar yaxşı keçsin, qışdan birtəhər salamat çıxa bilək.

“Amin!” deyib Cəvahir xalanı görməyə küçəmizin o biri tərəfindəki parka yollandım. Məhləmizin ağbirçəyi oturacağın üstündə toyuqları yemləyirdi. Təvazökarcasına hal-əhval tutub suala keçmək istəyəndə Cəvahir xala özü dərsimi verərək ibrətli bir dialoqa imza atdı:

– Qarabağ çox uzaqdadı, a bala?
– Yoox, həmişəki yerindədir, Cəvahir xala. Nə olmuşdu ki?
– Bəs bunlar Qarabağı almağa dünyanın o başındakı lissabonlara, brüssellərə niyə gedirlər ki?
– Yəqin siyasi yolla almaq istəyirlər, Cəvahir xala.
– Siyasət sürüşkən, uzun-uzadı şeydi, a bala. Nə zaman kimin əlində qalacağı bəlli olmaz. Ondansa yeni ildən rəsmi dövlət idarələri Qarabağa köçsün. Ha Bakıda oldu, ha Qarabağda, nə fərq edər ki? O idarələr onsuz da xalqın üzünə bağlıdır. Belədə heç olmasa Bakı tıxacdan nəfəs alar.

P.S. Bitməkdə olan ilin son yazısını xalqın müxtəlif fərdlərinin yeni il arzularına həsr etmək qərarına gəldim. Bütün hallarda yeni ilimiz mübarək!